Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-568/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, müqaviləyə xitam verilməsi, pul tələbi, lizinq obyektinin qaytarılması) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh müqavilənin ləğvi, lizinq avadanlığının geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11036 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə əsasən xx.xx.2024-cü it tarixədək yaranmış 777,23 manat gecikdirilmiş əsas borc, 88,15 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə 865,38 manat borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı ona ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11036 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə xitam verilməsi və 1 ədəd “ABOLLO TY-DM165 165 DRUMMOWER” markalı otbiçənin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11036 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “ABOLLO TY-DM165 165 DRUMMOWER” markalı otbiçən cavabdehə 18 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 3299 manat təşkil etmişdir. Həmin məbləğin 1290 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 659.80 manat məbləğində ilkin ödəniş və 50 manat müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətə ödənilmişdir. Eyni zamanda, cavabdeh X1 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə 777,23 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixinə qədər 88,15 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, iddiaçı tərəfdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLP-24/0015 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli KTA-KTT-23/11036 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” nə əsasən xx.xx.2024-cü il tarixə qədər 777,23 manat gecikdirilmiş əsas borc, 88,15 manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 865,38 manat öhdəliyi vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.İsmayılova müqavilənin müddətinin bitməsi ilə bağlı iddia tələbini lizinq müqaviləsinin ləğv edilməsi hissəsində dəqiqləşdirəcəklərini və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edəcəklərini bildirmiş, qalan hissədə iddia tələbini müdafiə etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2023-cü il tarixdə KTA-KTT-23/11036 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qimsində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyekti 2022ci il buraxılışlı Abollo TY-DM165 165 Drum Mower markalı Otbiçəndir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 3299 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 1290 manat təşkil edir. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün , bir il-360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% -i miqdarında cərimə hesablamaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 15.1. Maliyyə Lizinqinin müddəti bitdikdən sonra 30 təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cəimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə keçirməlidir. 15.2-ci maddəsinə görə müqavilənin 15.1-ci bəndində müəyyən edilmiş şərtləri yrinə yetirilmədikdə, lizinq verən lizinq obyektinin mülkiyyət hüqunun əldə edilməsi ilə bağlı lizinq alana yazılı xəbərdarlıq göndərir. Lizinq alan rəsmi xəbərdarlığı aldıqdan sonra da 30 gün ərzində 15.1-ci bənddə nəzərdə tutulmuş hərəkətləri həyata keçirmədikdə, lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. xx.xx.2023-cü il tarixdə KTA-KTT-23/11036 nömrəli X2 müqaviləsinə 1 saylı əlavəyə əsasən lizinq obyektini 2022-ci il buraxılışlı Abollo TY-DM165 165 Drum Mower markalı Otbiçən təşkil edir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Abollo TY-DM165 165 Drum Mower markalı Otbiçən Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə KTA-KTT-23/11036 nömrəli X2 müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 18 ay müddətində 1-ci ay 29,98 manat, daha sonra 2-ci aydan başlayaraq hər ay 74,96 manat (sonuncu ay 44,90 manat) olmaqla cəmi 1349,20 manat məbləğində lizinq ödənişləri edilməli idi. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən arayışın verildiyi tarixə Cavabdeh xx.xx.2023-cü il tarixdə KTA-KTT-23/11036 nömrəli lizinq müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 777,23 manat, cərimə borcu 88,15 manat, cəmi borcu 865,38 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.....Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur...”. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında X2 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə lizinq predmeti olan Abollo TY-DM165 165 Drum Mower markalı Otbiçəni cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də xx.xx.2023-cü il tarixdə KTA- KTT-23/11036 saylı lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 777,23 manat gecikdirilmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə bağlanmış mübahisəli lizinq müqaviləsində lizinq müddətinin 18 ay olması göstərilmiş, yəni müqavilənin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qüvvədə olma müddəti bitmiş müqaviləyə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmamış, həmçinin bunun üçün zərurət də qalmamışdır. Odur ki, lizinq müqaviləsinin müddəti bitdiyindən ona xitam verilməsinə ehtiyac olmadığı üçün iddia tələbi müqaviləyə xitam verilməsi hissəsində rədd edilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan Cavabdeh lizinq haqqını ödəmək öhdəliklərini tam şəkildə icra etməyərək, ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənişlər etmədiyindən, İddiaçı ASC lizinq obyekti olan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də həmin hissədə iddia təmin olunmalıdır. Həmçinin iddiaçı cavabdehdən 88,15 manat cərimənin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 38 manat müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə iddia qiymətinin 94%-ə yaxın hissəsi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lizinq predmeti olan Abollo TY-DM165 165 Drum Mower markalı Otbiçən saz və işlək vəziyyətdə İddiaçı ASC-yə geri qaytarılsın. Cavabdeh 777 (yeddi yüz yetmiş yeddi) manat 23 (iyirmi üç) qəpik əsas borc, 38 (otuz səkkiz) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddaiçı İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-568/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-568/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver