Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5578/2024 30.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pulun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlaka dəymiş zərərə görə 21.631 manat məbləğində sığorta ödənişinin, ekspert rəyinin alınması üçün ödənilmiş 250 manat xidmət haqqı və ödənilmiş 156 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 31 yanvar tarixli 2459 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsi qərara alınmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2024-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsi prosesinin aparılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaradılmışdır. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ləğv prosesindədir. Digər tərəfdən iş materiallarından görünür ki, "xxxx" ASC hazırkı iddianı xx.xx.2024cü il tarixdə, yəni cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsi prosesinə başlanıldıqdan sonra qaldırsa da, ilkin olaraq kreditor tələbinin qeydiyyata alınması ilə bağlı ləğvetmə komissiyasına müraciət etməmişdir. Halbuki Mülki Məcəllənin: 61.1-ci maddəsinə görə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. 61.4-cü maddəsinə görə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. Göründüyü kimi qanunun tələblərinə əsasən ləğvetmə prosesində olan hüquqi şəxsə qarşı kreditor tələb ilkin olaraq ləğvetmə komissiyasına irəli sürülməlidir. Yalnız ləğvetmə komissiyası kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5578/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5578/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver