Məhkəmə qərarları › İş №e-2-2(113)-5630/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5630/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5630/2024 25.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC tərəfindən malların təqdim edilməsinə görə 1188 manat məbləğində ƏDV daxil olmaqla 7788 manat məbləğində xx.xx.2022-ci il tarixli EBCL seriyalı 743394 nömrəli; 764,46 manat məbləğində ƏDV olmaqla 5011,46 manat məbləğində xx.xx.2022ci il tarixli EBCL seriyalı 743388 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

2. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı MMC-yə məxsus hesab üzrə və ƏDV subuçot hesabından çıxarışlardan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına EBCL 743388 saylı elektron qaimə üzrə 4247 manat, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabına isə EBCL 743388 və EBCL 743394 saylı qaimələr üzrə 1952 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, D Ş/B 022 saylı alğı-satqı müqaviləsi əsasında yaranmış 6.600 manat borc pul vəsaitinin və ödənilmiş 86 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında № D Ş/B 022 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolunda göstərilən malları Cavabdeh MMC-yə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya Müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Lakin D Ş/B 022 saylı müqavilə əsasında baş tutmuş alğı-satqı proseslərini təsdiq edən elektron-qaimə əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni Cavabdeh MMC elektron-qaiməyə əsasən ƏDV daxil 6.600 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan “tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər” tələbinə əsasən, dəfələrlə müqavilənin ödənişlə bağlı hissəsinin icra edilməməsinə görə şifahi şəkildə telefon vasitəsilə və üzbəüz görüşərək müraciət olunmasına, həmçinin yazılı qaydada pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd etdikləri elektron-qaimə əsasında yaranmış, ümumilikdə ƏDV daxil 6.600 manat borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Alıcı, yəni Cavabdeh MMC D№Ş/B 022 saylı alğı-satqı müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməmək və ondan boyun qaçırmaqla AR Mülki Məcəlləsinin və digər müvafiq maddələrininin tələblərini kobud şəkildə pozmuşdur. Müqaviləyə əsasən, müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələrin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həlledilməsini razılaşdırmışdırlar.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.3, 427, 427.3, 445.2, 449, 567, 597.1, 598.3, 600-cı maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 8.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

12. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

V. MƏHKƏMƏNİN MÖVQEYİ

13. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC-nin (satıcı) Cavabdeh MMC (alıcı) arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, cavabdeh isə həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 6600 manat məbləğində borcu yaranmışdır. Təqdim edilmiş mallara görə sözügedən məbləğdə borcun mövcudluğu faktı cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaimə və həmin qaimə üzrə ƏDV-nin ödənilməsini təsdiq edən ƏDV sub-uçot hesabından çıxarışla öz təsdiqini tapır.

15. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 6600 manat məbləğində borcu tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 86 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

17. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 86 manat təşkil edir.

18. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 6600 manat məbləğində borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 86 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar