Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5556/2025 08.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi, xidmət haqqının ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2020-ci il tarixli, 467C saylı “Avtomobil xidmətlərinin göstərilməsi haqqında” müqavilə (bundan sonra – Xidmət müqaviləsi) bağlanmışdır. Müqaviləyə görə Sifarişçinin (cavabdehin) sifarişi əsasında İcraçı (iddiaçı) Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarişçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Xidmət müqaviləsinin: 1.1. 2.1-ci bəndinə görə: 1.1.1. 24 saat ərzində “Sifarişçi”dən daxil olan sifarişləri qəbul etmək və onların icrasının təmin olunmasını təşkil etmək; 1.1.2. Sifariş zamanı Sifarişçi tərəfindən avtonəqliyyat vasitəsinin təqdim olunma vaxtı müəyyən edilibsə müəyyən edilmiş vaxtda, yaxud sifariş zamanı operator tərəfindən qeyd edilmiş vaxtda nəqliyyat vasitəsinin verilməsini təmin etmək; 1.1.3. Təcili sifarişlərə 30 dəqiqədən gec olmamaqla avtomobil təyin etmək; 1.1.4. Xidmətlərin göstərilməsi haqqında keçmiş ay üçün aylıq marşrutların açıqlamasının hər növbəti ayın birinci iş günü göndərilməsini təmin etmək İcraçının hüquq və öhdəlikləridir; 1.2. 2.2-ci bəndində görə: 2.2.1. Sifariş edilərkən operatorun bütün suallarını tam və düzgün cavablandırmaq (sifarişin icrası üçün qarşılama yerinin ünvanı, təyinat məntəqəsinin ünvanı, sifarişçi tərəfindən müəyyən marşrut seçilibsə marşrut haqqında məlumat, marşrut zamanı dayanacaqların mövcud olub olmaması və müddəti haqqında məlumat); 2.2.2. Təyin edilmiş vaxtda sifariş icra edilmədikdə sifarişi “189” nömrəsinə zəng etməklə sifarişi ödənişsiz ləğv etmək; 2.2.3. Göstərilmiş xidmətlər haqqında İcraçı tərəfindən təqdim olunan gediş haqqının açıqlamasının təqdim olunan gündən etibarən 3 (üç) iş günü ərzində imzalamaq və bir nüsxəsini kuryer vasitəsilə İcraçıya geri qaytarmaq və yaxud yazılı formada əsaslandırılmış etirazı bildirmək Sifarişçinin hüquq və öhdəlikləridir; 1.3. 2.2.4-cü bəndinə görə gediş açıqlamasının təqdim edildiyi gündən etibarən 3 (üç) iş günü ərzində etirazın daxil olmaması halında Xidmətlərin göstərilməsi haqqında təqdim edilmiş açıqlama Sifarişçi tərəfindən qəbul edilmiş, xidmətlər isə icra edilmiş hesab olunur; 1.4. 3.1-ci bəndinə görə Sifarişçi tərəfindən marşrut müstəqil şəkildə müəyyən edilir və “189” nömrəsinə ən azı 30 (otuz) dəqiqə əvvəl zəng etməklə sifariş qeydiyyatdan keçirilir; 1.5. 3.2-ci bəndinə görə İcraçı yalnız +994 55 335 55 25, +994 50 201 85 01 və +994 50248 77 77 telefon nömrələrindən Sifarişçinin sifarişi əsasında daxil olan sifarişləri icra edir; 1.6. 4-cü bəndinə görə göstərilən xidmətlərin dəyəri hazırkı Müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-də göstərilir. Sifarişçi qəbul edir və razılaşır ki, Xidmətlərin dəyərinə ƏDV daxil deyil və Xidmətin dəyərinin ƏDV-yə cəlb olunan hissəsinə, yəni Xidmətin dəyərinin 20% miqdarına əlavə olaraq hesablanacaqdır. Gedişlərin həcmindən asılı olmayaraq göndəriləcək hesab-fakturanın minimal dəyəri 70 manat təşkil edəcək (4.1-ci bənd). Hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir (4.2-ci bənd). Sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir (4.3-cü bənd).
2. Müqaviləyə əlavə edilmiş 1 nömrəli Əlavədə avtomobillə göstərilən “ekonom”, “komfort”, “biznes” və “pik saatları” “kəskin hava şəraiti”, “Yeni İİ gecəsi” ad altında qruplaşdırılmış xidmət növlərindən, həmçinin, kuryer xidmətinin göstərilməsinə, sifarişdən imtinaya, “Əlavə ödəniş qaydaları” adı altında Hava Limanına giriş, Hava Limanında gözləmə vaxtı 2-ci saata və Hava Limanında cavabdehin qonaqlarının stiker ilə qarşılanmasına, Hava Limanında qonaqların stiker ilə qarşılanmasına, helikopter meydançasına girişə, Yeni avtovağzala girişə, “İçəri şəhər” tarixi qoruğuna giriş və qalma müddətinə, “Sədərək” ticarət mərkəzinə girişə, mərkəzi küçələrdə pullu dayanacaqlara (parkinqlərə), “Dalğa Beach” İsitraət Mərkəzinə, “X2 Golden Beach” X1, “AAAF Park” Yaşayış kompleksinə (Xırdalan), habelə “eyni sifarişdə gedilmiş yolun geriyə qayıdarkən” adı altında yolun məsafəsində, əlavə yüklərə və “Nağdsız qaydada gedişlərə görə”, habelə “eyni sifarişdə gedilən yolu geriyə qayıdarkən” və “əlavə yük” adı altında xidmət haqqına görə tariflər müəyyənləşdirilmişdir.
3. Bundan başqa, iddiaçı tərəfindən 3 ədəd - ƏDV daxil, 64,87 manat pulun ödənilməsi tələbinə dair xx.xx.2020-ci il tarixli, **********9 nömrəli hesab-faktura, ona uyğun EBAM seriyalı, 603221 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə-faktura; ƏDV daxil, 1066,15 manat pulun ödənilməsi tələbnə dair xx.xx.2020-ci il tarixli, **********5 nömrəli hesabfaktura, ona uyğun EBAN seriyalı, 213020 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməfaktura və ƏDV daxil, 701,40 manat pulun ödənilməsi tələbinə dair xx.xx.2020-ci il tarixli, **********1 nömrəli hesab-faktura, ona uyğun EBAP seriyalı, 727729 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə-faktura cavabedehə göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 2536,28 manat əsas borc, 91,36 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz və 50 manat məbləğində dövlət rüsumunun, cəmi 2677, 64 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1713 C saylı müqaviləyə əsasən, Sifarişçinin sifarişi əsasında İcraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarişçi isə öz növbəsində bunun müqabilində müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir, 4.3-cü maddəsinə əsasən isə, Sifarişçi hesab-faktura elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 5 iş günü ərzində ödənişləri həyata keçirir. Onlar tərəfindən xidmətlərin tam yerinə yetirildiyinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamış, hazırda cavabdehin 2536,28 manat borcu qalmışdır. Müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə cavabdehə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini 13 aydan artıqdır (2024-cü ilin aprel ayından etibarən) ki, icra etməkdən qəsdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
23. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya daha çox şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir.
24. Tərəflər arasında Xidmət müqaviləsi bağlanması işin mübahisəsiz halıdır. Müqavilənin predmetini iddiaçıya aid avtonəqliyyat vasitələri ilə həmin müqavilənin 1 nömrəli Əlavəsində qeyd edilmiş xidmətlərin göstərilməsi təşkil etmişdir. Xidmət müqaviləsinin bağlanması ilə tərəflər arasında yaranmış hüquq münasibəti üzrə iddiaçının əsas öhdəliyi müqavilənin 1 nömrəli Əlavəsində qeyd edilmiş xidmətlərin yerinə yetirilməsi, icra edilmiş xidmətlərlər üzrə ödənişin ödənilməsinə əsas sənədlərin tərtib edilməklə nəzərdə tutulmuş qaydada və müddətdə cavabdehə təqdim etmək, cavabdehin isə əsas öhdəliyi göstərilmiş xidmətləri qəbul edərək dəyərini müqavilədə göstərilmiş müddətdə ödəməkdən ibarət olmuşdur.
25. Məhkəmə hesab edir ki, iddianın əsaslı olmasının yoxlanılması üçün Xidmət müqaviləsinin mühüm şərti kimi nəzərdə tutulmuş 1 nömrəli Əlavədə qeyd edilən xidmətlərin göstərilib-göstərilməməsi, göstərildiyi halda xidmət haqqının cavabdeh tərəfindən ödənilməsi ilə bağlı məsələlərin müəyyən edilməsi zəruridir. Bu şərtlərin yoxlanılması, həm də hər bir tərəfin öz öhdəliklərinin hansı həcmdə yerinə yetirilməsini də ehtiva etmiş olur.
26. Tərəflər arasında bağlanmış Xidmət müqaviləsinin 3.1 və 3.2-ci bəndlərində xidmətlərin göstərilməsi qaydası nəzərdə tutulmuşdur. Müqavilənin həmin bəndləri və 1 nömrəli Əlavə əsasında müəyyən edilir ki, iddiaçı xidmətləri sifarişçi (cavabdeh) tərəfindən marşrut müstəqil şəkildə müəyyən edilməklə və yalnız +994 55 335 55 25, +994 50 201 85 01 və +994 50248 77 77 telefon nömrələrindən “189” nömrəsinə ən azı 30 dəqiqə əvvəl zəng etməklə sifarişin qeydiyyatdan keçirilməsindən sonra yerinə yetirməlidir.
27. İddiaçı yerinə yetirdiyi xidmətlə dair xx.xx.2020-ci il tarixli, **********9 nömrəli hesab-faktura, xx.xx.2020-ci il tarixli, **********5 nömrəli hesab-faktura və xx.xx.2020-ci il tarixli, **********1 nömrəli hesab-faktura, habelə onlara uyğun olaraq cavabdehə 2020-ci ilin iyul avqust aylarında göstərilən xidmətlərin haqqının ödənilməsi məqsədilə, ümumilikdə 1832,10 manat dəyərində 3 ədəd elektron-qaimə fakturalar da göndərilmiş, həmin elektron qaimə-fakturaların cavabdeh tərəfindən geri qaytarılması isə məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. göndərdiyi elektron qaimə-fakturaları iş materiallarına əlavə etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən müxtəlif elektron qaimə-fakturalar əsasında iddiaçının bank hesabına ödənişlər edilsə də, yuxarıda qeyd edilən elektron qaimə-fakturalar üzrə heç bir ödəniş edilməmişdir.
28. İşin məhkəmədə baxılması zamanı cavabdeh məhkəmə iclasında iştirak etməklə, yaxud “Elektron məhkəmə” sistemi vasitəsilə iddiaçının idda ərizəsində qeyd etdiyi dəlillərlə, xidmətin göstərilməsinə dair iş materiallarına əlavə edilmiş sübutlarla bağlı hər hansı etirazını, yaxud iddiaçının işə əlavə etdiyi sübutları təkzib edəcək hər hansı sübutlarını məhkəməyə tədim etməmişdir. AR MPM-nin 106.2-ci maddəsində göstərilmişdir ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
29. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Xidmət müqaviləsi üzrə müəyyən edilmiş xidmətləri göstərmiş və bununla da öz öhdəliyini yerinə yetirmişdir.
30. Cavabdehin isə öhdəliyi göstərilən xidmətlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəmək olsa da, o, iddiaçı tərəfindən göstərilmiş xidmətin haqqını ödəməməklə öhdəliyini pozmuşdur. Xidmət müqaviləsinin 4.2 və 4.3-cü bəndlərinə görə hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir (4.2-ci bənd). Sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 5 iş günü ərzində ödənişləri həyata keçirir. Həmçinin, Xidmət müqaviləsinin 2.2.4-cü bəndinə görə gediş açıqlamasının təqdim edildiyi gündən etibarən 3 iş günü ərzində etirazın daxil olmaması halında Xidmətlərin göstərilməsi haqqında təqdim edilmiş açıqlama Sifarişçi tərəfindən qəbul edilmiş, xidmətlər isə icra edilmiş hesab olunur.
31. Tələbin dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin Xidmət müqaviləsi üzrə öhdəliklərini pozması ətraflı şərh edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öz öhdəliyini pozması məhkəmə araşdırması zamanı müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.
32. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 1832,10 manat əsas, borcun ödənilməsinin gecikdirilməsi üçün illik 5% məbləğində hesablanmış 326,43 manat faiz borcu olmaqla, cəmi 2158,53 (iki min yüz əlli səkkiz manat əlli üç qəpik) manat və ödənilmiş 42 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamə rəsmi qaydada verildikdən və bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı