Məhkəmə qərarları › İş №e-2-2(113)-569/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-569/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-569/2022 18.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Cərkəz Rüstəm qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “cərimə borcunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 327.694,08 (üç yüz iyirmi yeddi min altı yüz doxsan dörd manat, 08 qəpik) manat məbləğində cərimə borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı olaraq İddiaçı MMC ilə təhcizatçı Cavabdeh MMC arasında 03 sentyabr 2021-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh MMC təhcizatçı olaraq müqavilənin 1 saylı Qoşmasında göstərilən ƏDV istisna olmaqla 114.980.38 (yüz on dörd min doqquz yüz səksən manat 38 qəpik) manat məbləğində malları alıcıya verməli idi. Müqavilənin 3.2.1-ci bəndinə əsasən Cavabdeh MMC bütün malları 11 oktyabr 2021-ci il tarixinədək İddiaçı MMC-nin Sumqayıt şəhərində yerləşən anbarına çatdırmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə əsasən təhcizatçı malları müqavilədə müəyyən edilmiş müddətdə çatdırmazsa və ya mallardakı çatışmazlıqları aradan qaldıra bilməzsə, alıcı hər təqvim günü üçün müqavilənin ümumi qiymətinin 5 (beş) faizi məbləğində cərimə tətbiq edə bilər. Bu cərimə təhcizatçını müqavilə üzrə öhdəliklərdən azad etmir və alıcının hüquqlarına təsir göstərmir. Malların təhcizatının vaxtında çatdırılması barədə müraciətlərimizə Cavabdeh MMC tərəfindən belə bir cavab olmuşdur ki, o, həmin malların təhcizatı üçün "xxxx" MMC ilə müqavilə bağlamış və məhz axırıncının öz vəzifəsini yerinə yetirə bilməməsi səbəbindən gecikmələr baş vermişdir. Cavabdeh malları 17 dekabr 2021ci il tarixində təhvil vermişdir ki, bu da müəyyən olunmuş müddətdən 66 gün gecikdirmə deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 03 sentyabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə və ona 1 saylı əlavə qoşmadan görünür ki, satıcı Cavabdeh MMC 11.10.2021-ci il tarixədək ƏDV daxil 135.676,85 manat dəyərində olan malı iddiaçının Sumqayıt şəhərində yerləşən anbarına çatdırmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan müqaviləyə 1 saylı əlavə qoşma və 17.12.2021-ci il tarixli təhvil aktından görünür ki, 133.211,85 manat dəyərində olan mallar iddiaçıya təhvil verilmişdir. Göründüyü kimi mallar müqavilədə razılaşdırılmış müddətdən təxmini 66 gün sonra alıcıya təhvil verilmişdir. Hazırda da, iddiaçı müqavilənin 8-ci bəndinə istinad edərək 327.694,08 manat məbləğində cərimə borcunu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 7000 manat məbləğində cərimə borcunun tutulması daha ağlabatandır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 03 sentyabr 2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən 7000 (yeddi min) manat məbləğində cərimə borcu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar