Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5639/2024 27.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 14 aprel 2023-cü il tarixl, 6021 nömrəli alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokollarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 4.2.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. 4.3.1-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə uyğun təhciz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının öhdəliyidir. 6.2-ci bəndinə əsasən mallar alıcıya təhvil verildikdən sonra müqavilə ilə müəyyən edilmiş müddət ərzində malların dəyəri ödənilmədikdə, alıcı ödənişi gecikdirdiyi hər günə görə 0.05% məbləğində dəbbə pulu ödəməlidir. 11.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhiirləndiyi tarixdən qüvvəyə minir və tərəflərin hazırkı müqavilə üzrə öhdəliklərinin tam yerinə yetirilməsi anınadək qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. xx.xx.2023-cü il tarixli, 6021 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşma protokolunda malların adı, miqdarı, ölçüsü və qiyməti göstərilmişdir. Protokola əsasən müəyyən edilir ki, (15 ədəd printer Canon M-3010, 6 ədəd printer HPT, 860 ədəd A4 kağız, 200 ədəd qeyd dəftəri 96 vərəqə və 150 ədəd 144 vərəq qeyd dəftəri) cəmi 23.595,17 manat (3599,26 manat ƏDV daxil) dəyərində mallar satıcı tərəfindən alıcıya təhvil verilməlidir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı QSC tərəfindən alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 23.595,17 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDD seriyalı 755674 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Elektron qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə cəmi 23.595,17 manat dəyərində mallar (15 ədəd printer Canon M-3010, 6 ədəd printer HPT, 860 ədəd A4 kağız, 200 ədəd qeyd dəftəri 96 vərəqə və 150 ədəd 144 vərəq qeyd dəftəri) təhvil verilmişdir. Təhvil-təslim aktı tərəflərin imzası ilə təsdiq edilmişdir.
5. xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə alqı-satqı müqavilə üzrə təqdim edilmiş mallara görə ƏDV daxil 23.595,17 manat məbləğində hesab-faktura təqdim edilmişdir.
6. Hesab-faktura tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 iş gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
8. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 6021 saylı alqı-satqı müqaviləsi üzrə 18.595,17 manat məbləğində əsas borc, 4183,92 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 6021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 6021 saylı müqaviləyə əsasən İddiaçı QSC ümumi dəyəri ƏDV daxil 23595,17 manat olan ofis və dəftərxana malları iddiaçı tərəfindən cavabdehə satılmışdır. Cavabdeh müqavilə üzrə borcdan bugünə kimi 5000 manat məbləğində ödəniş etmişdir. Qalıq borcun ödənilməsi üçün Cavabdeh MMC ilə dəfələrlə şifahi görüşlər təşkil olunmuş, borcun ödənilməsi tələbi ilə cavabdehə 01 iyul 2024-cü il tarixli H-21/2023 saylı pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Göründüyü kimi cаvаbdеh xx.xx.2023cü il tarixli 6021 saylı alqı-satqı müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində ”X3 Companies” QSC-ni müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli 6021 saylı alqı satqı müqaviləsinə əsasən 18595.17 manat borc və 4183.92 manat dəbbə pulu cavabdehdən tutulmalıdır. xx.xx.2023-cü il tarixli 6021 saylı alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən mallar alıcıya təhvil verildikdən sonra müqavilə ilə müəyyən edilmiş müddət ərzində malların dəyəri ödənilmədikdə, alıcı ödənişi gecikdirdiyi hər günə görə 0.05% məbləğində dəbbə pulu ödəməlidir.
10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 21.3, 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 1096.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
12. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 14 aprel 2023-cü il tarixl, 6021 nömrəli alqı-satqısı haqqında müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, cavabdeh isə həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 18.595,17 manat məbləğində borcu yaranmışdır.
21. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 18.595,17 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
22. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 4183,92 manat məbləğində faiz borcunun(dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 900 manat məbləğində müəyyən edilməlidir.
26. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 159 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 158,34 manat təşkil edir.
28. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 18.595,17 manat məbləğində əsas borc, 900 manat məbləğində dəbbə pulu, cəmi 19.495,17 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva