Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5594/2023 20.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 95 099,27 AZN məbləğində əsas borcun və 10 936 AZN məbləğində cərimə borcunun, habelə 400 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 0098/05082021-KZ nömrəli, xx.xx.2021 tarixli alğı-satqı müqaviləsinə əsasən Satıcı İddiaçı MMC, alıcı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına sifariş edilmiş malları satmağı, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə təhvil alınmış malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qoşmaya bərkidilmiş aşağıdakı elektron qaimələrdən göründüyü kimi 411341,95 AZN əsas borc, 74041,55 AZN ƏDV borcu olmaqla ümumi 485383,50 AZN dəyərində mallar borclu "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına təhvil verilmişdir. Ümumi olaraq təhvil verilmiş mallara görə ƏDV daxil 390 284,23 AZN ödəniş edilmişdir. Həmçinin 95 099,27 AZN borcu təsdiqi barədə üzləşmə aktı da Cavabdeh tərəfindən imzalanmışdır. Buradan görünür ki, yekun olaraq "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ƏDV daxil 95 099,27 AZN məbləğində borcu qalmışdır və 115 gündən çoxdur ki, borcun ödənişindən əsassız imtina etməkdədir. Onu da qeyd edək ki, Müqavilənin 4.5-ci bəndlərinə əsasən öhdəliyini gecikdirən tərəf, digər tərəfə hər gecikmə gününə görə öhdəliyin dəyərinin 0.1%-ı həcmində cərimə ödəməlidir. Müqaviləyə uyğun olaraq 115 gündən çoxdur ki, ödənişi gecikdirilən 95 099,27 manata görə əlavə 10 936 AZN cərimə də Borcludan tutularaq Tələbkara ödənilməlidir .
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
II. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış 05 avqust 2021-ci il tarixli 0098/05082021-KZ nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə qoşmalarda göstərilmiş malları alıcıya satmağa, alıcı isə həmin malları qoşmalarda göstərilən qiymətə satıcıdan satın almağa razılığını bildirir.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir.
9. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri müqaviləyə qoşmalarda müəyyən edilmiş məbləğlərin cəmindən ibarətdir.
10. Müqavilənin 4.5-ci bəndinə əsasən alıcı mallar üzrə ödənişləri bu müqavilənin qoşmalarında müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, satıcının hər gecikdirilmiş günə görə ödənilməyən məbləğin 0,1 faiz məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır.
11. 27.07.2022-ci il tarixli müqaviləyə 1 və 2 saylı əlavələrdə təhvil veriləcək malların adı, qiyməti, ödəniş şərtləri göstərilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə EBDG 417220 nömrəli xx.xx.2023-cü il tarixli (154099.27 manat), EBBH 190204 nömrəli xx.xx.2021-ci il tarixli (5223.62 manat), EBCC 402485 nömrəli xx.xx.2022-ci il tarixli (159764.31 manat), EBCG 413044 nömrəli xx.xx.2022-ci il tarixli (166296.30 manat), EBBH 190204 nömrəli xx.xx.2021-ci il tarixli (5223,62 manat), EBCC 402485 nömrəli xx.xx.2022-ci il tarixli (159764.31 manat), EBCG 413044 nömrəli xx.xx.2022-ci il tarixli (166296.30 manat), EBDG 417220 nömrəli xx.xx.2023-cü il tarixli (154099.27 manat) elektron qaimələr təqdim edilmişdir.
13. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu 95099,27 manat təşkil edir.
14. İddiaçıya məxsus bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 1736 manat, xx.xx.2022-ci ildə 42165,60 manat, xx.xx.2022-ci ildə 60991,83 manat, xx.xx.2022-ci ildə 11228 manat, xx.xx.2022-ci ildə 60000 manat, xx.xx.2021-ci ildə 2690,80 manat, xx.xx.2023-cü ildə 101937,12 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 30000 manat vəsait ödənilmişdir.
15. İddiaçıya məxsus ƏDV hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci ildə 312,48 manat, xx.xx.2021-ci ildə 484,35 manat, xx.xx.2022-ci ildə 7589,80 manat, xx.xx.2022-ci ildə 13678,53 manat, xx.xx.2022-ci ildə 2021,04 manat, xx.xx.2022-ci ildə 8100 manat, xx.xx.2023-cü ildə 18348,68 manat, xx.xx.2023-cü ildə 9000 manat, xx.xx.2023-cü ildə 5400 manat ƏDV ödənilmişdir.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli 0098/05082021-KZ nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 95099,27 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli 0098/05082021-KZ nömrəli alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hesablanmış 10936 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 4700 manat məbləğində müəyyən edilməlidir.
34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 95099,27 manat məbləğində əsas borc, 4700 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 95099,27 manat məbləğində əsas borc, 4700 manat dəbbə pulu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 100199,27 (bir yüz min bir yüz doxsan doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova