Məhkəmə qərarları › İş №e-2-2(113)-5564/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5564/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5564/2023 25.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15450 (on beş min dörd yüz əlli) manat borc məbləğinin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında xx.xx.2023-ci il tarixdə 00209 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq malların alqı-satqısı həyata keçirilmişdir. Sifarişçi Cavabdeh MMC müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. EBDJ 615877, 11 iyul 2023-ci il tarixli qaimə üzrə 7350 (yeddi min üç yüz əlli manat), EBDK 201917, 19 iyul 2023-cü il tarixli qaimə üzrə 5670 (beş min altı yüz yetmiş manat), EBDN 151876, 30 avqust 2023-cü il tarixli qaimə üzrə 2430 (iki min dörd yüz otuz manat), ümumillikdə 15450 (on beş min dörd yüz əlli manat) vəsait bu günə kimi ödənilməmişdir. Qaimələrə əsasən cavabdehin borclu olduğu öz təsdiqini tapır. Bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı MMC xx.xx.2023-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə pretenziya məktubu ilə müraciət etmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğinin ödənilməsi xahiş olunmuşdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə 00209 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları alıcıya salır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti hesab-fakturalarda göstərilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malların həcmindən asılı olaraq Bakı şəhərində alıcının ünvanına çatdırılması üzrə xərclər vergilər və digər məcburi ödənişlər malların qiymətinə daxildir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bazar kanyunkturasında baş verən dəyişikliklərlə əlaqədar tərəflər qarşılıqlı surətdə bir-birini məlumatlandırmaqla malların qiymətlərinin dəyişdirilməsini həyata keçirə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən malların alıcının qəbul məntəqəsinə fiziki olaraq çatdırılması və aidiyyəti şəxs tərəfindən malların qəbulu sənədinin imzalanması malların təhvil verilməsi hesab edilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəniş valyutası Azərbaycan manatıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə e-qaimə təqdim edildiyi tarixdən 14 (on dörd) iş gün müddətində ödəniş həyata keçirilir. Mallara görə edilən ödənişlərdən hər hansı tutulmalara yol verilmir.

8. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 615877 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7350 manat (ƏDV daxil) təşkil edir.

9. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 201917 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5670 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 151876 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2430 manat (ƏDV daxil) təşkil edir.

11. İddiaçı tərəfindən iş materiallarına qeyd edilən elektron qaimələrin əsasında dayanan təhvil-təslim aktları əlavə edilmişdir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 10 (on) gün müddətində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir.

13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi

15. İddia tələbini Cavabdeh MMC-dən 15450 (on beş min dörd yüz əlli) manat borc məbləğinin tutulması təşkil edir.

16. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini (müqavilə üzrə e-qaimə təqdim edildiyi tarixdən 14 iş gün müddətində ödənişi həyata keçirməli olduğu halda, keçirmədiyini), nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 15450 (on beş min dörd yüz əlli) manat (7350+5670+2430=15450) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 15450 (on beş min dörd yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar