Məhkəmə qərarları › İş №e-2-2(113)-5604/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5604/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5604/2023 26.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, cərimə, qanuni faiz, iddianın qismən etirafı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 dekabr 2022-ci il tarixli 22 saylı alqı-satqı müqaviləsi üzrə 10 000 manat əsas borc, 6879 manat müqavilədən yaranan öhdəliklərin pozulması əsasında hesablanmış dəbbə pulunun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. alıcı qismində "xxxx" MMC (hazırkı İddiaçı MMC) ilə satıcı qismində Cavabdeh MMC arasında 23 dekabr 2022-ci il tarixində 22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş malları (beton məhsulları) cavabdehdən alaraq öz mülkiyyətinə götürməyi, həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “hesablaşma qaydaları” başlıqlı 2-ci maddəsinə əsasən bu müqavilənin 2.3-cü bəndinə uyğun olaraq malların dəyəri elektron qaimə təqdim edildikdən sonra və ya öncədən avans şəklində ödənilməlidir. Satıcı malları alıcıya təhvil verdiyi gündən sonra təhvil təslim aktını və elektron qaimə-fakturanı alıcıya təqdim etməlidir. Malların dəyərinin ödəniş qaydası qiymətlərin razılaşdırılması protokolunda göstərilir. 2.2. Tərəflər arasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən EBCM seriyalı 026844 nömrəli elektron qaimə əsasında 11800 manat pul iddiaçı tərəfindən cavabdehə köçürülməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, pretenziya məktubu göndərilməsinə baxmayaraq, elektron qaimələr əsasında yaranmış ƏDV daxil 11800 manat borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. 2.3. Uzun sürən təkidlərdən, mübahisələrdən, həm yazılı, həm də şifahi narazılıqlardan sonra cavabdeh köçürülmə yolu ilə 1800 manat ƏDV məbləğini qaytarmışdır. Müqavilə üzrə nəzərdə tutulan malların satışı cavabdeh tərəfindən icra olunmamışdır. 23 dekabr 2022-ci il tarixli 22 nömrəli müqavilənin 3.1-bəndinə əsasən satıcı malları müvafiq tara və qablaşmasında, mallara aid olan ləvazimat və sənədlərlə birlikdə, müəyyən edilən qaydada malların çatdırılma məntəqəsində alıcıya təhvil verir. Cavabdeh 22 nömrəli müqavilə üzrə satış, çatdırılma və göndərmə öhdəliklərini yerinə yetirməyərək və ondan boyun qaçırmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) müvafiq maddələrinin tələblərini kobud şəkildə pozmuşdur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 462, 464, 569, 599.4, 642-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi X2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ödənişi avans qismində etmişlər. Mallar tam təhvil verildikdən sonra qalan məbləğ ödənilməli idi. Betonun sifarişi üçün cavabdehə yazılı qaydada müraciət etməmiş, şifahi qaydada müraciət etmək istədikdə cavabdehlə əlaqə saxlaya bilməmişlər. Cavabdeh məhsulu təqdim etmədiyi üçün elektron qaimənin ləğvini, ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etmişlər. Ödənilmiş 11800 manat pulun ƏDV hissəsi olan 1800 manat may ayında qaytarılmış, qalan 10000 manat qaytarılmamışdır. May ayına qədər pulu tələb etməmiş, elektron qaimə ləğv olunan tarixdən pul məbləğinin qaytarılmasını tələb etmişlər.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə 10000 manat borc məbləğinin olduğunu etiraf edərək izahatında bildirmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə 88500 manat dəyərində elektron qaimə təqdim etmişlər. İddiaçı xx.xx.2022-ci il tarixdə 13500 manat ƏDV ödəmişdir. İlin sonu olduğu üçün iddiaçının mühasibatlığına bildirmişlər ki, elektron qaiməni açıq saxlamaq olmaz. İddiaçı tərəf 10000 manat dəyərində beton lazım olduğunu bildirmiş, həmin tarixdə malın dəyərinə görə 10000 manat ödəniş etmişdir. Həmin tarixdə 65000 manatın ƏDVsini təşkil edən 11700 manat iddiaçıya qaytarılmış, 10000 manat ödənişin ƏDV-sini təşkil edən 1800 manat saxlanılmışdır. İddiaçı yanvar ayında beton sifariş etməli idi, lakin sifariş olmamışdır. İddiaçı tərəf aprel-may ayında əlaqə saxlayaraq işlərinin dayandığını bildirmiş, pulun qaytarılmasını xahiş etmişdir. İddiaçıya pulun qaytarıla bilməsi üçün elektron qaimə ləğv olunmuş, xx.xx.2023-cü il tarixdə ƏDV məbləği olan 1800 manat qaytarılmışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə pul məbləğini geri tələb etmişdir. Dövlət büdcəsinə olan borca görə bank hesablarının üzərində sərəncam olduğundan bank vasitəsi ilə köçürmə yolu ilə pulu iddiaçıya qaytara bilməmiş, kassa məxaric orderi ilə qaytarılmasını təklif etmiş, lakin iddiaçı tərəf qəbul etməmişdir.

7. Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə məhkəməyə iddianın qismən etirafı barədə yazılı ərizə təqdim edərək iddia tələbini 10000 manat əsas borcun tutulması hissəsində etiraf etdiyini təsdiq etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq Komfort-Salarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (alıcı qismində) ilə cavabdeh (satıcı qismində) arasında 23 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh beton məhsulunu iddiaçıya satmağı, iddiaçı isə müvafiq malları qəbul edərək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya 88500 manat dəyərində EBCM seriyalı 026844 nömrəli elektron qaimə təqdim etmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə elektron qaimə üzrə ödənilməli olan ƏDV məbləğini təşkil edən 13500 manat pulu ödəniş tapşırığı ilə cavabdehin ƏDV hesabına köçürmüş, xx.xx.2022-ci il tarixdə malların dəyərinə görə cavabdehə 10 000 manat ödəniş etmişdir. Bundan sonra cavabdeh ƏDV məbləğinin 11700 manat hissəsini xx.xx.2022-ci il tarixdə iddiaçıya qaytarmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh EBCM seriyalı 026844 nömrəli elektron qaiməni ləğvə göndərmiş, həmin gün ləğv iddiaçı tərəfindən təsdiqlənmişdir. Elektron qaimə ləğv olunduqdan sonra cavabdeh iddiaçının ödədiyi 11800 manat pulun ƏDV hesabına ödənilmiş 1800 manat hissəsini iddiaçıya qaytarmış, 10 000 manat pul qaytarılmamışdır.

12. İddiaçı 10 000 manat pulun cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini 10 000 manat əsas borcun tutulması hissəsində etiraf edir.

14. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

15. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

16. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

17. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

18. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın əsas borc hissəsində etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

19. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın əsas borc hissəsində etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.

20. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

21. Beləliklə, əsas borcun tutulması hissəsində iddia cavabdeh tərəfindən etiraf edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, 10 000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

22. İddiaçı 6879 manat dəbbə pulunun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.

23. Məhkəmə ilk növbədə qeyd olunan hissədə iddianın faktiki əsası ilə bağlı məsələyə aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, iddiaçı 6879 manat dəbbə pulunun tutulması tələbi ilə bağlı 2 faktiki əsasa - malların çatdırılmamasına və ödənilmiş 10 000 manat pul vəsaitinin elektron qaimə xx.xx.2023-cü il tarixdə ləğv olunduqdan sonra qaytarılmamasına istinad edir. Tələb olunan məbləğ dəbbə pulu kimi qeyd olunsa da, dəbbə pulu, qanuni faiz hüquqi əsaslarına istinad olunmuşdur.

24. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

25. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

26. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin bəndlərinə nəzər saldıqda aydın olur ki, tərəflər satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti barədə dəqiq şərt müəyyən etməmiş, bu barədə iradələrini aydın ifadə etməmişlər. Belə olan halda, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti ilə bağlı Mülki Məcəllənin 427-ci maddəsi nəzərdən keçirilməlidir. Qeyd olunan maddəyə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (427.2), ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (427.4).

27. Hazırkı iş üzrə iddiaçının nümayəndəsi elektron qaimənin ləğvi tarixinədək (xx.xx.2023-cü il) malın (betonun) sifarişi üçün cavabdehə yazılı qaydada müraciət etmədiyini, şifahi qaydada müraciət etmək istədikdə isə cavabdehlə əlaqə saxlaya bilmədiklərini bildirmişdir. Cavabdehin nümayəndəsi isə qeyd olunan müddət ərzində hər hansı müraciətin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hazıkı müqavilənin hər iki tərəfi hüquqi şəxs olmaqla mülki dövriyyənin peşəkar iştirakçılarıdır və tərəflər arasında müqavilə, müqaviləyə əlavə yazılı sənədin tərtibi yolu ilə rəsmiləşdirilmişdir. Belə olan halda, iddiaçının malın sifarişi ilə bağlı cavabdehə yazılı qaydada (hüquqi ünvanına məktub göndərilməklə, AVİS-də olan elektron kabinetlərinə yazılı müraciət edilməklə) müraciət etməməsi ağlabatan deyildir. İddiaçı isə malın sifarişi ilə bağlı müraciət etməsini təsdiq edən sübut təqdim edə bilmir. Beləliklə, iddiaçının cavabdehdən öhdəliyinin icrasını – malın verilməsini tələb etməsi təsdiq olunmur.

28. Odur ki, iddiaçının Mülki Məcəllənin 599.4-cü maddəsinin satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir və 642-ci maddəsinin malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın tələblərinə istinad edərək pul tələb etməsi əsaslı hesab oluna bilməz.

29. Eyni zamanda məhkəmə bildirir ki, sifarişin verildiyi təsdiq olunmuş olsa idi belə, malların göndərilməsinin gecikdirilməsi üçün qanunla müəyyənləşdirilmiş dəbbə pulu təsbit olunmadığından, tərəflər arasında bağlanmış müqavilədə də belə bir şərt nəzərdə tutulmadığından Mülki Məcəllənin 642-ci maddəsinə istinad etməklə iddiaçının pul tələb etməsi əsassız olmuşdur. Bundan başqa, qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsi icra edilmədikdə Mülki Məcəllənin 599.4-cü maddəsinə istinad edilməklə həmin Məcəllənin 449-cu maddəsinə əsasən faiz tələb olunduğu halda cavabdehin qeyd olunan pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalandığını sübut etmək yükü iddiaçının üzərinə düşür ki, iddia ərizəsində də belə bir əsaslandırılma aparılmamış, bununla bağlı hər hansı sübut təqdim olunmamışdır.

30. Digər tərəfdən, iddiaçı ödənilmiş 10 000 manat pul vəsaitinin elektron qaimə xx.xx.2023-cü il tarixdə ləğv olunduqdan sonra qaytarılmamasına istinad edərək pul tələb edir. Cavabdeh qeyd olunan tarixdən iddiaçının pul məbləğini tələb etməsi faktını məhkəmə iclasında təsdiqləmiş, mübahisələndirməmişdir. Etirazının əsası qismində istinad etmişdir ki, bank hesabları üzərində sərəncam olduğundan pulun nağd qaydada kassa məxaric orderi ilə təqdim olunmasını təklif etmiş, lakin iddiaçı qəbul etməmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə cavabdehin qeyd olunan arqumentini əsassız hesab edir və qeyd edir ki, cavabdeh adıçəkilən qanunla nağdsız hesablaşma qaydası kimi müəyyənləşdirilmiş vasitələrdən istifadə etməklə öhdəliyini icra etməli, pul məbləğini iddiaçıya qaytarmalı idi.

31. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman – xx.xx.2023-cü tarixədək qüvvədə olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

32. Yuxarıda göstərilənlərə əsasən hazırkı iş üzrə elektron qaimənin ləğvinin təsdiqləndiyi xx.xx.2023-cü il tarixdən cavabdeh tərəfindən 10 000 manat pulun ödənilməsinin gecikdirildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, borclu həmin tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

33. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, elektron qaimənin ləğvinin təsdiqlənərək iddiaçının pulu tələb etdiyi xx.xx.2023-cü il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək (xx.xx.2023-cü il) 158 gün üçün əsas borca (10 000 manat) illik 5 faizlə hesablanmaqla 216,44 manat pul (10000*5/100/365*158) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

35. İddiaçı həmçinin 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

36. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01291 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

39. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

40. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 122 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı İddiaçı) ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 10000 (on min) manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 216 (iki yüz on altı) manat 44 (qırx dörd) qəpik olmaqla ümumilikdə 10216 (on min iki yüz on altı) manat 44 (qırx dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 122 (yüz iyirmi iki) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar