Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5630/2023 20.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Qafqaz Müsəlmanlar İdarəsinə qarşı “lizing müqaviləsi üzrə borc məbləğinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, cərimə, mediasiya xərci, vəkil xərci ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh Qafqaz Müsəlmanlar İdarəsinə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli 09-L/12 nömrəli müqavilə üzrə yaranmış 10390,00 manat gecikdirilmiş borcu və hesablanmış 13944,96 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 25.034,96 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 09-L/12 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2012-ci il tarixli 09- L/12 nömrəli müqavilə üzrə yaranmış 10390,00 manat gecikdirilmiş borcu və hesablanmış 13944,96 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun MŞB/9/2023-01988 saylı, xx.xx.2023-ci il taixli arayışı təqdim edilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək, xx.xx.2012-ci il tarixli 09-L/12 nömrəli müqavilə üzrə hesablanmış 13944,96 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 09-L/12 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2012-ci il tarixli 09-L/12 nömrəli müqavilə üzrə yaranmış 10390,00 manat gecikdirilmiş borcu və hesablanmış 13944,96 manat cərimə borcu yaranmışdır. Cavabdeh məhkəmə icraatı zamanı 10390 manat məbləğində əsas borc öhdəliyini yerinə yetirsə də, cərimə borcu və məhkəmə xərcləri ödənilməmiş olaraq qalır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, əsas borcu ödəyiblər, hüquqi yardımla bağlı vəkil xərci və mediasiya xərcini ödəməyə hazırdılar, lakin, tələb olunan cərimə borcunu qəti şəkildə qəbul etmir və iddianın həmin hissədə rədd olunmasını xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" ASC ilə QMİ X1 arasında bağlanmış 09 yanvar 2012-ci il tarixli, 09-L/12 nömrəli lizinq müqaviləsinə əsasən:
9. 1.1. Lizinq verən qeyd olunan kənd təsərrüfatı texnikalarını qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir;
10. 1.2. Lizinq alan texnikaların qalıq dəyərindən 3100 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəni isə ödəniş qrafikinə (əlavə №1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır;
11. 1.4. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur;
12. 1.5. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:
13. a) Lizinq alanın xx.xx.2012-ci il tarixli U-01 nömrəli ərizəsi;
14. b) Lizinq ödəniş qrafiki (Əlavə № 1);
15. d) Texnikanın verilməsi bardə təhvil-təslim aktı.
16. 2.2. Lizinq alan:
17. 2.2.1. Texnikanın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən Respublika daxili daşınma, saxlama, boşaltma, sığortlama (sığorta haqqı lizinq verən tərəfindən ödənildikdə) və digər xərclərin ödənilməsini öhdəsinə götürür.
18. 2.2.2. Lizinq ödənişlərinin vaxtından və tam həcmdə ödəyir.
19. 4.1. Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir.
20. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
21. 09 yanvar 2012-ci il tarixli, 09-L/12 saylı lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, yekun ödənilməli məbləğ 45550 manat təşkil etmişdir.
22. 09 yanvar 2012-ci il tarixli, 09-L/12 lizinq müqaviləsinin ödəniş qrafikindən görünür ki, yekun gecikdirilmiş borc 10390 manat və ödənilməli cərimə məbləği 13944,96 manat təşkil etmişdir.
23. 24 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən QMİ-nin gecikdirilmiş borc – 10390 manat, hesablanmış cərimə - 13944,96 manat, ümumilikdə 24334,96 manat borcun olması qeyd olunmuşdur.
24. 31.10.2023-cü il tarixli 2067 saylı A formatlı ödəniş tapşırığına əsasə Qafaqaz Müsəlmanları İdarəsi tərəfindən 10390 manat məbləğində pul vəsaiti AKİA-nın hesabına ödənilmişdir.
25. 13 noyabr 2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun hesabına 500 manat ödəniş edilmişdir.
26. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir.
29. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
31. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri üzrə əsas borcu tam ödəmiş olsa da vaxtında ödəməmişdir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
33. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
34. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.
35. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır.
36. Lakin məhkəmə 10390 manat məbləğində əsas borca tənasübsüz hesablanmış müvafiq olaraq 13944,96 manat məbləğində dəbbə pulu məbləğini əsaslı hesab etmir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Məhkəmə hesab edir ki, hesablanmış 13944,96 manat məbləğində dəbbə pulunun məbləği azaldılmaqla müvafiq olaraq 520 manat məbləğində müəyyən edilməlidir.
39. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri və 500 manat məbləğində vəkil xərci ödənilmişdir.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Qafqaz Müsəlmanlar İdarəsindən xx.xx.2012-ci il tarixli 09-L/12 nömrəli müqavilə üzrə 520 (beş yüz iyirmi) manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova