Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-559/2020 16.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC (“xxxx” ASC-nin əvvəlki adı) Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 761.754 manat məbləğində əsas borcun, 485.168,63 manat məbləğində cərimənin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 1.246.952,63 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan avadanlıqların saz vəziyyətdə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 35-LA/12 və xx.xx.2013-cü il tarixli 28-LA/13 nömrəli müqavilələrə əsasən cavabdeh satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 1.806.034 manat olmaqla 2 ədəd texnoloji avadanlıq lizinqə götürülmüşdür. Həmin avadanlıqlara görə cəmiyyətin hesabına 36.800 manat məbləğində ilkin ödəniş etmiş, qalan 1 769.234 manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, bu ödəniş qrafiki əsasən 1.225 553 manat ödənilməli olduğu halda, cəmi 463.799 manat ödəniş olunmuşdur. Müqavilə üzrə xx.xx.2019-cu il tarixədək 761.754 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 485.168,63 maant məbləğində cərimə borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş xəbərdarlıq cavabsız qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə Lizinq verən (İddiaçı» ASC) lizinq alandan (Cavabdeh MMC) gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Cavabdehin ödəniş qrafikləri üzrə xx.xx.2019-cu il tarixədək hesablanmış əsas borcu 761.754,00 (yeddi yüz altmış bir min yeddi yüz əlli dörd) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu isə 485.168,63 manat təşkil edir. Sonradan məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 968.754 manat məbləğində əsas borcun, 485.168,63 manat məbləğində cərimənin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 1.453.952,63 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan avadanlıqların saz vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1.123.258,00 manat əsas borcun, 395.974,00 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 1.519.262,00 manat mələğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 35-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən qalıq dəyəri 1.070.504 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən fındıq emalı avadanlığını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətədək lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın qalıq dəyərini ödəniş qrafikində göstərilən qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28-LA/13 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi dəyəri 735.553 manat olan fındıq emalı avadanlıqlarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığının dəyərindən 36.800 manat məbləği əvvəlcədən ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən qaydada ödəməyi öhdəsinə götürür.Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin x xxxxxxxx 2020-ci il tarixli, 9/2310 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlardan göründüyü kimi, tərəflər arasında imzalanmış xx.xx.2012-ci il tarixli 35-LA/12 saylı və xx.xx.2013-cü il tarixli, 28-LA/13 saylı lizinq müqavilələrinin qeyd edilən şərtləri üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə xx xxxxxxxx 2020-ci il tarixə olan gecikdirilmiş əsas borcu 1.069.338 manat məbləğində müəyyən edilir, o cümlədən: 1.497.337 manat - 427.999 manat=1.069.338 manat müəyyən edilmişdir. - «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh MMC-nin arasında bağlanmış xx.xx.2012-ci il tarixli 35-LA/12 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 716.258 manat, xx.xx.2013-cü il tarixli 28-LA-13 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 802.974 manat təşkil edir. - İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Pezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı İddiaçı ASC) ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixli 35- LA/12 nömrəli və xx.xx.2013-cü il tarixli 28-LA-13 nömrəli lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti həmin müqavilələrdə göstərilmiş avadanlıqları Cavabdeh MMC-yə təhvil verməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh MMC-nin ASC-yə həmin müqavilələr üzrə borcu yaranmışdır. Borcun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh MMC-nin İddiaçı ASC-yə xx xxxxxxxx 2020-ci il tarixə olan gecikdirilmiş əsas borcunun 1.069.338 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixə Cavabdeh MMC-nin iki müqavilə üzrə gecikdirilmiş borcunun 1.069.338 manat məbləğində olmasının müəyyən edildiyini, eləcə də qətnamənin çıxarıldığı tarixə həmin borca 2020-ci ilin 3-cü rübü üçün xx.xx.2012-ci il tarixli 35-LA/12 saylı müqaviləyə əsasən hesablanmalı olan 33.000 manat və xx.xx.2013-cü il tarixli 28-LA/13 saylı müqaviləyə əsasən hesablanmalı olan 18.500 manat məbləğində borcların əlavə edilməli olduğunu nəzərə alaraq hesab edir ki, qətnamənin çıxarıldığı tarixə mübahisəli lizinq müqavilələri üzrə cavabdehin iddiaçıya gecikdirilmiş borcu 1.120.838 manat (1.069.338+18.500+33.000) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC-nin xx.xx.2012-ci il tarixli 35-LA/12 nömrəli və xx.xx.2013-cü il tarixli 28-LA-13 nömrəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, həmin müqavilələr üzrə Cavabdeh MMC-nin iddiaçı “xxxx” ASC-yə gecikdirilmiş əsas borcunun 1.120.838 manat məbləğində olduğunu, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, Cavabdeh MMCdən 1.120.838 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində lizinq müqavilələri üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə həmin müqavilələrin 4.2-ci bəndinə əsasən hesablanmış 395.974 manat məbləğində cərimənin Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin lizinq ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul məbləğinin 45 (qırx beş) manat hissəsi iddiaçı “xxxx” ASC-dən , qalan 100 (yüz) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1.120.838 manat (bir milyon yüz iyirmi min səkkiz yüz otuz səkkiz) məbləğində əsas borc və 50.000 (əlli min) manat məbləğində cərimə, cəmi 1.170.838 (bir milyon yüz yetmiş min səkkiz yüz otuz səkkiz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul məbləğinin 45 (qırx beş) manat hissəsi iddiaçı “xxxx” ASC-dən , qalan 100 (yüz) manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-559/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-559/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver