Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5570/2023 27.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, barter müqaviləsi, təhvil aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil 19015 manat təşkil edən əsas borcun, gecikdirilmiş hər günə görə 0,5 faizdən hesablanmaqla 36124,70 manat cərimə pulunun, 205 manat məbləğində mediasiya xərclərinin, 39 manat məbləğində dövlət rüsumunu, cəmi isə 55383,70 manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 06 noyabr 2022-ci il tarixli 14/20 №-li Müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə “..........Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təqdim edir. Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə əsasən malların satışını həyata keçirir.” Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Alıcıya 2022-ci ilin oktyabr ayında ümumi dəyəri 208 784,75 (iki yüz səkkiz min yeddi yüz səksən dörd, 75) manat (ƏDV daxil 246 366,00 (iki yüz qırx altı min üç yüz altmış altı, 00) manat ) təşkil edən Mallar təchiz edilmiş (EBCH seriyalı, 060136 №-li xx.xx.2022-ci il tarixli Elektron Qaimə). Müqavilənin 1.4-cü maddəsinə görə “Ödəniş mаllаrın Alıcının аnbarına göndərildiyi gündən 45 (qırx beş) gün ərzində və elektronqaimədə göstəriləп məbləğin 100% miqdarında avans оlаrаq Təchizatçının hesablaşma hesabına ödənilir.” EBCH seriyalı, 060136 №-li xx.xx.2022-ci il tarixli Elektron Qaimədə göstərilən mallar xx.xx.2022-ci il tarixində Təchizatçı tərəfindən Alıcıya təhvil verilməsinə və Malların təhvil verilmə tarixindən artıq 365 (üç yüz altmış beş) günlük müddətin keçməsinə baxmayaraq, Malların dəyəri Alıcı tərəfindən hələ də tam olaraq ödənilməmişdir. Bu günə Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında EBCH seriyalı, 060136 №-li xx.xx.2022-ci il tarixli Elektron Qaimə üzrə borcu 16 114,40 (on altı min bir yüz on dörd, 40) manat (ƏDV daxil 19015,00 (on doqquz min on beş, 00) manat ) manat təşkil edir. Müqavilənin 1.4-cü maddəsinə görə “Alıcı tərəfindən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,5% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq edəcəkdir”. Müqaviləninn 1.4-cü maddəsinə görə Cavabdehə təchiz edilən malların dəyəri xx.xx.2022-ci il tarixinədək ödənilməli idi. Cavabdeh tərəfindən ödənişin 320 gün gecikdirilməsini nəzərə alaraq, müqavilənin 1.4-cü bəndinə əsasən tərəfimizdən ödənişi geciktirilmiş məbləğin 0,5% həcmində olmaqla, cəmi 30424,00 (otuz min dörd yüz iyirmi dörd, 00) manat məbləğində cərimə hesablanmışdır. Cavabdehə xx.xx.2023-cü il tarixində Pretenziya məktubu göndərilmişdir, lakin Cavabdeh tərəfindən bu müraciətimiz bu günə kimi cavablandırılmamışdır. Bundan əlavə, Cavabdehə xx.xx.2023-cü il tarixində Mediasiya Prosesinin tətbiqi barədə Təklif göndərilmişdir. İddiaçı MMC-nin bu müraciəti də cavabsız olaraq qalmışdır. Mübahisənin Mediasiya qaydasında həll edilməsi məqsədilə, xx.xx.2023-cü il tarixində tərəfimizdən İlkin Mediasiya sessiyası üçün ərizə ilə 12 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Mediator Cavabdehlə dəfələrlə əlaqə saxlayaraq mediasiya sessiyasının keçirilmə vaxtı haqqında məlumatın verilməsi və Cavabdehin mediasiya sessiyasın dəvət edilməsinə baxmayaraq Cavabdeh mediasiya sissiyasında iştirak etməmişdir. Bununla belə, Mediasiya təşkilatı tərəfindən İddiaçıya Mediasiya Sessiyasında İştirak edilməməsi barədə Arayış təqdim edilmişdir. Cavabdehin danışıqlara getməməsi, Cavabdeh tərəfindən müraciətlərimizin cavablandırılmaması, telefon zənglərimizə cavab verməməsi onun yaranmış mübahisənin həllində, borc məbləğinin ödənilməsində maraqlı olmamasının göstəricisi kimi qiymətləndirilməlidir. Cavabdehlə yaranmış mübahisə danışıqlar yolu ilə həll edilmədiyindən borc məbləğinin və hesablanmış cərimələrinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Tərəfimizdən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada 200 manat məbləğində mediasiyaya dair və 5 manat poçt xərci ödənilmişdir. Qeyd etmək istəyirik ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, Cavabdeh MMC-dən ƏDV daxil 19015,00 manat təşkil edən əsas borcun, gecikdirilmiş hər günə görə 0,5 faizdən hesablanmaqla 30424 manat cərimə pulunun, 205 manat məbləğində mediasiya xərclərinin, cəmi isə 49 439, 00 (qırx doqquz min dörd yüz otuz doqquz, 00) manat məbləğində vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tələb etdikləri əsas borcun məbləği 19015 manat deyil, 19013 manatdır, iddia ərizəsində texniki yanlışlığa yol verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə təqdim etdikləri elektron qaimə üzrə borcun bir qismi cavabdeh tərəfindən barter müqaviləsi əsasında naturada avadanlıqların iddiaçıya verilməsi yolu ilə ödənilmiş, qalan 19013 manat borc bu günə qədər ödənilməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli 14/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir. Alıcı isə öz npvbəsində tərəflərin bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasənbu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq.
8. Müqavilənin 1.4-cü bəndinə əsasən ödəniş malların alıcının anbarına göndərildiyi gündən 45 gün ərzində və ya elektron-qaimədə göstərilən məbləğin 100% miqdarında avans olaraq təchizatçının hesablaşma hesabına ödənilir. Ödəniş bank vasitəsilə təchizatçının bu müqavilədə qeyd edilmiş bank rekvizitləri üzrə köçürmə yolu ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatında həyata keçiriləcək. Alıcı tərəfindən gecikdirilən ödənişə görə təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,5% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq ediləcəkdir.
9. Müqaviləyə 1 saylı Əlavədə iddiaçı tərəfindən cavabdehə təqdim ediləcək malların adları, miqdarı, qiyməti barədə məlumatlar qeyd olunmuşdur.
10. EBCH 060136 saylı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 246366 manat dəyərində mal təhvil verilmişdir.
11. 17.10.2022-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, cavabdeh iddiaçıdan 246366 manat dəyərində mal qəbul etmişdir (akt cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir).
12. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixində 14784,81 manat, xx.xx.2021-ci il tarixində 6939,16 manat, xx.xx.2021-ci il tarixində 4237,29 manat, xx.xx.2021-ci il tarixində 4238 manat, xx.xx.2021-ci il tarixində 26882,74 manat məbləğində ödəniş edilmişdir.
13. İddiaçı ilə cavabdeh arasında imzalanmış 01 mart 2023-cü il tarixli dəyişdirmə (barter) razılaşmasına əsasən müqavilə üzrə təchizatçı tərəfindən alıcıya 2022-ci ilin oktyabr ayında ümumi dəyəri 208784,75 manat (ƏDV daxil 246366 manat) təşkil edən mallar təchiz edilmişdir (EBCH seriyalı 060136 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə). Bu qaimə üzrə alıcı tərəfindən ƏDV xaric 3000 manat (ƏDV daxil 3540 manat) ödənilmişdir. Alıcı təchizatçı tərəfindən təchiz edildiyi malların dəyəri tam olaraq ödənilməmişdir və bu razılaşma bağlandığı tarixə müqavilə üzrə alıcının təchizatçıya borcu 205784,75 manat (ƏDV daxil 242826 manat) təşkil edir.
14. Razılaşmanın 4-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, alıcı tərəfindən cədvəldə göstərilən mallar təchizatçıya təqdim edilikdən sonra alıcının müqavilə üzrə təchizatçı qarşısında qalıq borcu 16112,71 manat (ƏDV daxil 19013 manat) təşkil edəcəkdir.
15. Cavabdeh tərəfindən iddiaçıya barter müqaviləsi ilə təhvil verilən mallara dair EBDA 595201 nömrəli xx.xx.2023-cü il tarixli (223813 manat) elektron qaimə təqdim edilmişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
27. Belə ki, iddia ərizəsində tələb edilən əsas borcun 19015 manat olması göstərilmiş, nümayəndə həmin borcun əslində 19013 manat olmasını təsdiq etmişdir.
28. Cavabdeh tərəfindən qalıq borcun 19013 manat təşkil etməsi cavabdeh tərəfindən də barter müqaviləsində qəbul edilmişdir.
29. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 19013 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən (19015 manat - 2 manat) təmin edilməli, cavabdehdən 19013 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
30. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.4-cü bəndinə əsasən hesablanmış 36124,70 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 900 manat məbləğində müəyyən edilməlidir.
35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 19013 manat məbləğində əsas borc, 900 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 205 manat mediasiya xərci cavabdehə, ödənilmiş 39 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 19013 manat məbləğində əsas borc, 900 manat cərimə, ödənilmiş 205 manat dövlət rüsumu, ümumilikdə 20118 (iyirmi min bir yüz on səkkiz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 39 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova