Məhkəmə qərarları › İş №e-2-2(113)-5624/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5624/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5624/2025 13.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi üzrə əsas borc, dövlət rüsumu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10.949.26 borc məbləği və 123 manat dövlət rusumunun cavabdeh FS Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi FS Cavabdeh ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-ci il tarixli 436 saylı “Alqı-satqı” müqaviləsinə əsasən, cavabdehə malların alqı-satqısı həyata keçirilmişdir. Ümumi qaimələrə əsasən 27.814.14 manat mal satılıb və onun qarşılığında 16.863.87 manat məbləğində ödəniş olunmuşdur. Sifarişçi Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2024-ci il tarixli 436 saylı müqavilə üzrə alınan məhsulun dəyəri ilə əlaqədar “üzləşmə aktı” rəsmiləşdirilmişdir. Beləliklə FS Cavabdeh borcu xx.xx.2025-çi il tarixinə İddiaçı MMCyə 10.949.26 manat təşkil edir. Üzləşmə aktı ilə cavabdehin borclu olduğu öz təsdiqini tapır. Qalığ borcu ödəməktən cavabdeh tərəf imtina edir, bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşıb. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, İddiaçı MMC xx.xx.2025-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə “Pretenziya məktubu” ilə müraciət edilmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğin ödənilməsi xahiş olunmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 10:20-yə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bir tərəfdən satıcı İddiaçı MMC, digər tərəfdən alıcı Cavabdeh arasında bağlanan 27 sentyabr 2024-cü il tarixli 436 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən Satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları (bundan sonra mallar) alıcıya satır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir. 2.1-ci bəndinə əsasən Mallarin qiyməti hesab fakturalarda göstərilir. 3.1-ci bəndinə əsasən “Satıcı”nın hüquqları: 3.1.1.Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək; 3.1.2.Alıcı sifariş etdiyi məhsulu əsassız səbəbdən qəbul etməkdən imtina etdikdə sifariş olunmuş malın dəyərini alıcıdan tələb etmək. 3.1.3.Alıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, müqavilənin icrasından birtərəfli imtina etmək və Alıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək. 3.4-cü bəndinə əsasən alıcının vəzifələri: 3.4.1. Malları bu Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qəbul etmək. 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəniş valyutası Azərbaycan manatıdır. 4.2-ci bəndinə bu müqavilə üzrə E-qaimə təqdim edildiyi tarixdən 14 iş gün müddətində ödəniş köçürmə və yaxud nəğd şəkildə həyata keçirilir. Mallara görə edilən ödənişlərdən hər hansı tutulmalara yol verilmir. Təhvil-təslim aktı imzalı olmalıdır hər iki tərəfdən. 4.3-cü bədinə əsasən ödənişlər bu müqavilədə müəyyən edilmiş müddətdə ödənilmədikdə alıcıya gecikdirilən məbləğin hər bir gecikdirilmiş günü üçün ümumi məbləğin 10%-ni keçməmək şərti ilə 0,2 faiz məbləği hesablanacaq. Alıcı göndərilmiş mallara görə ödənişləri ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirdiyi halda satıcı tək öz mülahizəsinə görə malların göndərilməsini yaranmış borcun ödənilməsinədək dayandırmaq hüququna malikdir.

8. Malların satışına dair xx.xx.2024-cü il tarixli, UT-26368 saylı akta əsasən 3130 manat məbləğində (477,46 manat ƏDV daxil), xx.xx.2024-cü il tarixli UT-26442 saylı akta əsasən 960 manat məbləğində (146,44 manat ƏDV daxil), xx.xx.2025-ci il tarixli, UT-138 saylı akta əsasən 2005,14 manat məbləğində (305,88 manat ƏDV daxil), xx.xx.2025-ci il tarixli UT-1255 saylı akta əsasən 4742,27 manat məbləğində (723,38 manat ƏDV daxil) və xx.xx.2025-ci il tarixli UT-1346 saylı akta əsasən 1097,48 manat məbləğində (167,42 manat ƏDV daxil) mallar cavabdehə təhvil verilmiş və cavabdehin işçisi tərəfindən imzalanmaqla qəbul edilmişdir.

9. İddiaçı MMC ilə FS Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən FS Cavabdeh İddiaçı MMC-yə 10949,26 manat məbləğində borcu olduğunu imzası ilə təsdiq etmişdir.

10. İddiaçı MMC tərəfindən FS Cavabdeh göndərilən MT2412 seriyalı, 11997042 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 2145,99 manat, MT2412 seriyalı, 12296769 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 960 manat, MT2501 seriyalı, 10181922 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 2005,12 manat, MT2501 seriyalı, 11486622 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 1097,47 manat və MT2501 seriyalı, 11486614 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ (ƏDV daxil) 4742,29 manat təşkil etmişdir.

11. xx.xx.2024-cü il tarixli kreditin köçürülməsi haqqında 218OCAZ24298 saylı qəbzə əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-nin bank hesabına 3000 manat məbləğində, xx.xx.2024-cü il tarixli 218OPX124325 saylı qəbzə əsasən 3000 manat məbləğində, xx.xx.2024-cü il tarixli 218OPX124340 saylı qəbzə əsasən 2000 manat məbləğində, xx.xx.2024-cü il tarixli 218OPX124352 saylı qəbzə əsasən 790 manat məbləğində, xx.xx.2024-cü il tarixli 218OPX124358 saylı qəbzə əsasən 998 manat məbləğində, xx.xx.2025-ci il tarixli 218OPX124364 saylı qəbzə əsasən 2000 manat məbləğində, xx.xx.2025-ci il tarixli 218OPX125009 saylı qəbzə əsasən 2000 manat məbləğində, xx.xx.2025-ci il tarixli 218OPX125016 saylı qəbzə əsasən 1000 manat məbləğində, xx.xx.2025-ci il tarixli 218OPX125048 saylı qəbzə əsasən 1000 manat məbləğində və xx.xx.2025-ci il tarixli 218OPX125056 saylı qəbzə əsasən 500 manat məbləğində ödənişlər edilmişdir.

12. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ilə sifarişçi “FS Cavabdeh" arasında xx.xx.2024-cü il tarixli 436 saylı "Alqı-satqı" müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC tərəfindən "FS Cavabdeh 27.814,74 manat dəyərində (MT**********46, MT**********83, MT**********03, MT**********23, MT**********85, MT**********52, MT**********88, MT**********05, MT**********85, MT**********42, MT**********69, MT**********22, MT**********14, MT**********22, MT**********14) elektron qaimə kəsilmişdir. "FS Cavabdeh" yaranmış borcun bir qismini (16.863,87 manat) xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 tarixlərində ödəsə də 10.950,87 manat borcu ödəməmişdir.

13. 1834474836 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının cavabdeh qarşısında müqavilə üzrə təhvil verilmiş malların ödənişinin ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasəb qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

16. Məhkəmə ilkin olaraq qeyd edir ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 27 sentyabr 2024-cü il tarixli 436 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilə üzrə malları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş, təhvil aldığı malların bir qismi üzrə ödənişləri həyata keçirsə də, 10949.26 manat məbləğində malın dəyərini ödəməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli üzləşmə aktı əsasında cavabdeh müqavilə üzrə 10949,26 manat məbləğində borcu olmasını öz imzası ilə təsdiq etmişdir. İddiaçı hazırda müqavilə üzrə ödənilməmiş 10949.26 manat borcun cavabdehdən tutulması tələbi ilə çıxış edir.

18. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

19. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin lazımı qaydada icra edilməyərək təhvil aldığı malların bir qismi üzrə ödənişlərin edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, cavabdeh tərəfindən edilmiş ödənişləri və cavabdehin üzləşmə aktını imzalamaqla mübahisələndirilən borcu təsdiq etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən 10949,26 manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

20. İddiaçı tələbində eyni zamanda ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İş materiallarına əlavə edilmiş qəbz əsasında iddiaçı tərəfindən dövlət rüsumunun ödənildiyini təsdiq olunmuşdur. Məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, 123 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10949.26 (on min doqquz yüz qırx doqquz manat iyirmi altı qəpik) manat borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 123 manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar