Məhkəmə qərarları › İş №e-2-2(113)-566/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-566/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-566/2023 16.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti (İddiaçı BOKT ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 23 dekabr 2021-ci il tariхli, 2021/00335-01 №-li lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı BOKT ASC-nin xeyrinə əsas borc üzrə 4713,70 manat məbləğində qalıq, ona hesablanmış 5856,83 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7582 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 18152,53 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 205 manat məbləğində pulun tutulması, lizinq obyekti olan **-PX-*** dövlət qeydiyyat nişanlı, marka/model: X6 Minik, buraxılış ili: 2011, ban nömrəsi: WDF**********8127, rəngi: qara, mühərrik həcmi: 2987 sm³ olan minik avtomobilinin İddiaçı BOKT ASC-yə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə arasında bağlanmış 23 dekabr 2021-ci il tariхli, 2021/00335-01 №-li lizinq müqaviləsinə əsasən lizinq obyekti olan **-PX-*** dövlət qeydiyyat nişanlı, marka/model: X6 Minik, buraxılış ili: 2011, ban nömrəsi: WDF**********8127, rəngi: qara, mühərrik həcmi: 2987 sm³ olan minik avtomobil 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 34400 manata lizinqə verilmişdir. Cavabdeh MMC lizinq müqaviləsinin tələblərinə əməl etməmiş, lizinq haqqları və ona hesablanmış faizlərin ödənilməsində gecikmələrə yol vermişdir. Belə ki, 02 noyabr 2022-ci il tarixinə əsas borcu üzrə 4713,70 manat məbləğində qalıq, ona hesablanmış 5856,83 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7582 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 18152,53 manat məbləğində borc yaranmışdır. xx.xx.2022-ci il tarixində “taxes.gov.az” elektron portalının İddiaçı BOKT ASC-yə məxsus şəxsi kabinetindən Cavabdeh MMC-yə elektron qaydada pretenziya məktubu göndərilmişdir. Cavabdehə lizinq müqaviləsinin ləğv edilməsi təklif edilmişdir və ona xx.xx.2022-ci il tarixinə qədər vaxt verilmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçının müraciətinə pretenziya ilə müəyyən olunan vaxt ərzində münasibət bildirmədiyindən, mübahisənin pretenziya qaydasında həll edilməsi baş tutmamışdır. Daha sonra xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif yollanılmışdır. Tərəflər xx.xx.2022-ci il tarixinə ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət olunmuşlar. xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyaslnda iştirak edilməməsi barədə” arayışdan da göründüyü kimi, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, mübahisənin məhkəməyə qədər mediatorun vasitəçiliyi ilə həlli baş tutmamışdır. xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyaslnda iştirak edilməməsi barədə” arayışdan və 3283 saylı ödəniş tapşırığından da göründüyü kimi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı olaraq 205 manat məbləğində mediasiya xərci İddiaçı BOKT ASC tərəfindən ödənilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, tərəflər arasında imzalanmış 23 dekabr 2021-ci il tariхli, 2021/00335-01 №-li lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı BOKT ASC-nin xeyrinə əsas borc üzrə 7077,19 manat məbləğində qalıq, ona hesablanmış 8285,93 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 7582 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 22945,12 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 205 manat məbləğində pulun tutulması, lizinq obyekti olan **-PX-*** dövlət qeydiyyat nişanlı, marka/model: X6 Minik, buraxılış ili: 2011, ban nömrəsi: WDF**********8127, rəngi: qara, mühərrik həcmi: 2987 sm³ olan minik avtomobilinin İddiaçı BOKT ASC-yə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Lizinq verən” İddiaçı BOKT ASC ilə “lizinq alan” Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 2021/00335-01 saylı X4 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə “Əlavə 2”-də qeyd olunmuş və ətraflı təsviri verilmiş X2 (7E-2707 reyestr nömrəsi ilə çıxış edən X1) (Şəxsiyyət vəsiqəsi: AA0131645, Asan-5 tərəfindən xx.xx.2018ci il tarixində verilib) məxsus markası: X6 minik, buraxılış ili: 2011, ban nömrəsi: WDF**********8127 rəngi: qara, mühərrik həcmi: 2987 sm3 olan nəqliyyat vasitəsini mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan bu müqavilənin imzalanmasından sonra lizinq verənin satıcı ilə bağladığı müqavilə üzrə alıcının hüquq və öhdəliklərini, o cümlədən əmlakın saxlanılması, istifadəsi, təmiri, sahibliyi, habelə satıcıya qarşı tələblərin irəli sürülməsi üzrə hüquq və öhdəliklərini qəbul edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq verən lizinq alanla əmlakın qiymətini, təslim müddətlərini və alqı-satqı müqaviləsinin digər şərtlərini razılaşdırmışdır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən əmlak lizinq alana lizinq verən tərəfindən 36 (otuz altı) ay müddətinə lizinqə verilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 34400 (otuz dörd min dörd yüz) manat tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra lizinq alan tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə (Əlavə 1) göstərilən qaydada və müddətlərdə ödənilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən lizinq obyektindən istifadə edilməsinə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə (Əlavə 1) tam əks edilir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan lizinq haqqını lizinq verənə “Ödəmə cədvəli”nə uyğun olaraq ödəməlidir və əmlakın gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, texniki nasazlıq və bu kimi səbəblər lizinq alanı ödəniş öhdəliklərindən azad etmir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən “Ödəmə cədvəli”ndə (bu müqavilənin 1 saylı Əlavəsi) göstərildiyi tarixdə lizinq alan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə, o, hər gecikdirilmiş gün üçün lizinq haqqının 0,2%-i miqdarında cərimə faizi ödəyəcəkdir. - Müqaviləyə edilən 1 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən lizinq verənə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü ilədək hər ay 1460,3 manat məbləğində ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2023-cü il tarixli, 1114-0123 nömrəli borc haqqında arayışda qeyd olunmuşdur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00335-01 saylı X4 Müqaviləsinə əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə 7077,19 manat əsas borc, 8285,93 manat faiz borcu, 7582 manat cərimə faizi olmaqla, cəmi 22945,12 manat lizinqi borcu vardır. - İddiaçı BOKT ASC pretenziya qaydasında bildirişlə Cavabdeh MMC-yə müraciət edərək, borcun ödənilməsini və avtomobilin 7 (yeddi) gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə lizinq müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz, dəbbə pullarının tam şəkildə ödənilməsi və müqaviləyə xitam verilərək avtomobilin öz mülkiyyətçisinə qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh MMC arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı müqaviləyə xitam verilməsi, lizinq obyekti olan avtomobilin geri qaytarılması və pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00335-01 saylı X4 Müqaviləsi ləğv edilməli, Lizinq obyekti olan **-PX-*** dövlət qeydiyyat nişanlı, marka/model: X6 Minik, buraxılış ili: 2011, ban nömrəsi: WDF**********8127, rəngi: qara, mühərrik həcmi: 2987 sm³ olan minik avtomobil İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə qaytarılmalı və Cavabdehndən 7077,19 manat (yeddi min yetmiş yeddi manat on doqquz qəpik) əsas borc, 8285,93 manat (səkkiz min iki yüz səksən beş manat doxsan üç qəpik) faiz borcu, 7582 manat (yeddi min beş yüz səksən iki) dəbbə pulu, 205 (iki yüz beş) manat mediasiya xərci olmaqla, cəmi 22945,12 manat (iyirmi iki min doqquz yüz qırx beş manat on iki qəpik) məbləğində pul tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00335-01 saylı X4 Müqaviləsi ləğv edilsin. Cavabdehndən 7077,19 manat (yeddi min yetmiş yeddi manat on doqquz qəpik) əsas borc, 8285,93 manat (səkkiz min iki yüz səksən beş manat doxsan üç qəpik) faiz borcu, 7582 manat (yeddi min beş yüz səksən iki) dəbbə pulu, 205 (iki yüz beş) manat mediasiya xərci olmaqla, cəmi 22945,12 manat (iyirmi iki min doqquz yüz qırx beş manat on iki qəpik) məbləğində pul tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilsin. Lizinq obyekti olan **-PX-*** dövlət qeydiyyat nişanlı, marka/model: X6 Minik, buraxılış ili: 2011, ban nömrəsi: WDF**********8127, rəngi: qara, mühərrik həcmi: 2987 sm³ olan minik avtomobil İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar