Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5614/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli 88 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 3226,61 manat borcun və idia ərizəsinin verilməsinə dair ödənilmiş 52,27 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 88 nömrəli “Alqı-satqı” müqaviləsinə əsasən satıcıya sözügedən müqaviləyə əsasən alqı-satqı obyekti olan malın adı və miqdarı qaiməfakturaya əsasən müəyyən edilərək ödənilməlidir. Müqavilənin 3.2 bəndinə əsasən “satıcı” tərəfindən “alıcı” ya təqdim olunan malların dəyəri E-qaimə və E-VHF təqdim olunduqdan sonra 15 gün ərzində “satıcı” nın hesablaşma hesabına ödənilməli idi. Cavabdeh müqaviləyə əsasən müxtəlif tarixlərdə təhvil-təslim aktına əsasən götürdüyü mallara dair ödənilməli olan 3229.61 manat pul hazıradək ödənilməmiş olaraq qalmaqdadır. İddiaçıMMC tərəfindən Cavabdeh MMC-yə dəfələrlə şifahi xəbərdarlıq və 24 iyun 2024-cü il tarixli pretenziya həmi kağız daşıyıcida həmidə cavabdehin elektron kabinetinə göndərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli 88 nömrəli alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı müqavilənin 2-ci maddəsində göstərilən malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 2-ci maddəsinə əsasən alqı-satqı obyekti olan malın adı və miqdarı qaimə-fakturaya əsasən müəyyən olunur.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri E-qaimə və E-VHF təqdim olunduqdan sonra 15 gün ərzində satıcının hesablaşma hesabına ödənilir.
12. Müqavilənin 4.2-ci bəndinə əsasən alıcı satıcının ona satdığı malı öz mülkiyyətinə qəbul edib onun dəyərini bu müqavilənin 3.1-ci maddəsində müəyyən edilmiş qaydada satıcıya ödənilməsini öz öhdəsinə götürür.
13. xx.xx.2021-ci il tarixli, 370365 nömrəli malların təhvil-qəbul aktına əsasən 1251,84 manat dəyərində, xx.xx.2021-ci il tarixli, 370364 nömrəli akta əsasən 1974.77 manat dəyərində malların təhvil verilməsi imza ilə təsdiq edilmişdir.
14. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli, EBBN581327 saylı e-qaiməyə əsasən 1749,38 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBBN797407 saylı e-qaiməyə əsasən 923.12 manat dəyərində,xx.xx.2022-ci il tarixli, EBBP845153 saylı e-qaiməyə əsasən 445,82 manat dəyərində və xx.xx.2022-ci il tarixli, EBBP844864 saylı eqaiməyə əsasən isə 573,48 manat dəyərində məhsulların satışı üzrə elektron qaimələr göndərilmişdir.
15. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
18. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
21. Tərəflər arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 88 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən şirkət müxtəliv növ mal və məhsulları müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər edilməmişdir.
22. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və e-qaimə ilə təstiq olunduğu üçün 3226,61 manat borca dair iddia tələbi təmin edilməlidir.
23. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 3226,61 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3226,61 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 52,27 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənişlər edilmişdir.
25. Azərbaycan Respublikası MPM-in:
26. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
28. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi qismində ödənilmiş 52.27 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 19 noyabr 2021-ci il tarixli, 88 nömrəli alqı-satqı müqaviləsi üzrə 3226,61 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 52,27 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova