Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5609/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc üzrə 17.892,2 manat, dəymiş ziyan 10.250 manat, 894 manat faiz məbləği, ödənilmiş dövlət rüsumu 200 manat olmaqla, ümumilikdə, 29.236,2 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 415 saylı, xx.xx.2021 tarixli Malların və/və ya xidmətlərin alışına dair Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, alıcı tərəflər arasında razılaşdırılmış çap, tipoqrafiya, dəftərxana və təsərrüfat mallarını və/və ya xidmətlərini alaraq müvafiq ödənişləri yerinə yetirməlidir. İddiaçı tərəfindən müvafiq mal və məhsullar cavabdehə təqdim olunsa belə, cavabdeh tərəfindən öhdəliklər tam həcmdə yerinə yetirilməmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən, Alıcı hesab-fakturanı aldığı gündən 10 gün içərisində aldığı mal və ya xidmətin dəyərinin tamamını ödəyir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin bir qismi yerinə yetirilməmiş, 17.892,2 manat borc məbləği yaranmışdır. Belə ki, iddiaçı tərəfindən ümumi dəyəri 22.292,8 manat (ƏDV daxil) olan məhsul təqdim edilmiş, bu məhsullar üzrə 3.400.6 manat ƏDV məbləği, 1000 manat isə əsas məbləğ ödənilmiş, qalan məbləğ bu günə qədər ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etirazını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 01 oktyabr 2021-ci il tarixdə, 415 nömrəli malların və xidmətlərin alışına dair müqavilə bağlanmışdır. Müqavilədə satıcı qismində İddiaçı QSC, alıcı isə Cavabdeh MMC çıxış edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Hazırda iddiaçı 17892.2 manat dəyərində olan malların ödənilmədiyini bildirərək, pulun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə 2021-ci il tarixli e-qaimə üzrə malların cavabdehə təhvil verildiyini və həmin borcu qəbul etdiyini, lakin 2022-ci il tarixli e-qaimə üzrə malların cavabdehə təhvil verilmədiyini, bu qaimə üzrə köçürülən ƏDV məbləğinin mühasib tərəfindən səhvən köçürüldüyünü bildirmiş və 2-ci e-qaimədə göstərilmiş malların təhvil verilmədiyini bildirərək, borcunun olmadığını bildirmişdir. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi ilk növbədə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin üzərinə düşür. Qeyd edilən xüsusatın araşdırılması üçün həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna da diqqət yetirilməlidir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı QSC tərəfindən 6872 nömrəli hesab-faktura tərtib edilmiş və elə həmin tarixdə Cavabdeh MMC-yə 164622 nömrəli EBBK seriyalı, 10.620 manat dəyərində olan elektron qaimə göndərilmişdir, bundan başqa iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 5750 nömrəli hesab-faktura tərtib edilmiş və elə həmin tarixdə Cavabdeh MMC-yə 923680 nömrəli EBCB seriyalı, 11.672,80 manat dəyərində olan elektron qaimə göndərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf 22.292,80 manat dəyərində olan malların cavabdehə təhvil verildiyini və təhvil verilmiş mallara dair cavabdeh tərəfindən tam ödənişin aparılmadığını bildirir. Məhkəmə iddiaçının bu dəlilini əsaslı hesab edir. Belə ki, iş materiallarına elektron vergi sistemi ilə göndərilmiş elektron qaimələr əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Bundan əlavə də iş materiallarına əlavə edilmiş **********/473683575 nömrəli xx.xx.2022 saylı ödəniş sənədindən məlum olur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021ci il elektron qaimə əsasında əsas məbləğdən 1.000 manat, 1.620 manat ƏDV məbləği, xx.xx.2022-ci il tarixində isə xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 1.780,60 manat ƏDV məbləği İddiaçı QSC-yə ödənilmişdir. Yəni qeyd edilən xüsusat o nəticəyə gəlməyə imkan verir ki, əgər cavabdeh tərəfin qəbul etmədiyi xx.xx.2022-ci il tarixli elektron qaimədə göstərilmiş 11.672,80 manat dəyərində olan mallar ona verilməmiş olsa idi, qeyd edilən elektron qaimədəki 1.780,60 manat ƏDV məbləğini də, ödəməmiş olardı. Yəni hazırkı halda, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli elektron qaimədə göstərilmiş 11.672,80 manat dəyərində olan mallara görə 1.780,60 manat ƏDV məbləğini ödəməsi onu təsdiq edir ki, göstərilmiş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və onun da, həmin malların əvəzini ödəmək vəzifəsi yaranmışdır. Məhkəmə həmçinin cavabdeh tərəfin səsləndirmiş olduğu “köçürülən ƏDV məbləğinin mühasib tərəfindən səhvən köçürüldüyü” dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir və məhz bundan sonra xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında ödənilmiş ƏDV məbləğinin geri qaytarılması ilə bağlı Cavabdeh MMC İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixində məktub ünvanlamış və mühasibin səhvən ƏDV-ni köçürməsini qeyd etmişdir. Yəni qeyd edilən halın niyə məhz iddiaçının məhkəməyə müraciət etməsindən sonra yaranmasını cavabdeh tərəf əsaslandıra bilməmişdir. Eyni zamanda da, cavabdehin nümayəndəsi və vəkili 2021-ci il tarixli elektron qaimədə göstərilmiş malların verildiyi və həmin mallar üzrə borcu qəbul etdiyini bildirsə də, heç həmin mallara dair də borcunu ödəməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, işin araşdırılmış və müəyyən olunmuş hallarından da göründüyü kimi, tərəflər arasında əvvəllər də alqı-satqı münasibətləri olmuş və müvafiq olaraq mallar verilmiş və ödənişlər edilmişdir. Belə ki, cavabdeh tərəfdən ödənişlərin edilməsi və elektron qaimələrin sistem tərəfindən qəbul edilərək ona dair hər hansı bir etirazın edilməməsi tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələr üzərindən getməsini göstərir. Ona görə də, iddiaçı tərəfindən 22.292,8 manat dəyərində malların verildiyini, cavabdehin isə cəmi 4.400,6 manat məbləğində pulun ödənildiyini nəzərə alaraq, sonuncunun ödənilməmiş 17.892,2 manat məbləğində borcu qalmışdır. Beləliklə, iddia 17.892,20 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 894 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alındığını, iddianın isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq 5 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 12,25 (17.892,2x5/100=894,61 (1 il üçün), 894,61/365=2,45 (1 gün üçün), 2,45x5 =12,25 (5 gün üçün) ) manat təşkil edir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmala 12,25 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın dəymiş zərər üçün 10.250 manat pulun tələb edilməsi hissəsində əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 10.250 manat miqdarında digər ziyan üçün tələb etsə də, qeyd olunan zərərin nədən ibarət olduğunu izah edə bilməmişdir. Belə ki, 01 oktyabr 2021-ci il tarixli 415 nömrəli malların və xidmətlərin alışına dair müqavilənin 4.3-cü bəndinə əsasən satıcının malların qiymətini dəyişmək hüququ vardır və satıcı yeni qiymətlərin tətbiq olunmasından 20 təqvim günü qabaqcadan alıcını xəbərdar etməlidir. Bu halı təsdiq edən hər hansı bir sənədlər isə iş materiallarına əlavə edilməmişdir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 0D1 nömrəli ödəniş tapşırığından məlum olur ki, İddiaçı QSC tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına 200 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli 415 saylı müqavilə üzrə 17.892 (on yeddi min səkkiz yüz doxsan iki) manat 20 (iyirmi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 12 (on iki) manat 25 (iyirmi beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5609/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5609/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver