Məhkəmə qərarları › İş №e-2-2(113)-5616/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5616/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5616/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil 5 160,84 AZN məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixli Müqaviləyə əsasən Satıcı İddiaçı MMC, alıcı Cavabdeh MMC-yə ƏDV daxil 5 160,84 AZN xidmət haqqı müqabilində 3 080 kq Məhəccər tipli metal konstruksiyaların sinklənməsi xidmətini göstərmişdir. Əlavə edilmiş e-qaimədən və təhvil-təslim aktından də göründüyü kimi Sifarişçi Cavabdeh MMC isə məhsulları xx.xx.2023 tarixində təhvil almışdır, lakin xidmət haqqını bir ildən çox bir müddətdir ki, əsassız olaraq ödəməkdən imtina edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin sifarişi əsasında sinklənmə işi icra edilmiş, həmin iş cavabdehə təhvil verilsə də, dəyəri ödənilməmişdir. Tərəflər arasında daha əvvəl də belə bir müqavilə bağlanmış, eyni qaydada xidmət göstərilmiş, daha sonra tərəflərindən təqdim edilmiş qaimə üzrə cavabdeh ödəniş etmişdir. Bu səbəbdən müqavilədə avans ödənilməli olması barədə şərt olmasına baxmayaraq hər hansı avans ödənişi tələb edilmədən sifariş icra edilmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bamayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (təchizatçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 3080 kq məhəccər tipli metal konstruksiyaların sinklənməsi xidmətinin ƏDV daxil ümumi qiymətinin 5160,848 manat təşkil etməsi, təhvil yerinin iddiaçının anbarı olması olması razılaşdırılmışdır.

8. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDF 506765 nömrəli 5160,85 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.

9. Nəzarət buraxılış sənədinə əsasən cavabdehə məxsus məhəccər tipli metal konstruksiyaların sinklənməsi işi A.Mahmudov tərəfindən (**-GM-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi vasitəsilə) xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır.

10. İddiaçı (təchizatçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 4220 kq məhəccər tipli metal konstruksiyaların sinklənməsi xidmətinin dəyərinin 5992,40 manat, dəliklərin açılması işinin dəyərinin 533 manat təşkil etməsi, təhvil yerinin iddiaçının anbarı olması olması razılaşdırılmışdır.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDF 026759 nömrəli 7699,97 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.

12. Nəzarət buraxılış sənədinə əsasən cavabdehə məxsus məhəccər tipli metal konstruksiyaların sinklənməsi işi Orucov soyadlı şəxs tərəfindən (**-JT-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi vasitəsilə) xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır.

13. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə EBDF 026759 nömrəli qaimə üzrə 6525,40 manat vəsait ödənilmişdir.

14. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 3080 kq ölçüdə məhəccərlərin sinklənməsi işi icra edilmiş, həmin işin nəticəsi cavabdeh tərəfindən təhvil alınsa da, dəyəri ödənilməmişdir.

15. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daha əvvəl də eyni məzmunlu müqavilə (xx.xx.2023-cü il tarixli) bağlanmış, həmin müqavilə üzrə də iddiaçı tərəfindən məhəccərlərin sinklənməsi işi icra edilmiş, görülmüş işin nəticəsi cavabdeh tərəfindən təhvil alınmış, təhvil alındıqdan sonra dəyəri iddiaçının təqdim etdiyi elektron qaimə üzrə tam şəkildə ödənilmişdir.

16. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli podrat müqaviləsi üzrə ödənilməli olan 5160,84 manat muzdun ödənilməsini tələb edir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən həmin müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilməmiş, iddiaçıya ödənilməli olan vəsait ödənilməmişdir.

20. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 5160,84 manat tutularaq iddiaçıya ödənilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 5160,84 manat məbləğində pul, 80 manat dövlət rüsumu, ümumilikdə 5240,84 (beş min iki yüz qırx manat səksən dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar