Məhkəmə qərarları › İş №e-2-2(113)-5580/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5580/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5580/2025 05.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı ”borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı ”borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 84B saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hazırkı müqavilə əsasında Satıcı (iddiaçı) 3-cü maddədə göstərilən və gələcəkdə Mal adlandırılacaq sement növünü Alıcıya (cavabdehə) satır, Alıcı isə Malı alır və dəyərini ödəyir.Müqavilənin: 1.1. 3.1-ci bəndinə əsasən, Mal və Qiymətlər malın qəbul məntəqəsi ünvanları qeyd olunmaqla Müqaviləyə aid olan əlavələrdə göstərilir. 1.2. 3.2.1-ci bəndinə əsasən, Ödəniş Alıcı tərəfindən alınacaq hər Malın dəyərini 30 gün ərzində Satıcının bank hesabına (X4 ƏDV depozit hesabına) ödəmə yolu ilə həyata keçirilir. 1.3. 4.4-cü bəndinə əsasən, Alıcı sifariş etdiyi Malı iş saatları daxilində hər bir zaman qəbul edir, Yük-Nəqliyyat Qaiməsinə standart Möhür vurur və İmzası ilə təsdiq edir. X1 tərəzilərinin göstəriciləri əsas göstəricilər olaraq götürülür. 1.4. 5.1-ci bəndinə əsasən, Alıcı bütün əməliyyatlara görə Satıcıya Sifariş göndərir. X5 üçün müəyyən olunmuş Malı nəqliyyat vasitəsinə yükləmək üçün xəbərdarlıqdır. Sifariş müəssisəyə birbaşa, telefon zəngi, e-mail və ya internet sifariş vasitəsilə həftəlik göndərilə bilər. Sifariş aşağıdakı məlumatları əks etməlidir: 1.4.1. Malın qəbul məntəqəsinin yerləşdiyi yer 1.4.2. Alıcının Malın qəbul məntəqəsi üzrə əlaqələndirici şəxsin koordinatları 1.4.3. Hər iş gunu üzrə alınacaq Malın miqdarı

2. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında aktdan görünür ki, cavabdeh iddiaçıya cəmi 191826,49 manat (163199,19 manat əsas + 28627,3 manat ƏDV) borcu olduğunu qəbul etmiş, akt hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı, cavabdeh tərəfindən ödənilməmiş 191826,49 manat məbləğində əsas borcun və ödənilmiş 481,83 manat məbləğdə dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı ərizəsində göstərmişdir ki, tərəflər arasında 84B saylı xx.xx.2022-ci il tarixli sement məhsullarının alqı-satqısı müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı sement məhsullarını razılaşdırılmış vaxtda cavabdehə satmağı öhdəsinə götürmüşdür. Cavabdeh isə aldığı məhsulun dəyərini iddiaçıya vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh aldığı məhsulun dəyərini ödəməmişdir. Belə ki, cavabdehin hal-hazıradək ödənilməmiş 191826.49 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci tarixli müqavilənin cavabdeh tərəfindən aşağıda qeyd olunan bəndləri pozulmuşdur. Borcun ödənilməsi barədə cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq hal-hazıradək borcunu ödəməmişdir. Ona görə də, yaranmış borc məbləği Cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Maadə 121.1. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

20. Qeyd edilən müddəadan da (MM-nin 386.1-ci maddəsi) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

21. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

22. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 84B saylı alqı-satqı müqaviləsinə öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənyə əsasən, Satıcı (iddiaçı) müqavilənin 3-cü bəndində göstərilən və gələcəkdə Mal adlandırılacaq sement növünü Alıcıya (cavabdehə) satmağı, Alıcı isə Malı almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

23. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında aktdan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə ƏDV daxil, cəmi 100238,74 manat ödənilməmiş borcu mövcud olmuşdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçı tərəfindən cavabdehə ƏDV daxil cəmi, 261949,69 manat məbləğində sement növündə mallar təhvil verilmiş, cavabdeh tərəfindən həmin mallara görə ƏDV daxil, cəmi 170361,94 manat məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin xx.xx.2025-ci il tarixə iddiaçıya borcu, cəmi 191826,49 manat (163199,19 manat əsas + 28627,3 manat ƏDV) təşkil edir. Akt hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir.

24. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, müqavilə ilə razılaşdırılmış sement məhsullarını cavabdehə təhvil verməklə öhdəliyini yerinə yetirmişdir.

25. Lakin mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini tam icra etməmiş, aldığı mallarla bağlı qismən ödəniş etsə də, qalan məbləği ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən avadanlıqları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən, alınacaq hər Malın dəyərini 30 gün ərzində Satıcının bank hesabına (X3 ƏDV depozit hesabına) ödəmə ilə bağlı öhdəlik də götürmüşdür. Cavabdeh isə bağladığı müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Buna görə də, iddiaçı cəmi 191826,49 manat məbləğində pulun cavabdehdən tutulmasına dair hazırkı iddianı irəli sürməkdə haqlıdır.

26. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh müqavilə üzrə əsas borcu ödəsə də, hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı iddiaçının çəkdiyi xərcləri ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 191826,49 manat əsas borc və ödənilmiş 481,83 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar