Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-562/2024 28.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 35644.98 manat (ƏDV-siz məbləğ) müqavilələr üzrə icra edilməmiş əsas borc məbləği, 96948,98 manat dəbbə pulu, 1820 manat iddiaçının çəkdiyi hüquqi xərclər (vəkilə ödənilmiş xidmət haqqı) 200 manat ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq və digər xərclər, və 427 manat iddianın məhkəməyə verilməsi ilə bağlı dövlət rüsumu olmaqla cəmi 136.839,96 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - “İcraçı”) və Cavabdeh MMC (bundan sonra - S“ ifarişçi”) arasında 17 yanvar 2020-ci il tarixli TES/TS/01 saylı Müqavilə (Əlavə 1 daxil olmaqla) və bu Müqaviləyə xx.xx.2020-ci il tarixli Əlavə 2, xx.xx.2021 tarixli Əlavə 3 və xx.xx.2022 tarixli Əlavə 4 (bundan sonra birlikdə - “Müqavilə”) bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, İcraçı Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə sınaq xidmətlərini Sifarişçi üçün icra edir. Sifarişçi ona göstərilmiş xidmət müqabilində bu Müqavilədə nəzərdə tutulmuş ödənişi İcraçının bank hesabına köçürür. Daha sonra həmin Müqavilənin 3-cü maddəsində qeyd olunur ki, Tərəflər arasında göstərilmiş xidmətlərə dair tamamlama aktı imzalandıqdan sonra Sifarişçi 30 iş günü ərzində xidmət haqqını İcraçının bank hesabına köçürür. Müqavilə üzrə İcraçı tərəfindən xidmətlərin göstərilməsinin başa çatdırılmasına və buna dair tamamlama aktları imzalanmasına baxmayaraq, həmin tamamlama aktları üzrə xidmət haqqı Sifarişi tərəfindən İcraçıya ödənilməmişdir. Göründüyü kimi, Sifarişçi İcarçı tərəfindən göstərilən xidmətlərə görə ödənilməli olan 42.061,08 manat (ƏDV daxil) məbləğində ödənişi hələ də etməmişdir. ƏDV hissəsi 6416.10 manat təşkil edir Beləliklə də, Müqavilə üzrə öhdəliklər Sifarişi tərəfindən tam yerinə yetirilməmiş və nəticədə Sifarişçinin Müqavilə üzrə İcraçıya ümumilikdə 35644.98 manat (ƏDV-siz məbləğ) məbləğində əsas xidmət haqqı borcu yaranmışdır. Həmçinin yuxarıda sadalanan tamamlama aktları üzrə elektron qaimə-fakturalar (bundan sonra – “Elektron qaimə fakturalar”) təqdim edilmiş və Sifariçi tərəfindən təsdiq edilmişdir. Müqavilənin 2.2.5-ci maddəsində qeyd olunur ki, İcraçı tərəfindən yerinə yetirilmiş işlərə görə ödənişi Sifarişçi bu Müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirməyi öhdəsinə götürür. Bu Müqavilənin şərtlərinin pozulması və yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə tam məsuliyyət daşıyırlar (maddə 4.1, Müqavilə). Sifarişçi tərəfindən bu Müqavilə üzrə etdiyi ödənişlərin gecikdirilmiş hər günü üçün İcraçı tərəfindən ona müvafiq hesab-faktura üzrə ödəniləcək ümümi məbləğinin 0,5% miqdarında cərimə tətbiq edilə bilər (maddə 4.4, Müqavilə). Tamamlama aktları üzrə ödənişlərin gecikdirilmiş hər günü üçün ümumilikdə 96948,98 manat məbləğində cərimə hesablanmışdır. 12/26/22 tarixinə qədər Cavabdeh tərəfidən borcların ümumi həcmi 47.406,5 manat (ƏDV daxil) təşkil edirdi. 08.08.23 və 09.08.23-cü il tarixlərində ödənilən 44250 manat (ƏDV daxil) məbləğ (ƏDV-siz - 37500)-in təyinatı dəqiq göstərilməmişdir. Yəni 12/26/22-ci olan 8291,86 manat borcun 3156,5 manatı (ƏDV daxil) hissəsi də ödənilməmişdir. (EBCL 920813) 12/26/22-ci ildən etibarən olan borclar, yəni qalıq 35644.98 manat (ƏDV-siz) borc ödənilməmişdir. Ödənilməyən 35644.98 manat (ƏDV-siz) borc məbləğinə hesablanan dəbbə pulu 96948,98 manat təşkil edir. Dəbbə pulu hesablanarkən EVH faktura kəsildikdən sonra 1 ay müddət buraxılmış və bütün aylar 30 gün götürülərək hesablanmışdır. Eyni zamanda 2023-cü il 30 oktyabradək hesablanmışdır. Gecikdirilmə davam etdirilərsə sonrakı günlər üçün də kompensasiya tələb ediləcəkdir. İcraçı hazırkı mübahisənin həlli ilə bağlı 1820 manat hüquqi xərclər (vəkilə ödənilmiş xidmət haqqı) və 200 manat ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq və digər xərclər çəkmişdir. Bundan başqa, İddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi ilə bağlı 426 manat (390 + 36) dövlət rüsumu ödənilmişdir.
3. Cavabdehin nümayəndəsinin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin hazırkı iddia ərizəsinin heç bir hüquqi tərəfi mövcud deyildir. İddia ərizəsi yalnızca formal mülahizələr əsasında tərtib olunmuş və məhkəməyə verilmişdir. İddiaçının hazırki iddia ərizəsini qaldırmaqda yeganə məqsədi əsassız varlanmaqdır. Baş verənlər heç də iddia ərizəsində qeyd olunduğu kimi deyildir və iddiaçı təqdim etdiyi sənədlərlə öz iddiasını təkzib etmişdir. Belə ki, "xxxx" MMC iddia ərizəsinin Əlavəsi olan Qoşma 1-də göstərilən siyahı üzrə 90759.70 manat məbləğində Cavabdeh MMC-nin ona borcu olduğunu iddia edir. Öz iddiasını sübut etmək məqsədilə siyahıda göstərildiyi kimi tamamlama aktlarına və elektron faktura-qaimələrə istinad edir. Lakin, iddiaçının siyahı üzrə istinad etdiyi 14 ədəd tamamlama aktlarının və elektron faktura-qaimələrinin 7 ədədinə - EBCE 179384 seriya nömrəli, 20,09.2022-ci il tarixli, EBCE 179937 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBCE 180044 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBCİ 255148 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBCİ 255443 seriya nömrəli, xx.xx.2022-ci ü tarixli, EBCL 920813 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBCN 646116 seriya nömrəli, xx.xx.2023-cü il tarixli elektron faktura-qaimələrə uyğun olaraq “X1" MMC tərəfindən ödənişlər edilmişdir. Əlavə olaraq siyahıya uyğun olaraq 6, 13 və 14-cü sırada qeyd olunan EBCJ 774841 seriya nömrəli, xx.xx.2022-ci il tarixli, EBDJ 086624 seriya nömrəli, xx.xx.2023-cü il tarixli və EBDJ 086173 seriya nömrəli, xx.xx.2023-cü il tarixli elektron faktura-qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilsə də, iddiaçı tərəfindən hər hansı işlər görülməmişdir. Belə ki, həmin elektron faktura-qaimələr üzrə tamamlama aktlarının mövcud olmaması da bunu tam şəkildə sübut edir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya müqavilə müddəti ərzində ümumilikdə ******* manat məbləğində Ödəniş edilmişdir ki, bu məbləğin 41531,28 manat məbləğinə uyğun olaraq iddiaçı tərəfindən işlərin görülməsinə dair tamamlama aktları təqdim edilməmişdir( elektron faktura-qaimələr və ödəniş tapşırıqları əlavə olunur). Göründüyü kimi verilmiş iddia ərizəsi qanunsuz və əsassız olmaqla həqiqəti əks etdirmir. Buna görə də verilən iddia ərizəsi tam rədd edilməlidir.
4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh MMC-dən 35644.98 manat (ƏDV-siz məbləğ) müqavilələr üzrə icra edilməmiş əsas borc məbləği, 82159,2 manat dəbbə pulu, 1820 manat iddiaçının çəkdiyi hüquqi xərclər (vəkilə ödənilmiş xidmət haqqı) 200 manat ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq və digər xərclər, və 427 manat iddianın məhkəməyə verilməsi ilə bağlı dövlət rüsumu olmaqla cəmi 120.251,18 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia və dəqiqləşmə ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək etirazda qeyd edilən halların nəzərə alınmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, TES/TS/01 saylı müqaviləyə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı müqavilənin 1 saylı əlavəsində nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə sınaq xidmətlərini sifarişçi üçün icra edir.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən isfarişçi ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş ödənişi icraçının bank hesbaına köçürür.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçının öhdəlikləriləri:
12. Müqavilənin 2.1.1-ci bəndinə əsasən icraçı xidmətləri sifarişçinin tələbinə əsasən həyata keçirir.
13. Müqavilənin 2.1.2-ci bəndinə əsasən icraçı test avadanlıqlarına nəzarət edilməsi öhdəliyini öz üzərinə götürdüyü üçün cihazlarla bağlı yarana biləcək texniki problemlər xaric, bütün növ məsuliyyətin daşıyıcısıdır.
14. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri:
15. Müqavilənin 2.2.5-ci bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilmiş işlərə görə ödənişi sifarişçi bu müqaviənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirməyi öhdəsinə götürür.
16. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi tərəflər arasında qarşılıqlı imzalanmış aylıq iş tamamlama aktına uyğun olaraq faktiki icra edilmiş xidmət haqqından bu müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulmuş predmetləri təmin etdiyi üçün aylıq test ödənişindən 10 faiz və net 8000 manat özündə saxlamaqla 30 iş günü ərzində köçürmə yolu ilə icraçının bank hesabına köçürülür.
17. Müqavilənin 3.2-ci bəndinə əsasən icra ediləcək xidmətlərin qiymətləri bu müqavilənin 1 saylı əlavəsində göstərilir.
18. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərər görə tam məsuliyyət daşıyırlar.
19. Müqavilənin 4.4-cü bəndinə əsasə sifarişçi tərəfindən bu müqavilə üzrə etdiyi ödənişlərin gecikdirilmiş hər günü üçünicraçı tərəfindən ona müvafiq hesab-faktura üzrə ödəniləcək ümumi məbləğinin 0.5% miqdarında cərimə tətbiq edilə bilər.
20. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli, TES/TS/01 saylı müqavilədə nəzərdə tutulmuş öhdəliklər üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə tamamlama aktına əsasən 10645,96 manat dəyərində (ƏDV daxil), xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə tamamlama aktlarına əsasən cəmi 10093,72 manat dəyərində (ƏDV daxil), xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə tamamlama aktlarına əsasən cəmi 4968,98 manat dəyərində (ƏDV daxil), xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə tamamlama aktlarına əsasən cəmi 6519,5 manat dəyərində (ƏDV daxil), xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə tamamlama aktlarına əsasən cəmi 8291,86 manat dəyərində (ƏDV daxil), xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə tamamlama aktlarına əsasən cəmi 6776,74 manat dəyərində (ƏDV daxil), xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tamamlama aktlarına əsasən cəmi 22012,9 manat dəyərində (ƏDV daxil), xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tamamlama aktlarına əsasən cəmi 6521,86 manat dəyərində (ƏDV daxil), xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə tamamlama aktlarına əsasən cəmi 344,6 manat dəyərində (ƏDV daxil), xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tamamlama aktlarına əsasən cəmi 775 manat dəyərində (ƏDV daxil) xidmətlər göstərilmişdir.
21. xx.xx.2023-cü il tarixli, EBCN646116 saylı e-qaimə üzrə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 6776,74 manat (ƏDV-siz məbləğ – 5743 manat) dəyərində, xx.xx.2023cü il tarixli, EBCN648929 saylı e-qaimə üzrə 6519,50 manat (ƏDV-siz məbləğ – 5525 manat) dəyərində, xx.xx.2023-cü il tarixli, EBDB586596 saylı e-qaimə üzrə 22012,90 manat (ƏDV-siz məbləğ – 18655 manat)dəyərində, xx.xx.2023-cü il tarixli, EBDB587049 saylı e-qaimə üzrə 6521,86 manat (ƏDV-siz məbləğ – 5527 manat) dəyərində, xx.xx.2023-cü il tarixli, EBDE572127 saylı e-qaimə üzrə 344,56 manat (ƏDV-siz məbləğ – 292 manat) dəyərində, xx.xx.2023-cü il tarixli, EBDJ086624 saylı e-qaimə üzrə 401,20 manat (ƏDV-siz məbləğ – 340 manat) dəyərində, xx.xx.2023-cü il tarixli, EBDJ086173 saylı e-qaimə üzrə 776,44 manat (ƏDV-siz məbləğ – 658 manat) dəyərində, cəmi ƏDVsiz 36740 manat dəyərində xidmət göstərilmişdir.
22. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində bankdan ödənilmiş əsas məbləğin bölüşdürülməsini EBCE 179384, EBCİ 255148, EBCİ 255443, EBCJ 774841, EBCL 920813, EBCN 646116 qaimələrə əsasən nəzərə alınması xahiş edilmişdir.
23. xx.xx.2023, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il il tarixli ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya edilən ödənişlər zamanı müqaviləyə və elektron qaimələrə istinad olunmuşdur.
24. xx.xx.2023-cü il tarixli, EBCN646116 saylı e-qaimə üzrə cavabdeh tərəfindən iddiaçıya 1292,10 manat məbləğində ödəniş edilmişdir.
25. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
26. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı MMC-nin Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, TES/TS/01 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş sınaq (materialların keyfiyyətinin müəyyən edilməsi) xidmətlərinə görə cavabdehin onlara 35644,98 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və etirazında əsas kimi ona istinad edir ki, iddiaçının istinad etdiyi elektron qaimələr üzrə ödənişlər edilmişdir, iddia tələbi əsassızdır.
27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
32. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi, eləcə də cavabdeh tərəfindən həmin xidmətlərə görə xidmət haqqının vaxtında ödənilməməsi və nəticədə cavabdehin iddiaçıya borcunun yaranması faktları iş materiallarına əlavə edilmiş xidmətlərin təhvil-təslimi aktları, elektron qaimələr və qismən ödənişlər ilə öz təsdiqini tapır.
34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
36. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
37. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
38. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
39. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
40. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
41. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
43. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki tamamlama aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, ödənilməmiş qalmışdır.
44. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin xidmətlərin göstərilməsinə dair aktı ilə də təsdiqini tapır.
45. Borcun məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı ƏDV-siz 35644,98 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. İstinad olunan yeddi elektron qaimələr üzrə isə cəmi ƏDV-siz məbləğ 36740 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, EBCN646116 saylı e-qaimə üzrə isə 1292,10 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, 36740 manat - 1292,10 manat = 35447,9 manat. Beləliklə, iddia əsas borc tələbi hissəsində qismən - 35447,9 manat dəyərində təmin edilməlidir.
46. Cavabdehin etirazda göstərilən arqumetlərinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh borcun ödənildiyini bildirsə də, birincisi, etirazda nömrələri göstərilən ödənişlərin edildiyi e-qaimələr hazırki iş üzrə mübahisə predmeti deyil, ikincisi, mübahisə predmeti olan qaimələr üzrə isə ödənişləri təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Etirazda göstərilən yalnız bir EBCN646116 saylı e-qaimə üzrə hissəvi ödəniş edilmişdir, həmin ödəniş də iddiaçı tərəfindən nəzərə alınmaqla iddia məbləğini formalaşdırmışdır.
47. Bununla yanaşı, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, TES/TS/01 saylı müqavilənin 4.4-cü bəndinə əsasən hesablanmış 82159,2 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
48. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
49. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
50. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 82159,2 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1773 manat məbləğində müəyyən edilməlidir.
51. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh şirkətinin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə, bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə, iddia ərizəsinin təmin olunması, cavabdeh "xxxx" MMC-dənn 17.1.2020-ci il tarixli, TES/TS/01 müqaviləyə əsasən 35447,9 manat məbləğində əsas borc, 1773 manat məbləğində dəbbə pulun tutulmalı olması nəticəsinə gəlir.
52. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri, 427 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla bağlı vəkil bürosuna 1820 manat ödənişlər edilmişdir.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
55. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
56. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
57. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə və dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin əvəzi qismində təmin edilmiş iddia tələbinə münasibətdə 205 manat (dövlət rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən TES/TS/01 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 35447,9 (otuz beş min dörd yüz qırx yeddi manat, doxsan qəpik) manat (ƏDV-siz) əsas borc məbləği, 1773 (bir min yeddi yüz yetmiş üç) manat dəbbə pulu, hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 1000 (bir min) manat və mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 205 (iki yüz beş) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova