Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-56/2023 22.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili İddiaçı1 cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı artıq ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı2 cavabdeh "xxxx" ASC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Beynəlxalq Bankına artıq ödədiyi 6803 manat pulun geri qaytarılması, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil Bürosuna ödədiyi 204 manat, ümumilikdə 7007 manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (mediasiya ilə bağlı xərcin) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o 05 Avqust 2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankı ilə 18 ay müddətinə 35.000 manat məbləğində kredit xəttindən istifadəyə görə illik 18 faiz ödəmək şərti ilə kredit götürmüşdür. Kreditin təminatı kimi banka qardaşı X3 məxsus ünvan 1 ünvanında olan evini ipoteka qoymuşdur. Götürdüyü kredit üzrə aylıq 2347,55 manatı hər ay, demək olar ki, koronavirus pandemiyası başlayana qədər ödədi. Pandemiya başlayan zaman onun da sahibkarlıqla məşğul olduğu sahə ziyan çəkməyə başladı. 18 mart 2020-ci il tarixdən mağazalarını bağladılar və heç bir iş ilə məşğul olmadılar. Sahibkarlıqla məşğul olan şəxslərin düşdüyü zərərin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncam imzaladı. Həmin sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edildi. Təsdiq edilmiş tədbirlərə əsasən fiziki şəxslərin və biznesin, xüsusilə pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, bu məqsədlə bankların requlyativ yükünün azaldılması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, pandemiya dövründə iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması, kapital bazarı iştirakçılarına requlyativ tətillərin və güzəştlərin verilməsi nəzərdə tutulmuşdur. Fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilmişdir. Bununla yanaşı, kredit təşkilatlarına əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir. Bütün nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq məqsədilə o 2020-ci ilin dekabr ayının 29-da Azərbaycan Beynəlxalq Bankına götürdüyü kreditin restrukturizasiya edilməsi barədə müracət etdi. Sonra dəfələrlə götürdüyü kreditin restruktrurizasiya üçün banka getsə də, geri qaytardılar. Nəhayət 04 may 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı ilə 0440/K nömrəli yeni müqavilə bağladı. Yeni müqavilə bağlanarkən bank tərəfindən yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinin nəzərə alınmadığını, bankdan götürdüyü kreditin pandemiya dövründə hesablanması ilə yanaşı əlavə pul və faizlər hesablanmasının şahidi oldu. Belə ki, pandemiya başlayana qədər o bank hesabına 16.432,85 manat pul ödədi ki, bunun da 13.343,53 manat əsas borc, 3089,32 manatı faiz olaraq hesablanıb. Pandemiya başlayandan sonra AR Prezidentinin, Nazirlər Kabineti qərarının və Mərkəzi bankın tövsiyəsinə uyğun olaraq ödənişlərini saxladı. 04 may 2021-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından götürdüyü krediti restruktrurizasiya edilməsi üçün yeni kredit müqaviləsi bağladı. Bu zaman ondan 6803 manat əlavə olaraq pul ödənilməsinini tələb etdilər. Bunun qanunsuz və əsassız olduğunu bildirdiyində, ona kredit müqaviləsinin restruktrizasiya etməyəcəklərini bildirdilər. Əlavə faizlərin və cərimələrinin yaranmasının qarşısını almaq və ipoteka qoyulmuş evi bankın girovdan çıxarmaq məqsədilə hesabladıqları qanunsuz əlavə ödənişləri ödəmək məcburiyyətində qaldı. Hesab edir ki, bankın qeyri-qanuni və əsassız hesablandığı ödənişlər geri qaytarılmalıdır. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi məhkəməyə arayış təqdim edərək, arayışda qeyd edilənləri bankın iş üzrə mövqeyi kimi nəzərə alınmasını xahiş etmiş və arayışda qeyd edilmişdir ki, Bankın Sənaye filialı və iddiaçı arasında xx.xx.2019-cu il tarixində imzalanmış, 765 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə, dövriyyə vəsaitinin artırılması məqsədilə 35.000 manat məbləğində kredit iddiaçıya xx.xx.2019-cu il tarixində verilib; iddiaçı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində ödənişlər etmişdir. Bu ödənişlər müqaviləyə əsasən faiz borcu və əsas borca yönəldilmişdir. Qeyd etmək lazımdır ki, bu ödənişlər üzrə cərimə faizinə yönəldilmə aparılmayıb (istisna olaraq xx.xx.2020- ci il tarixli ödəniş yubanma (gecikmə) ilə olduğu üçün 1,94 manat cərimə faizi tutulub); xx.xx.2020-ci il tarixindəki ödənişdən sonra iddiaçı tərəfindən uzun müddət ödənişlər edilməmişdir. xx.xx.2020-ci il tarixindən sonra növbəti ödəniş xx.xx.2021-ci il tarixində edilmişdir. Bu tarixdəki ödəniş müqaviləyə əsasən faiz borcuna yönəldilmişdir. Qeyd etmək lazımdır ki, bu ödəniş zamanı 265 gün yubanma olmağına baxmayaraq edilmiş tövsiyəyə əsasən demək olar ki, cərimə faizi tutulmamışdır (cərimə faizi həddindən artıq çox cüzi məbləğdə - 0,98 manat, yəni 98 qəpik olmuşdur); xx.xx.2020-ci il tarixindən sonra da uzun müddət İddiaçı tərəfindən ödənişlər edilməmişdir. Növbəti addım olaraq xx.xx.2021-ci İl tarixində iddiaçı ilə 0440/K nömrəli yeni kredit müqaviləsi bağlanılmışdır. Bu kredit müqaviləsinin təyinatı bank ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə 23.645,92 məbləğində qalıq borcun bağlanılması olmuşdur; 0440/k nömrəli yeni müqavilənin xx.xx.2021-ci il tarixində bağlanılmasına baxmayaraq bank müvafiq vəsaiti iddiaçıya dərhal ödəyə bilməmişdir, çünki iddiaçının əvvəlki kredit üzrə ödənilməmiş faiz borcu və cərimə faizləri qalmışdır. Həmçinin iddiaçının DSMF-yə ödənilməli olan ödənilməyən ödənişləri qalmışdır. Buna görə də İddiaçıya hesabını möhkəmləndirmək üçün vəsaitlərin ödənilməsinin məqsədəuyğun olması bildirilmişdir. İddiaçı yeni kredit üzrə vəsaiti əldə etmək, əvvəlki faiz borcu, cərimə faizləri və DSMF ödənişlərini bağlamaq üçün öz növbəsində xx.xx.2021-ci il tarixində 6175 manat vəsaiti, xx.xx.2021-ci İl tarixində isə 628 manat vəsaiti, ümulikdə 6803 manat vəsaiti hesaba daxil etmişdir. Bu 6803 manat üzrə: xx.xx.2021-ci il tarixində 662,36 manat vəsait DSMF-yə yönəldilib; xx.xx.2021-ci il tarixində 424,54 manat vəsait DSMF-yə yönəldilib; xx.xx.2021-ci il tarixində 5.691,33 manat vəsait əvvəlki kredit üzrə faiz borcuna (3.028,61) və cərimə faizinə (2.662,72) yönəldilib; xx.xx.2021-ci il tarixində 24 manat vəsait yeni kredit üzrə komisyon haqqa yönəldilib. Bundan sonra bank tərəfindən xx.xx.2021-ci il tarixində iddiaçının hesabına yeni kredit üzrə 23.645,92 manat vəsait köçürülüb; xx.xx.2021-ci il tarixində İddiaçı hesabına 119 manat vəsait daxil edib. Bu vəsait üzrə xx.xx.2021-ci il tarixində 118,23 manat əvvəlki kredit üzrə faiz borcuna yönəldilib. Nəhayət, xx.xx.2021-ci il tarixində iddiaçı 23.705,03 manat ödəniş edib, bu ödəniş üzrə 23.645,92 manat əsas borcun bağlanılmasına, 59,11 manat isə faiz borcuna yönəldilib. Beləliklə, bank ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin 6.2-ci maddəsinə, xx.xx.2021-ci il tarixli kredit müqavilənin 1.2-ci maddəsinə əsaslanaraq, həmçinin yuxarıdakı 8 bənddə qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, bank tərəfindən aparılan əməliyyatlar tərəflər arasında bağlanılmış müqaviləyə və qanunvericiliyə uyğun olmuşdur. Bu isə o deməkdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 6.803 manat vəsaitin qanunsuz ödənilməsi tələbi tamamilə əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi sonuncu ekspert rəyi ilə müəyyən edilmiş artıq ödəniş məbləği iddia tələblərindən aşağı məbləğdə olsa da, yəni həmin rəy iddiaçı tərəfi tam qane etməsə də, rəyə etirazlarının da olmadığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia tələbi qeyri-müəyyəndir. İddiaçıya cərimə borcu hesablanmayıb. İddiaçı pandemiya dövründə ödəniş etməyib və faiz borcu yığılıb. Bununla bağlı arayış təqdim etmişlər. İddiaçıya yalnız müəyyən miqdarda ödəniş etdikdən sonra kreditin restrukturizasiya ediləcəyi bildirilib və iddiaçı 6.175 manat məbləğində ödəniş edib, daha sonra xx.xx.2021-ci il tarixdə hesabın möhkəmləndirilməsi üçün 628 manat pul ödəyib. Həmin bu vəsaitin 4.000 manat məbləğə yaxın hissəsi faiz borcundan silinib. xx.xx.2021-ci il tarixdə 23.645 manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Faiz borcu silinməsə idi, restrukturizasiya mümkün deyildi. Müqavilə xx.xx.2021-ci il tarixdə bağlanıb, lakin müqavilə bağlanan hesabın üzərində sərəncam var idi. Bununla bağlı restrukturizasiya xx.xx.2021-ci il tarixdə həyata keçirilib. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə İddiaçı2 (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 765 kredit xətti müqaviləsindən görünür ki, (1.1-ci bəndə görə) borc verən borc alana 18 ay müddətində (xx.xx.2021-ci il tarixədək) 35.000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 18% ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə görə kredit xəttinin təyinatı: Dövriyyə vəsaitlərinin artırılması. 3.1-cü bəndinə görə bu müqaviləyə əsasən verilən kredit üzrə əsas borcun ümumi məbləği 1.1-ci bənddə müəyyənləşdirilən kredit limitinin məbləğini aşa bilməz. 3.2-ci bəndinə əsasən kredit xətti üzrə mövcud olan əsas borc 1.1-ci bənddə göstərilən tarixdən gec olmayaraq borc alan tərəfindən tam olaraq borc verənə qaytarılır. Kredit xətti üzrə faktiki istifadə edilmiş kredit məbləğinə faizlər, kredit üzrə borcun yarandığı gündən etibarən, hər ayın ilk tranşdan istifadə olunduğu günü borc alan tərəfindən borc verənə ödənilir. 3.4-cü bəndinə əsasən faizlərin son ödənişi kreditin son ödənişi ilə eyni vaxtda həyata keçirilir. 3.8-ci bəndinə əsasən kredit xəttindən isifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan borc verənə gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 misli miqdarında iliik faiz dərəcəsi ilə penya ödəyir. 7.1-ci bəndinə görə bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Müqavilə borc verənin imzası və möhürü, borc alanın isə imzası ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsinə əlavə 1 olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən İddiaçı2 tərəfindən kredit xətti müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 35.000 manat, faizin məbləği 4.908,28 manat, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla cəmi ödəniləcək məbləğ 39.908,28 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc verənin imzası və möhürü, borc alanın isə imzası ilə təsdiq edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə İddiaçı2 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0440/K saylı kredit müqaviləsindən görünür ki, (1.1-ci bəndinə görə) borc verən borc alana 24 ay müddətində (xx.xx.2023-cü il tarixinədək) 23.645,92 manat məbləğində, kreditdən istifadəyə görə illik 18% ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə görə kreditin təyinatı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (borc verən) ilə İddiaçı2 (borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə 23.645,92 manat məbləğində qalıq borcun bağlanması. 3.2-ci bəndinə görə kreditin verildiyi tarixdən ilk 4 aylıq dövr ərzində borc alana güzəşt müddəti müəyyən edilir, kredit üzrə bu müddət ərzində əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Qeyd edilən müddət ərzində yalnız kredit məbləğinə hesablanan faizlər kredit üzrə borcun yarandığı gündən etibarən hər ayın 4-ü borc alan tərəfindən borc verənə ödənilir. Güzəşt müddəti bitdikdən sonra növbəti aydan etibarən kredit üzrə borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. 3.4-cü bəndinə əsasən faizlərin son ödənişi kreditin son ödənişi ilə eyni vaxtda həyata keçirilir. 3.5-ci bəndinə əsasən bu müqavilə üzrə borc alana verilən kreditin qaytarılması və ona hesablanmış faizlərin ödənilməsi müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın borc verəndəki müvafiq cari hesabına nağd və ya köçürmə yolu ilə mədaxil edilməsi və borc verən tərəfindən bu müqavilənin 3.6-cı bəndində göstərilən ardıcıllığa müvafiq olaraq silinməsi yolu ilə həyata keçirilir. 3.6-cı bəndinə əsasən borc alanın xeyrinə həyata keçirilən ödəniş onun borc verən qarşısında cari tarixə bu müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayət etmədikdə, müvafiq pul vəsaitləri borc alanın borc verən qarşısında bu müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıqla yönəldilir: 3.6.1. birinci növbədə - məhkəmə və ya məhkəmədənkənar qaydada tələbin irəli sürülməsi və bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasına nail olmaq üçün borc verənin xərcləri; 3.6.2. ikinci növbədə - cərimə, penya; 3.6.3. üçüncü növbədə - hesablanmış faizlər; 3.6.4. dördüncü növbədə - əsas borc. Bu bənddə qeyd olunan ardıcıllıq borc verən tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. 3.8-ci bəndinə əsasən kredit xəttindən isifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 misli miqdarında iliik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. 7.1-ci bəndinə görə bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Müqavilə borc verənin imzası və möhürü, borc alanın isə imzası ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli 0440/K saylı kredit müqaviləsinə əlavə 1 olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən İddiaçı2 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 23.645,92 manat, faizin məbləği 5.081,86 manat, sonuncu ödəniş tarixi xx.xx.2023-cü il olmaqla cəmi ödəniləcək məbləğ 28.727,78 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc verənin imzası və möhürü, borc alanın isə imzası ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən göstəriləcək hüquqi yardıma görə 204 manat məbləğində pul vəsaiti Xırdalan şəhər Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 331 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı2 "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə istifadə olunub 35.000 manat, ödənilmiş əsas borc 35.000 manat, ödənilmiş faiz 8.054,87 manat, ödənilmiş cərimə faizi 2.665,64 manat, ödənilməmiş əsas borc 0.00 manat, borc üzrə cəmi tələb edilən məbləğ 0 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 9/4219 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 765 saylı kredit xətti müqaviləsi üzrə borcalanın banka olan borcu xx.xx.2021-ci il tarixə əsas borcu 0.00 manat, faiz borcu 0.00 manat, artıq ödəniş məbləği 6.626,60 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2023-cü il tarixli, 9/7066 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 765 saylı kredit xətti müqaviləsi üzrə borc alanın xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 23.643,04 manat, faiz borcu 1.739,43 manat, xx.xx.2021-ci il tarixə əsas borcu 0.00 manat, faiz borcu 0.00 manat, artıq ödəniş məbləği 3.732,44 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı2 iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı2 (borc alan) ilə cavabdeh "xxxx" ASC (borc verən) arasında xx.xx.2019-cu il tarixli, 765 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC İddiaçı2 müqavilədə müəyyən edilmiş şərtlərlə 35.000 manat məbləğində kredit xəttinin açılmasını, İddiaçı2 isə kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında xx.xx.2021-ci il tarixli 0440/K saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə qalıq borcun bağlanması məqsədilə İddiaçı2 24 ay müdddətinə illik 18%-lə 23.645,92 manat məbləğində kredit verilmişdir. Hazırda İddiaçı2 xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə qalıq borcun bağlanması məqsədilə yeni kredit müqaviləsi bağlanarkən bank tərəfindən ondan əsassız olaraq 765 saylı kredit xətti müqaviləsi üzrə 6803 manat məbləğində ödəniş edilməsinin tələb edildiyini və həmin tələb əsasında tərəfindən müvafiq ödəniş edildiyini əsas göstərərək əsassız ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb edir. Cavabdeh "xxxx" ASC isə xx.xx.2019-cu il tarixli 765 saylı kredit xətti müqaviləsi üzrə hər hansı artıq ödəmənin edilmədiyini, iddiaçının ödədiyi məbləğinin bir hissəsinin vergi orqanı tərəfindən iddiaçının vergi və sosial sığorta haqları üzrə borcuna silindiyini, bir hissəsinin isə mübahisəli müqavilə üzrə faiz borcunun bağlanmasına yönəldildiyini əsas gətirərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli kredit müqaviləsi üzrə iddiaçının banka artıq ödənişinin olub-olmaması işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Eskpert rəyi ilə 765 saylı kredit xətti müqaviləsi üzrə borc alanın artıq ödəniş məbləğinin 6.626,60 manat məbləğində müəyyən edilmişdir. Artıq ödənişin məbləği hesablanarkən ekspert tərəfindən iddiaçının hesabına daxil olan bütün pul vəsaitləri, o cümlədən vergi, DSMF borcu və digər ödənişlərə, hətta başqa müqavilə üzrə borclara yönəldilmiş pul vəsaitləri mübahisəli müqavilə üzrə ödəniş kimi nəzərə alındığından məhkəmə əsassız olduğuna görə ekspert rəyi ilə razılaşmamış və iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasını təyin etmişdir. Həmin ekspertiza üzrə 17 yanvar 2023-cü il tarixli, 9/7066 saylı ekspert rəyi ilə İddiaçı2 "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 765 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka olan əsas borcunun 23.643,04 manat, faiz borcunun 1.739,43 manat, xx.xx.2021-ci il tarixə əsas borcunun 0.00 manat, faiz borcunun 0.00 manat təşkil etməsi və artıq ödənilmiş məbləğin 3.732,44 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, məhkəmənin sonuncu ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092ci maddələri təşkil edir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Belə olan halda isə İddiaçı2 Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən "xxxx" ASC-dən öhdəlikdən kənar ödənilmiş 3.732,44 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 88 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul vəsaitinin 50manat hissəsi cavabdehdən, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 204 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 3.732,44 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 60 manat və vəkil xərclərinin əvəzi olaraq 204 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi cavabdehdən, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-56/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-56/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver