Məhkəmə qərarları › İş №e-2-2(113)-566/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-566/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-566/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 13096 məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 2827 manat pulun, 200 manat mediasiya haqqı və hüquqi yardımın göstərilməsinə dair 150 manat xidmət haqqının tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 10 mart 2021-ci il tarixli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında göndərilməsinin və servisin təmin olunması üçün məsuliyyət daşıyır, "Sifarişçi" isə həmin şərtlər daxilində malı, xidməti qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq malı (xidməti) təhvil versə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilə müqabilində verilməli olan ödənişi ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 13096 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” haqqında 564233, 981185, 753517 nömrəli elektron qaimələrlə təsdiq edilir. Lakin bundan sonra tərəfimizdən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, sonuncu dəfə 19 oktyabr 2022-ci il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməyimiz barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul iddiaçıya ödənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, icraçı müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında göndərilməsinin və servisin təmin olunması üçün məsuliyyət daşıyır, sifarişçi isə həmin şərtlər daxilində malı, xidməti qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 753517 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 21682,50 manat məbləğində (ƏDV daxil) mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, EBAZ seriyalı 753517 nömrəli elektron qaimə üzrə 3000 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, EBAZ seriyalı 753517 nömrəli elektron qaimə üzrə 2375 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə xx.xx.2023-cü il tarixə əsas borc 21682,50 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 2827 manat borcu var . xx.xx.2023-cü il tarixli ödəmə qəbzindən görünür ki, İddiaçı MMC 150 manat hüquqi yardımın göstərilməsinə dair xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli, 02309 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı MMC 200 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1 445.7 və 567-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mallar təhvil verilmiş və 21682,50 manat məbləğində (ƏDV daxil) borcu əks etdirən xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 753517 nömrəli elektron qaimə sistemə vurulmuş, Cavabdeh MMC sözügedən elektron qaimə üzrə borcun bir hissəsini ödəsə də, 13096 manat məbləğində (ƏDV daxil) borc ödənilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 13096 manat əsas borc, hüquqi yardım üçün ödənilmiş 150 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsaitin cavabdehdən tutulması hissəsində tələb əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı gecikdirilmiş vaxt üçün illik 5%-lə borcu elektron qaimədə müəyyən edilmiş məbləğə (21682,50) manat münasibətdə hesablamış, halbuki məhkəməyə müraciət edərkən əsas borc 13096 manat təşkil etdiyinə görə tələb həmin hissədə qismən 1731,58 (13096 x 5% : 360 x 952 gün) manat məbləğində təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 13096 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1731,58 manat, hüquqi yardım üçün ödənilmiş 150 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13096 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1731,58 manat, hüquqi yardım üçün ödənilmiş 150 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar