Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5623/2024 21.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə İddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi) “pulun tutulması və s.” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə müraciət edərək, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 nömrəli Qərarının icrasının təmini və audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara və audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına çatacaq qonorarın yığılması məqsədilə cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlamaq öhdəliyinin qoyulması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 nömrəli Qərarına əsasən cavabdehin 1 yanvar 2021-ci il tarixindən 1 yanvar 2024-cü il tarixinədək (son 3 il ərzində) audiovizual əsərlərin və fonoqramlann şəxsi məqsədlər üçün surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalını həyata keçirdiyi zaman qanuna zidd olaraq audiovizual əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına qonorar ödəmədiyinə görə ümumilikdə 687 399 manat məbləğində pulun cavabdehden alınaraq 274 959,6 manat - (40%) iddiaçının hesabına, 412 439,4 manat - (60%) fonoqram ifaçılarına və istehsalçılarına çatdırılması üçün Əqli Mülkiyyət Agentliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: – iddiaçı əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun müvafiq maddələri əsasında qeydiyyata alınaraq yaradılıb və fəaliyyət göstərir. İddiaçı xx.xx.1999-cu il tarixdə 1156 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən iddiaçı qeydiyyatdan (akkreditasiyadan) keçirilmişdir. Gildiyanın hüquq və vəzifələri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 42 və 43-cü maddələrində təsbit olunmuşdur. Belə ki, həmin maddələrdən görünür ki, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar istifadəçilərdən qonorar yığır və yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir. Həmçinin onun, yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləriarasında bölmək və qanuni sahiblərinə ödəmək; qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək vəzifələri vardır. – Cavabdeh audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan avadanlıqların və maddi daşıyıcıların idxalını “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Qanunun 17-ci maddəsinin və 24 avqust 2007-ci il tarixli 132 nömrəli Qərarın tələblərini pozaraq həyata keçirən təşkilatdır. Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 nömrəli qərarına əsasən, şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən, audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan (yazılma üçün) audio-videomaqnitofonların və digər avadanlıqların, audio və (və ya) videolentlərin və kasetlərin, lazer disklərin və digər maddi daşıyıcıların istehsalçıları və idxalçıları tərəfindən ödənilir. Cavabdehin kommersiya məqsədilə audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan maddi daşıyıcıların və avadanlıqların ixdalını həyata keçirməsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir qonorar ödəməməsi müəlliflərin, audiovizul əsər və fonoqram istehsalçılarının və ifaçılarının hüquqlarını kobudcasına pozur. – “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü madddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 nömrəli Qərarının 6-cı və 8-ci maddələrinə əsasən, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla hər rübün sonunda Əqli Mülkiyyət Agentliyinin hesabına köçürülməlidir. Agentlik 2019-cu il 27 dekabr tarixli 79 nömrəli əmrlə və xx.xx.2023-cü i tarixli şəhadətnamə ilə audiovizal əsər və fonoqramların surətini çıxarma imkanına malik maddi daşıcı və avadanlıqların istehsalçıları və idxalçıları ilə müqavilə münasibətlərinin qurulmasını və onlardan qonorar yığılmasını iddiaçıya tapşırmışdır. Əqli Mülkiyyət Agentliyinin cavabdehə göndərdiyi xx.xx.2020-ci il və xx.xx.2022-cil tarixli məktublarına, həmçinin iddiaçının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə, müqavilə bağlanılmasına dair təkliflərinə baхmayaraq, cavabdeh bu istiqamətdə hüquqi əsasların yaradılması üçün heç bir addım atmamışdır. Həmçinin xx.xx.2024-cü il tarixində cavabdehə göndərilmiş pretenziya məktubuna da cavab verilməmişdir. Cavabdeh yuxarıda qeyd olunan hərəkətləri ilə “Müəlliflik huququ və əlaqəli hüquqlar haqqında” Qanununun 12, 15 və 17-ci maddələrinin tələblərini pоzaraq müəlliflərə maddi zərər vurur və bununla da həmin qanunun 47-ci maddəsinə uyğun оlaraq mülki məsuliyyətə cəlb edilməlidir. – İddiaçı Mülki Məcəllə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu, Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 nömrəli Qərarını əsas götürərək, cavabdehin 1 yanvar 2021-ci il tarixindən 1 yanvar 2024-cü il tarixinədək (son 3 ilərzində) olan dövr ərzində audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətçıxarmada istifadə olunan avadanlıqların və maddi daşıyıcların idxalını həyata keçirdiyi zaman qanunazidd olaraq audiovizal əsərə münasibətdə müəlliflərə, ifaçılara, audiovizual əsər istehsalçılarına və fonoqrama münasibətdə isə ifaçılara və fonoqram istehsalçılarına qonorar ödəmədiyinə görə, ümumilikdə 687 399 manat məbləğin cavabdehden alınaraq ona ödənilməsini tələb edir. – “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15.4-cü maddəsinə əsasən, müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarıalmaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü madddəsində göstərilmişdir ki, şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir. “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 nömrəli Qərarının 6-cı maddəsinə əsasən, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasına görə avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilən qonorarının minimum məbləği qonorarın hesablandığı zaman avadanlıqların və maddi daşıyıcıların hər bir növü üzrə satış (topdansatış) qiymətinin 0,5 faizindən az olmamaqla müəyyən edilir. Cavabdeh tərəfindən audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan maddi daşıyıcıların və avadanlıqların idxalının həyata keçiirlməsi zamanı heç bir qonorar ödəməməsi, audiovizal əsərə münasibətdə münasibətdə müəllifləri, ifaçıları və audiovizual əsər istehsalçılarını, fonoqrama münasibətdə isə ifaçıları və fonoqram istehsalçılarını gəlir əldə etmək imkanından məhrum etmişdir. Buna görə də cavabdehdən əldən çıxmış faydanı tələb etmək hüququ yaranmışdır. Nəzərə almaq lazımdır ki, müəlliflərin qonorar almaq hüququnun əsası kimi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş minimum qonorarın miqdarı faiz göstəricisi ilə əks olunmuşdur. Nazirlər Kabinetinin 24 avqust 2007ci il tarixli 132 nömrəli Qərarının 5-ci maddəsinə əsasən, iddiaçının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə göndərdiyi rəsmi sorğuya verilmiş cavaba əsasən 1 yanvar 2021-ci il tarixindən 1 yanvar 2024-cü il tarixinədək cavabdeh tərəfindən idxal olunan audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılmasında istifadə olunan maddi daşıyıcıların və avadanlıqların ümumi dəyəri 80 870 477,27 ABŞ dolları məbləğ müəyyən edilmişdir. Bu məbləğin manatla ifadəsi 137 479 811,35 manatdır. Nazirlər Kabineti qərarına əsasən minimum olaraq bu məbləğin 0,5 faizi 687 399 manata bərabərdir. Bu səbəbdən iddiaçı son 3 il üçün 687 399 manat məbləğin tutulmasını tələb edir. İddia ərizəsində hüquqi əsas kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15, 42, 43-cü və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 nömrəli Qərarı göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X5, Nümayəndə2 və qanuni təmsilçisi Nümayəndə1 işin aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdılar. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iştirak edərək işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə iclasında işin Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğunu qeyd etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd olunan normaların müqayisəli təhlilindən və Ali Məhkəmə Plenumunun qərarından belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Adıçəkilən Qərarın 21-ci bəndlərində həmçinin göstərilmişdir ki, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehin kommersiya hüquqi şəxsi kimi sahibkarlıq fəaliyyətindən kənar fəaliyyəti olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması mübahisənin bilavasitə iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi halda mümkün olacaqdır. İş materiallarında olan qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən qurum kimi dövlət qeydiyyatına alınmış, Əqli Mülkiyyət Agentliyinin 27 dekabr 2023-cü il tarixli 2/2023 nömrəli şəhadətnaməsinə əsasən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən təşkilat kimi qeydiyyatda (akkreditasiyadan) keçmişdir. Məhkəmə qeyd edir ki, qanunverici əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara münasibətdə xüsusi nizamasalma aparmış, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarını məhdudlaşdırmışdır. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Göründüyü kimi, iddiaçının ictimai birlik kimi fəaliyyəti audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyinin həyata keçirilməsidir və Birliyin qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Hazırkı iddia isə bilavasitə ictimai birliyin nizamnamə məqsədinin realizəsi ilə bağlıdır. Belə olan halda, hazırkı mübahisəyə ümumi aidiyyət qaydalarına əsasən kommersiya məhkəmələrində baxılması istisna edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 22-ci bəndinə əsasən, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Qeyd olunan Qərarda əks olunmuş hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı mübahisə tərəflərdən birinin qeyri-kommersiya hüquqi şəxsi, digərinin isə sahibkarlıq fəaliyyəti subyekti olduğu əqli mülkiyyət hüquqlarından irəli gələn tələblə bağlı yaranmışdır və belə olan halda mübahisənin kommersiya mübahisəsi olması üçün iddiaçının – qeyri-kommersiya hüquqi şəxsinin də sahibklarlıq fəaliyyətindən irəli gəlməsi mütləq şərtdir. Lakin hazırkı mübahisə iddiaçının üzərinə qoyulmuş vəzifələrlə bağlı olub sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, yuxarıda adıçəkilən Qərarın 18-ci bəndinə əsasən, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Belə ki, həmin Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq, müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi üzrə tələblərə (müəllif, addan, şöhrətdən istifadə etmək hüququ) ümumi məhkəmələr, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı tələblərə (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla) kommersiya məhkəmələri baxır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15 və 16-cı maddələrinə əsasən: – əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ). – Əmlak hüququ isə müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin isə əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququdur və müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ). Göründüyü kimi, hazırkı mübahisə nə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, nə də sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı tələblərə aiddir. Başqa sözlə, iddiaçının tələbi qeyri-əmlak hüququnun realizəsi ilə bağlı olmadığından birinci kateqoriyaya aid tələb kimi ümumi məhkəməyə, sənəye mülkiyyəti obyektinin istifadəsi və müdafiəsi ilə bağlı olmadığından ikinci kateqoriyaya aid tələb kimi kommersiya məhkəməsinə aid deyildir. Bu isə hazırkı işin aidiyyətinin müstəsna məhkəmə aidiyyəti qaydasında deyil, ümumi məhkəmə aidiyyəti qaydasında müəyyən edilməli olduğunu, bu halda isə işin ümumi məhkəməyə aid olduğunu göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 1asən hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi) “pulun tutulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5623/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5623/2024
21.11.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Müəlliflik hüququ ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver