Məhkəmə qərarları › İş №e-2-2(113)-5584/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5584/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5584/2025 14.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 2024/ASM/175 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən satıcı (iddiaçı) məhsulu alıcıya (cavabdehə) satır və çatdırır, Alıcı isə həmin məhsulu qəbul edib onun dəyərini satıcıya ödəyir. Müqavilənin: 1.1. 2-ci bəndinə əsasən, C3S(%) - 60±10; C3A(%) -4.5 ± 1; Sərbəst CaO(%) - 1.5 ± 1 (daşınma daxil) növündə, qiyməti ƏDV daxil 155,76 təşkil edən məhsul klinker qablaşdırma növündə Bakı şəhərində cavabdehə təhvil verilir. 1.2. 3-cü və 4-cü bəndinə əsasən, çatdırılma müddəti tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilir. Alıcı əvvəlcədən ödəniş şərti ilə aldığı halda X3 5 (beş) manat azaltma tətbiq edilir. 1.3. 5-ci və 6-cı bəndlərinə əsasən, Bu Müqavilə 20 Avqust 2024-cü il tarixindən qüvvəyə minir və 30 Aprel 2025-ci il tarixinədək qüvvəsini saxlayır. Hazırkı Müqavilə üzrə Tərəflər arasında yaranan münasibətlər X4 ilə tənzimlənir.

2. X2 əsasən: 2.1. Çatdırılma şərtlərinə əsasən, Satıcı alınan Mahsullan Müqavilə imzalandığı tarixdən Müqavilə ilə müəyyən edilən müddət ərzində Alıcıya çatdırır. Satıcı alınan Mahsullan Alıcının ərazisinə təhsil verdikdə, Məhsulların Alıcıya çatdırılması üzrə xərclər Müqavilə ilə müəyyən edilir. 2.2. Satıcı sementi taxta altlıqlarda Alıcıya təqdim edə bilər. Alıcıya təhvil verilən taxta altlıqlar satıcının mülkiyyəti hesab edilir və Alıcı tərəfindən geri qaytarıltr. Tərəflər təhvil verilən və qaytarılan taxta altlıqların sayını müvafiq əmtəə-nəqliyyat qaiməsində qeyd edirlər. 2.3. Satıcı Alıcıya çatdırılmış Məhsullara görə aşağıdakı sənədləri təqdim edir: Əmtəə-Nəqliyyat Qaiməsi; Elektron Qaimə və Keyfiyyət Sertifikatı (tələb edildikdə). 2.4. Alıcı, hər həftənin sonuncu iş günündə növbəti həftə üçün va ya hər növbəti gün üçün bir gün öncə saat 13:00-a qədər Satıcıya sifariş cədvəlini təqdim edir. Alıcı, daha əvvəl təqdim edilmiş X6 hər hansı bir gününə dəyişiklik etmək istəsə, dəyişiklik edilən gündən bir gün öncə saat 13:00-a qədər dəyişikliklər barədə bildirişi Satıcıya təqdim edir. Alıcı etdiyi bütün sifarişləri və/və ya dəyişiklikləri elektron poçt vasitəsi ilə Satıcıya təqdim edir və ya telefon vasitəsilə Satıcıya bildirir. Satıcı tərəfindən qəbul edilmiş sifarişlər Alıcı tərəfindən ləğv edilə bilməz. 2.5. Məhsulların dəyəri Alıcı tərəfindən əvvəlcədən (avans) ödəniş şərti ilə satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 2.6. Hər bir halda Alıcının satıcıya olan bütün borcları hər ilin 25 dekabr tarixinə qədər ödənilməlidir. Ödəniş gecikdirildiyi halda. Satıcı, gecikdirilən hər gün üçün gecikdirilmiş ödənişin 0,1 %-i miqdarında cərimənin və bununla bağlı yaranan inzibati xərclərin ödənilməsini Alıcıdan tələb edə bilər. 2.7. Satıcı Alıcıya təchiz etdiyi Məhsulların müvafiq standart və tələblərə uyğun olmasına zəmanət verir və buna dair müvafiq keyfiyyət sertifikatları və tələb oluna bilən bütün digər sənədləri təqdim edə bilər.

3. İş materiallarına əlavə edilmiş və hər iki tərəfdən imzalanmış 12 ədəd əmtəənəqliyyat qaimələrindən görünür ki, müxtəlif çəkidə mallar çatdırılma üçün cavabdehin ünvanına göndərilmişdir.

4. İddiaçı tərəfindən cavabdehə ƏDV daxil - 3668,57 manat məbləğində MT2410 seriyalı, 11798278 nömrəli; 3656,58 manat məbləğində MT2411 seriyalı, 10923252 nömrəli; 4160,11 manat məbləğində MT2410 seriyalı, 11413437 nömrəli; 3857,39 manat məbləğində MT2411 seriyalı, 11289017 nömrəli – ümumilikdə 15342,65 manat məbləğində elektron qaimələr göndərilmişdir.

5. İş materiallarına əlavə edilmiş köçürmənin aparılmasına dair bildirişlərdən görünür ki, cavabdeh tərəfindən ümumilikdə 2610 manat məbləğində pul vəsaiti iddiaçının ƏDV üzrə hesabına köçürülmüşdür.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı cavabdehdən X1 12247,13 manat məbləğində borcun, 1980 manat cərimənin, 325 manat vəkil xərcinin və 132,68 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında 20 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı öz istehsal etdiyi klinkerin və ya AZS EN 197-1:2021(EN 197-1:2011) uyğun semennt cavabdehə satılmasını, cavabdeh isə malları qəbul edib onların dəyərini iddiaçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. Sözügedən Müqavilənin “Qiymət və Ödəmə Şərtləri” bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% (sıfır tam onda bir) miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. Həmin Müqaviləyə əsasən hazırda cavabdeh iddiaçıya 12247.13 manat məbləğində (11,294.18 AZN borc+ 952.95 AZN ƏDV) əsas borc və 1980 manat məbləğində cərimə, ümumilikdə 14227,13 (on dörd min iki yüz iyirmi yeddi manat on üç qəpik) məbləğində pul ödəməlidir. Həmçinin cavabdehdən iddiaçının xeyrinə 132.68 manat məbləğində ödənilmiş dövlət rüsumu və 320 AZN məbləğində vəkil xərci tutulmalıdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etraz etmədiyini bildirmiş və işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

17. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

24. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

25. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

26. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 2024/ASM/175 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş növdə mallar əmtəə-nəqliyyat qaimələri əsasında cavabdehə təhvil verilmiş, habelə müqaviləyə uyğun olaraq ödənişin edilməsi üçün elektron qaimə-fakturalar cavabdehə təqdim edilmişdir.

27. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil - 3668,57 manat məbləğində MT2410 seriyalı, 11798278 nömrəli; 3656,58 manat məbləğində MT2411 seriyalı, 10923252 nömrəli; 4160,11 manat məbləğində MT2410 seriyalı, 11413437 nömrəli; 3857,39 manat məbləğində MT2411 seriyalı, 11289017 nömrəli – ümumilikdə 15342,65 manat məbləğində elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən ümumilikdə 2610 manat məbləğində pul vəsaiti iddiaçının ƏDV üzrə hesabına köçürülmüşdür.

28. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə ilə malların cavabdehə təhvil verilməsinə dair üzərinə götürdüyü öhdəliyini lazımınca icra edərək malları təhvil vermişdir. Tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə əsasında malları almasına dair hüququndan istifadə etsə də, onun dəyərini ödəməli olmasına dair vəzifəsini (öhdəliyini) lazımınca yerinə yetirməmiş, malların bir qismini ödəsə də, aldığı malların dəyərini tam şəkildə satıcıya ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı 12247,13 manat məbləğində əsas borcun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır.

29. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.

30. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

31. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi xidmət göstərilməsi məqsədi ilə iddiaçı tərəfindən “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 325 manat, işə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 132,68 manat dövlət rüsumu ödənilmişdir.

32. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh X1 12247,13 manat borc, 1980 manat cərimə, 325 manat vəkil xərci və 132,68 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar