Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5603/2023 15.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 20.573,96 manat, 1500 manat zərər, vəkil xidmətinə çəkilmiş xərclərin əvəzi olaraq 360 manat pulu və ümumilikdə 22.433,96 manat pulun və iş üzrə ödənilmiş 200 manat mediasiya xərcinin alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı MMC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı QSC ilə Cavabdeh MMC ilə aralarında xx.xx.2018-ci il tarixdə bitki mühafizələrinin satışına dair 01/07-99AZ saylı müqavilə bağlanmışdır. Tərəflərindən 2019cu ili əvvəllərindən başlayaraq 2019-cu ilin sonlarınadək müxtəlif vaxtlarda Cavabdeh MMC-yə kənd təsərrüfatı üçün lazım olan dərman pereparatlarını satmışdır. Cavabdehə ümumilikdə 52.749,55 manat dəyərində məhsul vermişdir. Həmin məbləğdən cavabdeh EMA QSC-yə cəmi 32.175,59 manat ödəmiş və 20.573,96 manat borclu qalmışdır. Cavabdehlə aralarında xx.xx.2021-ci il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib edilmiş və hər iki tərəf üzləşməni imzalamaqla möhürləmişdir. Dəfələrlə Cavabdeh MMC-yə İddiaçı QSC-yə olan 20.573,96 manat borcunu ödəməsini bildirsələr də, cavabdeh bu günə qədər onlara olan borcunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 06 dekabr 2018-ci il tarixli 01/07-99 AZ saylı bitki mühafizə vasitələrinin satışına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı, alıcıya müqaviləyə əlavə razılaşmada göstərilən bitki mühafizə vasitələrini (bundan sonra - mal) satır, alıcı isə həmin malı qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini ödəməyi, vaxtında qəbul elməyi, onun daşınması və istifadəsi zamanı mövcud qanunvericiliyə və normativ hüquqi aktların tələblərinə əməl etməyi öhdəsinə götürür. 4.3-cü bəndinə əsasə alıcı hazırki müqavilənin əlavə razılaşmasında göstərilən qiymətlər əsasında malın dəyərini tam şəkildə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı QSC tərəfindən (ƏDV daxil) ümumilikdə 52.749,55 manat dəyərində mallara görə, o cümlədən 11.167,92 manat dəyərində EBAA seriyalı, 663831 nömrəli, xx.xx.2019cu il tarixli, 11.987,84 manat dəyərində EBAA seriyalı, 672434 nömrəli, xx.xx.2019-cu il tarixli, 487,69 manat dəyərində EBAA seriyalı, 675616 nömrəli, xx.xx.2019-cu il tarixli, 25.948,87 manat dəyərində EBAA seriyalı, 663923 nömrəli, xx.xx.2019-cu il tarixli və 3.157,23 manat dəyərində EBAB seriyalı, 149521 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh MMC-yə təqdim edilmişdir. "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli FT19071BV3Z8\BNK nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (06 dekabr 2018-ci il tarixli 01/07-99 AZ saylı müqaviləyə əsasən (dərmanlar)) İddiaçı QSC-nin hesabına 9.186,36 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli FT19078YXBLP\BNK nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (06 dekabr 2018-ci il tarixli 01/07-99 AZ saylı müqaviləyə əsasən (dərmanlar)) İddiaçı QSC-nin hesabına 9.186,36 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli FT19098DSV1C\BNK nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (06 dekabr 2018-ci il tarixli 01/07-99 AZ saylı müqaviləyə əsasən (dərmanlar)) İddiaçı QSC-nin hesabına 13.802,87 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı QSC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktdan görünür ki, Cavabdeh MMC-nin İddiaçı QSC-yə xx.xx.2021-ci il tarixə borc qalığı 20.573,96 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 3 gün müddətində ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı QSC-yə olan borcu 20.573,96 manat təşkil edir. Mülki Məcəllənin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567, 600.1-ci maddələrinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 20.573,96 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 20.573,96 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliklərinin icra edilməməsinin gecikdirilməsinə görə 1500 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı halda məhkəmə hesab edir ki, cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən faydalanması öz təsdiqini tapmadığından Mülki Məcəllənin 4449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün əsas olmadığından cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə faizlər Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulmalıdır. Odur ki, məhkəmə hesab edir ki, faiz borcunun tutulması tələbinə dair hissədə də iddia təmin edilməli, cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 1500 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 156,22 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 360 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 20.573,96 manat məbləğində borc, müqavilə müddətinin bitdiyi tarixdən AR Mərkəzi Bankının uçot dərəcəsi ilə hesablanmış 1500 manat məbləğində faiz borcu, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 360 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5603/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5603/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver