Məhkəmə qərarları › İş №e-2-2(113)-5657/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5657/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5657/2022 27.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məhdud Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1 Company" MMC-dən 31624,28 manat (otuz bir min altı yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) məbləğində pulun, Azərbaycan Mərkəzi Bankının illik 5% uçot faiz dərəcəsinə uyğun son üç il üzrə - 4743 manat (dörd min yeddi yüz qırx üç) cərimə məbləğinin və mediasiya xidmətinə görə ödənilmiş 210 (iki yüz on) manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “X1” MMC ilə iddiaçı arasında xx.xx.2019-ci il tarixli, 43/19-saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən müxtəlif növdə və ölçüdə metal məmulatlarının (armatur) satışı həyata keçirilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 31624,28 manat mal satışı baş tutmuş və mallar təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə bununla bağlı xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 696314 nömrəli elektron qaimə göndərilmişdir. Alınan mala münasibətdə cavabdeh (alıcı) tərəfindən indiyədək hərhansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya müqavilə üzrə ödəməli olduğu 31624,28 manat borc pul məbləği olduğu kimi qalmaqdadır. Dəfələrlə iddiaçı tərəfindən cavabdehdən müqavilə üzrə borcun ödənilməsinin tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Belə ki, cavabdehə hər dəfə həm şifahi, həm yazılı müraciətlər ünvanlanmış, həmçinin məhkəməyə qədər nizama salma qaydasında məsələnin sülh yolu ilə həlli üçün ilkin mediasiya sesiyasına cavabdeh dəvət olunmuş, lakin gəlməmişdir. Bununla bağlı iddiaçı tərəfindən əlavə olaraq mediasiya xərcləri ilə bağlı 210 manat pul ödənişi edilmişdir. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş iddia ərizəsində iddiaçı 31624.28 manat (xx.xx.2019-cu il tarixli, 43/19 saylı müqavilədən irəli gələn borc), 4743 manat (dəymiş zərərin faizı), həmçinin mediasiya xidmətinə görə ödənilmiş 210 manat, cəmi 36577.28 manat cavabdehdən tutularaq İddiaçıya ödənilməsini tələb etmişdir. İddiaçı sübutedici sənəd kimi xx.xx.2020-ci il tarixli, EBAQ 696314 saylı eqaiməyə, həmçinin xx.xx.2022-ci il tarixli tərəflər arasında bağlanmalı olan təhvil-təslim və üzləşmə aktlarına istinad etmişdir. İddiaçının bu tələbi və iddiası səhvdir və tam əsassızdır. Belə ki, iddiaçı öz iddiasında cavabdehə 31624,28 manat məbləğində müxtəlif növlü və ölçülü metal məmulatlarının satdığını iddia etsə də, iddiaçı sözügedən məbləğdə, miqdarda cavabdehə malın satılmasına və təhvil verməsinə dair heç bir sübutedici sənəd təqdim etmir. Təqdim olunan xx.xx.2022-ci il tarixli üzləşmə və təhvil-təslim aktları isə cavabdeh tərəfindən imzalanmamışdır. Bu səbəbdən iddiaçı malın təhvilini sübut etmədən əsassız qaydada cavabdehdən pul tələb edir. Bundan başqa, iddiaçı 31624,28 manat məbləğində olan malı, xx.xx.2019-cu il tarixli, 43/19 saylı müqavilə əsasında satdığını iddia edir. Sözügedən müqavilə ümumi müqavilədir və müqavilənin 1.2-ci maddəsinə əsasən alınan malın adı, miqdarı və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma əsasında müəyyən olunmalıdır. Lakin tərəflər arasında elə bir razılaşma mövcud deyildir. İddiaçı həmçinin xx.xx.2020-ci il tarixdə sistem tərəfindən təsdiq olunmuş EBAQ 696314 saylı e-qaiməni malın təhvilini təsdiq edən sənəd kimi məhkəməyə təqdim etsə də, e-qaimə malın təhvil verilməsini təsdiq edən sənəd hesab oluna bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarındada qeyd olunduğu kimi, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq izahatında son üç il üzrə tələb edilən 4743 manat məbləğin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablandığını bildirdi və həmin məbləğin qeyd olunan maddəyə istina edilərək tutulmasını xahiş etdi. Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 43/19 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı aşağıda göstərilən şərtlərə uyğun olaraq satıcıdan metal materialları almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satıcı aşağıda 1 №-li Əlavədə göstərilən malları alıcıya göndərməyi, alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən mal bütün növ nəqliyyat vasitəsi ilə göndərilə bilər. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satıcı satılan malı öz anbarından alıcının nümayəndəsinə təhvil verir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən malın daşınması alıcının nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən malın göndərilmə tarixi yolasalma sənədlərində qaimə-fakturalarda göstəriiən tarix hesab edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satılan malın bir ton qiyməti hər növbəti partiya üçün razılaşdırılalaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəyir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 696314 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31624,28 (ƏDV daxil) manat təşkil edir. - iddiaçı tərəfində cavabdehə göndərilmiş e-qaimələrlə bağlı çıxarışdan görünür ki, cavabdehə 4 e-qaimə (o cümlədən hazırkı iş üzrə göndərilən e-qaimə) göndərilmiş, onlardan ikisi ləğv edilmiş, biri cavabdeh tərəfindən təsdiqlənmiş, biri isə (hazırkı) sistem tərəfindən təsdiqlənmişdir. - "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin AZ49JbbK**********0179778A58 nömrəli hesabına xx.xx.2020-ci il tarixdə 5420,19 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 01/22 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehdən 31624,28 manat (otuz bir min altı yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) məbləğində pulun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə tam təmin edilməli, cavabdehdən borca görə 31624,28 manat (otuz bir min altı yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin etiraz ərizəsində qeyd etdiyi dəlillərlə razılaşmamış və belə qənaətə gələrkən onu nəzərə almışdır ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında olan münasibətlərdə müqavilə əsasında e-qaimələrin göndərilməsi və həmin e-qaimələr əsasında ödənişlərin edilməsi, həmçinin səhv göndərilmiş e-qaimələrin ləğv edilməsi praktikası mövcud olmuşdur. Tərəflər müqavilə şərtlərinə uyğun hərəkət etməmişdir. Ödənilməsi tələb edilən 31624,28 manat borcla bağlı e-qaimə göndərilmiş, ləğv olunmamış və e-qaimədə 43/19 nömrəli alqı-satqı müqaviləsinə istinad edilmişdir. Tərəflər arasındakı hazırkı müqavilə üzrə əvvəlki münasibətlərdə (məsələn, ödənişi edilən e-qaimə üzrə olan) başqa praktikanın olması, müqavilə şərtlərinə uyğun davranılması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilməyə görə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan son üç il üzrə 4743 manat məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmin hissədə iddianın qismən təmin olunması və cavabdehdən 1 illik gecikdirməyə görə 1581,21 manat (31624,28 manat əsas borcun 5%-i = 1581,21 manat) məbləğində pulun iddiaçının xeyrinə tutulmasını məqsədəuyğun sayır. Belə qənaətə gələrkən məhkəmə müqavilə şərtlərinə müvafiq davranılmadığını, eləcə də pretenziyanın göndərilmə tarixlərini də nəzərə alır. İddiaçı 210 (iki yüz on) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 210 (iki yüz on) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 31624,28 manat (otuz bir min altı yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1581,21 manat (min beş yüz iyirmi dörd manat iyirmi bir qəpik) və 210 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 33415,49 manat (otuz üç min dörd yüz on beş manat qırx doqquz qəpik) məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar