Məhkəmə qərarları › İş №e-2-2(113)-5630/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5630/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5630/2025 24.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi,əldən çıxmış fayda Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2025-ci il tarixli, B2C ERC070125MNM saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Satıcı Alıcının sifarişləri əsasında bu müqavilənin şərtlərinə uyğun olaraq və qeyd olunmuş müddətdə Alıcıya mal təhvil verməyi, Alıcı isə həmin malı qəbul edərək, malın dəyərini Satıcıya ödəməyi öz öhdələrinə götürürlər.

2. Həmin müqavilənin: 2.1. 1.2-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində müvafiq qaydada mülki dövriyyə buraxılmış Mal, qanunvericilikdə nəzərdə tutulmuş və keyfiyyətini təsdiq edən sənədlərə malikdir, uyğunluq sertifikatları ilə təmin edilib, qanunvericiliyin tələblərinə uyğun olara texniki pasportlara və/və ya etiketlərə malikdir; 2.2. 2.1-ci bəndinə görə Malın dəyəri hər satış üçün qaime ilə müəyyən olunur; 2.3. 2.2-ci bəndinə görə Malın dəyəri xarici valyuta ilə müəyyən cluna bilər. 2.4. 2.4-cü bəndinə görə Bu Müqavilənin ümumi məbləği, bu Müqavilənin qüvvədə olduğu müddət ərzində Satıcı tərəfindən Alıcıya tədarük edilən qaimələr üzrə Malın partiyalarının məbləğindən ibarətdir; 2.5. 2.5-ci bəndinə görə Malın dəyərinin ödənişi manatla, qiymət xarici valyuta ilə müəyyən edildikdə isə, ödəniştarixinə xarici valyutanın Azərbaycan manatına olan rəsmi məzənnəsinə uyğun olaraq köçürmə yolu ilə həyata keçirilir; 2.6. 2.6-cı bəndinə görə ödəniş, bu Müqavilənin 1 №-li Əlavəsində nəzərdə tutulan “Qiymətlərin razılaşdırılması protokolu”nun şərtlərinə uyğun həyata keçirilir; 2.7. 2.7-ci bəndinə görə Alıcı, bu Müqavilənin 1 №-li Əlavəsinin tələblərini pozaraq, ödənişi vaxtında, tam və ya lazımı qaydada həyata keçirmədikdə və ya ödənişi gecikdirdikdə, gecikdirilmiş hər gün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən ödənilməmiş məbləğin 0,1 faizi məbləğində Satıcıya dəbbə pulu ödəyir; 2.8. 2.9-cu bəndinə görə Malın dəyərinə ƏDV daxildir və həmin ödənişlər Alıcı tərəfindən Satıcıya, təqdim edilmiş hesablara köçürmə yolu ilə ödənilir; 2.9. 2.11-ci bəndinə görə Malın dəyərinin ödənişi, habelə Malın dəyərinin ƏDV ödənişi, Satıcının fərqli bank hesablarına bu Müqavilədə göstərilən bank rekvizitlərinə köçürmə yolu ilə ödənilir; 2.10. 3.1-ci bəndinə görə Malın sifarişi, Alıcı tərəfindən “Sifariş forması”nın Satıcının elektron poçt ünvanına (sonradan “e-mail” adlanacaq) göndərməklə həyata keçirilir. 2.11. 3.2-ci bəndinə görə Malın təhvil-təslim edilməsi, Satıcının anbarından və ya Alıcıya çatdırılması və Alıclya qaimə (və ya Təhvil-təslim aktı) təqdim edilməsi yolu ilə həyata keçirilir. Təhvil zamanı Alıcı Malın keyfiyyətini və sayını (tamlığını) yoxlayır. Təhvil-təslimin və ya çatdırılma şərtləri “Sifariş forması”nda əks olunur; 2.12. 3.3-cü bəndinə görə Malın təhvil-təslimi zamanı Mal, Alıcının Sifarişinə uyğun olduqda, Tərəflər (və ya onların nümayəndələri) Mala dair qaiməni (və ya Təhvil-təslim aktı) imzalayırlar; 2.13. 3.4-cü bəndinə görə Malda hər hansı qüsur aşkar edilərsə, Tərəflər yerində bu Müqavilənin ayrılmaz və tərkib hissəsi sayılan 2 №-li Əlavədə əks olunan “Qüsur Aktı”nı tərtib edərək imzalayırlar. “Qüsur Aktı” həmin günü Satıcıya, göndərilir və Satıcı 10 (on) iş günü ərzində həmin çatışmazlığı aradan qaldırmalı və ya Malı yenisi ilə əvəz etməli, əvəz etmək mümkün olmadıqda onun dəyərini Sifarişin dəyərindən çıxmalıdır

3. Tərəflər arasında 172 adda malın cəmi 7133,84 ABŞ dollarına (ƏDV daxil) satılması barədə xx.xx.2025-ci il tarixli Qiymətlərin razılaşdırılması protokolu imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Qiymətlərin razılaşdırılması protokolunun 3-cü bəndinə görə malın təhvil verildiyi gün Alıcıya hesab-faktura və e-qaimə təqdim olunur.

4. Həmçinin, tərəflər arasında cəmi 12141,79 manat (ƏDV daxil) malın təhvil verilməsi barədə xx.xx.2025-ci il tarixli, 001-ERC070125MNM saylı Təhvil-təslim aktı imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

5. Bundan başqa, tərəflər arasında xx.xx.2025-ci il tarixdə X3 tərtib edilmiş, aktda xx.xx.2025-ci il tarixinə (xx.xx.2025-xx.xx.2025-ci il dövrü üzrə) cavabdehin borcunun 10651,52 manat olması qeyd edilmişdir. Üzləşmə aktı iddiaçı tərəfindən Kvakhadze, cavabdeh tərəfindən Qanuni nümayəndə təfəindən imzalanmış, yalnız iddiaçının möhürü vurulmuşdur. İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı 10651,52 manat məbləğində əsas borcun, 958,64 manat məbləğində dəbbə pulun, 772,23 manat əldən çıxmış fayda məbləğinin, 1600 manat vəkil qonorarı xərcinin, 132 manat dövlət rüsumunun, ümumilikdə 14114,39 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında imzalanmış ERC070125MNM nömrəli, xx.xx.2025-ci il tarixli “Malın alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilə qüvvəyə mindikdən sonra iddiaçı öz öhdəliklərini yerinə yetirməyə başlamış və cavabdehə razılaşdırılmış Malı təhvil vermişdir. Təhvil verilmiş Mallara dair tərəflər xx.xx.2025-ci il tarixli “Təhvil-təslim Aktı” imzamışlar. Təhvil verilmiş Malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura”lar göndərilmişdir. Cavabdeh öz borcundan müəyyən ödənişlər etsə də, onun sonuncu xx.xx.2025-ci il tarixində etdiyi 847,46 manat ödənişdən sonra iddiaçıya 10651,52 manat məbləğində borcu qalmışdır Borca dair cavabdehlə xx.xx.2025-ci il tarixli “Qarşılıqlı üzləşmə aktı” imzalamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.6-cı bəndinə əsasən, ödəniş müqavilənin 1 nömrəli Əlavəsində nəzərdə tutulan “Qiymətlərin razılaşdırılması” Protokolunun şərtlərinə uyğun həyata keçirilir. Müqavilənin 1 nömrəli Əlavəsində nəzərdə tutulan “Qiymətlərin razılaşdırılması Protokolu”n 2.1-ci bəndinə əsasən, ödəniş təchizat tarixindən 90 gün ərzində ödənilir

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

9. İddiaçının vəkili nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə iyğun izahat verərək iddianın təmin edilməsini etdi.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

11. M Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

16. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

17. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

19. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

27. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, bağlandığı andan yaranır. Bir qayda olaraq alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

28. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, B2C ERC070125MNM saylı alqı-satqı müqaviləsinin bağlanmsı nəticəsində mülki hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək müqavilə və ona əlavələrdə nəzərdə qiymətə malı cavabdehə təhvil vermişdir. İşin bu halı malın təhvil verilməsi barədə xx.xx.2025-ci il tarixli, 001-ERC070125MNM saylı Təhvil-təslim aktı ilə təsdiqini tapır. Həmin aktdan da görünür ki, iddiaçı cavabdehə 12141,79 manat (ƏDV daxil) dəyərində mal vermişdir. Eləcə də, cavabdeh xx.xx.2025-ci il tarixli X2 imzalamaqla iddiaçının öz öhdəliyinin icra etməsini bir daha təsdiq etmişdir.

29. Lakin iddiaçı tərəfindən öhdəlik icra edilməsinə, yəni mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini tam icra etməmiş, aldığı mallarla bağlı ödənişlərini tam icra etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən tikinti materiallarını almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik də götürmüşdür. Cavabdeh isə bağladığı müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

30. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

31. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

32. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 532,57 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.

33. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh müqavilə üzrə əsas borcu ödəsə də, hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı iddiaçının çəkdiyi xərcləri ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.

34. Məhkəmə hesab edir ki, iddia əldə çıxmış faydanın tutulması hissəsində əsassızdır. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Normanın dispozitiv şərtinə görə kreditorun həmin maddədə nəzərdə tutulmuş faizləri tələb etməsi üçün hüquqi əsaslar o halda yaranır ki, borclu pul vəsaitini özündə saxlamaqla və digər üsulla qaytarmamaqla ondan faydalanmış olsun. “Faydalanmaq” sözünün leksik mənası fayda götürmək, xeyir götürmək, istifadə etmək, bəhrə götürmək deməkdir. Əşyadan faydalanmağın hüquqi baxımdan müəyyən mənada izahı Mülki Məcəllənin 135.12-ci maddəsində göstərilmişdir. Həmin müddəaya əsasən əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Plenum Qərarında qeyd olunur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

36. Şərh edilənlər və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşma o nəticəyə gəlməyə əsas verir ki, kreditor Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş pul vəsaitini qaytarmamağa görə fazləri tələb etməsi o zaman əsaslı ola bilər ki, borclunun həmin pul vəsaitindən faydalandığını sübuta yetirilmiş olsun. İddiaçı isə həmin tələbinin əsaslılığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10651,52 manat əsas, 532,57 manat dəbbə pulu, hüquqi yardımla bağlı ödənilmiş 1600 manat vəkil xərci və 132 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12916,09 (on iki min doqquz yüz on altı manat doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar