Məhkəmə qərarları › İş №e-2-2(113)-5692/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5692/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5692/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliyin lazımınca icra edilməməsi, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC tərəfindən öhdəliklərinin üzrlü səbəblər olmadan, qərəzli və qəsdən yerinə yetirilməməsi səbəbindən yaranmış 71,387.42 manat əsas borc, həmçinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 1 illik 5 faiz hesabı ilə 20 ay üçün 5.949 manat gecikmə borcu, dövlət rüsumu və bank xərci olaraq 304.16 manat məbləğində xərcin, ümumilikdə 77,640.58 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh – "xxxx" QSC ilə aralarında bağlanmış 240439 saylı, xx.xx.2022-ci il tarixli müqavilə əsasında şirkət cavabdehə bir sıra daşıma xidmətləri göstərmişdir. Həmin müqaviləyə əsasən ECO tərəfindən müvafiq malların – yəni 18 ədəd “DREZİN VMT” avadanlığının daşınması həyata keçirilmiş və ADY-yə müvafiq qaydada təhvil verilmişdir. Daşınmaların həyata keçirilməsi zamanı ECO tərəfindən ADY-yə mütəmadi status hesabatları təqdim edilmişdir. Malların – “DREZİN VMT” avadanlığının ADY tərəfindən təhvil alınmasını təsdiq edən sənəd qismində ADY-nin müvafiq əməkdaşı tərəfindən təsdiq edilmiş “CMR” sənədləri çıxış edir. ECO öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra edib bütün malları vaxtında ADY-yə çatdırsa da, ADY ödənişlə bağlı öhdəliyi tam şəkildə icra etməmiş və hazırda ADY-nin ECO-ya 71,387.42 manat məbləğində borcu vardır. Daşıma başa çatdıqdan və mallar tam təhvil verildikdən bir ay müddət sonra onlara malların – “DREZİN VMT”-nin birində zədələnmə olduğu bildirilmiş və qalan borc məbləğinin məhz bu səbəbdən ödənilməsi ADY tərəfindən saxlanılmışdır. Tərəfindən göstərilmiş 71,387.42 manat dəyərində xidmətin ödənişi uzun müddətdir cavabdeh tərəfindən şifahi və yazılı müraciətlərə baxmayaraq ödənilmir. Sözügedən məbləğin ödənilməsi və məsələnin danışıqlar yolu ilə həll olunması üçün cavabdehə müvafiq pretenziya məktubu da təqdim edilmiş, lakin cavabdeh heç bir geri dönüş etməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 443.5, 443.6-cı və s. maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə “iddiaya etiraz ərizəsi” ünvanlayaraq qeyd etmişdir ki, iddianı qəbul etmirlər. Belə ki, cavabdeh ADY ilə "xxxx" MMC (iddiçının əvvəlki adı) arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilə bağlanmışdır. Müqavilənin ümumi məbləği vergilər və digər xərclər daxil olmaqla, 934065 manat təşkil edib. Müqaviləyə əsasən "xxxx" MMC tərəfindən 17 ədəd drezin daşınmış, bunun müqabilində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" MMC-yə 900.881,14 manat ödəmişdir. Lakin 18-ci drezin digər drezinlərdən fərqli olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə gec çatdırılmış, çatdırıldıqdan sonra məlum olmuşdur ki, qeyd olunan drezin zədələnmiş, zədə yeri sonradan suvaq ilə örtülmüşdür. Bu haqda xx.xx.2023-cü il tarixdə akt da tərtib olunmuşdur. Bu məsələ ilə bağlı "xxxx" MMC-nin rəhbərliyi ilə görüşlər təşkil olunmuş və nəticədə tərəflər razılığa gəlmişdir ki, zədələnmiş drezinin təmirini ADY öz üzərinə götürür, "xxxx" MMC isə müqavilə üzrə qalıq borc məbləğini ADY-yə güzəşt edir. Şirkətin direktoru ADY-yə mail vasitəsilə ünvanlanmış məktubda bunu qeyd etmişdir. ADY tərəfindən müqavilə üzrə götürülən öhdəliklərə riayət edilmiş, "xxxx" MMC-yə heç bir ziyan vurulmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında məhkəməyə elektron qaydada ünvanlanmış izahatın məzmununa uyğun izahat verərək bildirdi ki, 18 drezinin qüsurlu çatdırılması ilə bağlı tərəflər arasında qüsur aktı və ya bu halı təsdiqləyən heç bir sənədin tərtib edilmədiyini, həmçinin qüsurlu çatdırılma ilə bağlı cavabdeh tərəfindən iddiaçıya müraciət olunduğunu təsdiq edən hər hansı sənədin təqdim edilmədiyini, tərəflər arasında bağlanmış müqavilənin 16-cı maddəsində sifarişçinin aşkar olunmuş qüsurlar barədə ekspeditora dərhal bildiriş verməli olduğunu, ADY tərəfindən bununla bağlı heç bir bildirişin təqdim olunmadığını, həmçinin 77.640.58 manat məbləğində pul tələbinin 18 drezinin ödənişi və yükün boşdayanması ilə bağlı demuraj məbləğinin cəmi olduğunu, iddia tələbi olan borcun iddiaçı tərəfindən güzəştə gedildiyinə dair elektron poçt vasitəsi ilə edilmiş razılaşmanın tamamilə etibarsız olduğunu, borcun güzəşt edildiyini bildirən Məhəmməd Rzayev adlı şəxsin xx.xx.2023-cü il tarixdə İddiaçı direktoru vəzifəsindən azad edildiyini, həmin elektron poçtun isə ADY-yə xx.xx.2023-cü il tarixdə ünvanlandığını, yəni cavabdehin razılaşma olaraq irəli sürdüyü elektron poçtların səlahiyyəti olmayan şəxsin iradə ifadəsi olduğunu, həmin vaxt direktor vəzifəsini Teymur Mirzəyev adlı şəxsin icra etdiyini, həmin şəxs tərəfindən də Məhəmməd Rzayevə bu kimi razılıqların əldə edilməsi, müqavilənin bağlanması və s. hüquqların etibar edilməsinə dair etibarnamə verilmədiyini bildirmişdir. Bundan başqa, məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi məhkəmənin suallarına cavab olaraq borc məbləğinin 33.000 manat hissəsinin müqavilədən qalan borc olduğunu, demurajla bağlı sübutlarının olmadığını, cavabdeh tərəfindən 900.881,14 manat ödənişin edildiyini bildirmişdir.

6. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclaslarında iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianı qəbul etmədiklərini bildirdi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, ekspeditor qismində "xxxx" MMC ilə sifarişçi qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə (müqavilənin predmeti) əsasən ekspeditor sifarişçinin sifarişinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də qeyd edilən 18 ədəd drezin VMT-dəmir yolu maşınlarının və əlaqədar ehtiyat hissələrinin sifarişçi tərəfindən müəyyən edilmiş marşrutla daşınması məqsədi ilə nəqliyyat-eskpedisiya xidmətlərini müqavilədə nəzərdə tutulan qaydada və qiymətlə sifarişçiyə təqdim etməyi, sifarişçi isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən xidmətləri təhvil alıb müqavilədə müəyyən olunan qiymətini ekspeditora ödəməyi öhdəsinə götürür. Müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətlər müqabilində sifarişçi tərəfindən ekspeditora ödəniləcək ümumi məbləğ bütün vergi və digər xərclər daxil 934.065 manat təşkil edir. Müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilədə nəzərdə tutulan qaydada və məbləğdə, ekspeditorun təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır (1.2-ci bənd). Həmin müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.

8. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqaviləyə Əlavə 1 ilə xidmətlərin həcmi, spesifikasiyası və qiymətləri müəyyənləşdirilmişdir.

9. Belə ki, adıçəkilən müqaviləyə Əlavə 1 ilə məbləği 437.580 manat olan 10 ədəd VMT 865 C/GR markalı drezinlərin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (İncoterms 2020:DAP Baku), məbləği 338.703,75 manat olan 7 ədəd VMT 865 C/GR markalı drezinlərin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (İncoterms 2020:DAP Baku), məbləği 43.758.0 manat olan 1 ədəd VMT 865 C/GR markalı drezinlərin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (İncoterms 2020:DAP Baku), məbləği 53.519,4 manat olan demontaj edilmiş ehtiyat hissələrinin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (standart çadır ilə), məbləği 60.503,85 manat, sığorta dəyəri 24 140 170 Azərbaycan manatı olan malların müqavilənin 13-cü bölməsi üzrə nəzərdə tutulan sığorta xərcləri daxil olmaqla, ümumilikdə 934.065 manat məbləğində xidmətlərin göstərilməsi razılaşdırılmışdır. 1 saylı Əlavənin “Qeyd” hissəsində yükləmə zamanı sərbəst vaxt (low-bed): 8 (səkkiz) saat (demuraj - 255,0 (iki yüz əlli beş) AZN / saat), boşalma zamanı sərbəst vaxt (low-bed): 48 (qırx səkkiz) saat demuraj - 680,0 (altı yüz səksən AZN / günlük), yükləmə və boşalma zamanı sərbəst vaxt (standart yük maşını): 48 (qrıx səkkiz) saat (demuraj - 255,0 (iki yüz əlli beş) AZN təşkil etdiyi qeyd olunur.

10. İş materiallarında olan, İddiaçındə baş mühasibin müavini vəzifəsində çalışan Orxan Əhmədov tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (Vüsal Ağakişiyev) ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron poçt məktubunun məzmununda qeyd olunmuşdur ki, cari tarixə "xxxx" QSC-nin İddiaçınə olan borcu 80.235,93 manat təşkil edir. Müqavilələr üzrə borcun açıqlaması aşağıdakı kimidir: - 240439 nömrəli xidmət müqaviləsinə (drezinlərin daşınması) əsasən əsas məbləğ üzrə borcunuz: 33.183,87 manat təşkil edir; - 240439 nömrəli xidmət müqaviləsinə (drezinlərin daşınması) əsasən, boşdayanma (demmurage) üzrə borcunuz 38.203,56 manat təşkil edir. - 264776 nömrəli xidmət müqaviləsinə (Chelyabinsk daşınması) əsasən borcunuz 8.848,50 manat təşkil edir.

11. Bundan başqa, İddiaçı əvvəlki direktoru olmuş Məhəmməd Rzayev tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (Vüsal Ağakişiyev) ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron poçt məktubunun məzmununda qeyd olunmuşdur ki, biz sizə 71.387,43 manat güzəşt etmiş oluruq. Lakin, siz də bizimlə əməkdaşlığı davam etdirirsiniz.

12. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanaraq, 71387.42 manat məbləğində borcun ödənilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. 852.4-ci maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.

16. İddia tələbinin bir hissəsini "xxxx" QSC tərəfindən öhdəliklərinin üzrlü səbəblər olmadan, qərəzli və qəsdən yerinə yetirilməməsi səbəbindən yaranmış 71,387.42 manat tələb edilməsi təşkil edir.

17. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilənin bağlanması, müqavilənin ümumi dəyərinin 934.065 manat razılaşdırılması, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə drezinlərin daşınması xidmətlərinin göstərilməsi, cavabdeh tərəfindən müqavilə üzrə cəmi 900881,14 manat ödənişin həyata keçirilməsi işin mübahisələndirilməyən hallarıdır.

18. Məhkəmə hesab edir ki, cavabdehin etirazının əsası kimi qeyd etdiyi İddiaçı direktorunun müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsini əks etdirən elektron poçt məktubu hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz.

19. Belə ki, iş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndi ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. X6 tərəfindən müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə ifadələrin əks olunduğu elektron poçt məktubu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixdə ünvanlanmışdır.

20. Belə olan halda, məhkəmə hesab edir ki, X6 müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmamışdır.

21. Bundan başqa, məhkəmə cavabdehin etirazında qeyd etdiyi 18-ci drezində qüsurun olması ilə bağlı aşağıdakıları qeyd edir.

22. Müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçinin aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməli olduğunu, belə bir bildirişin ekspeditora təqdim edilməsinə dair heç bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyini əsas götürərək məhkəmə hesab edir ki, cavabdehin etirazının dəlili kimi əsaslandırdığı bu hal da əsassızdır.

23. İddiaçının tələb etdiyi məbləğin bir hissəsini demurajla bağlı məbləğin ödənilməsi təşkil edir. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavənin “Qeyd” hissəsində yükləmə zamanı sərbəst vaxt (low-bed): 8 (səkkiz) saat (demuraj - 255,0 (iki yüz əlli beş) AZN / saat), boşalma zamanı sərbəst vaxt (low-bed): 48 (qırx səkkiz) saat demuraj - 680,0 (altı yüz səksən AZN / günlük), yükləmə və boşalma zamanı sərbəst vaxt (standart yük maşını): 48 (qrıx səkkiz) saat (demuraj - 255,0 (iki yüz əlli beş) AZN təşkil etdiyi qeyd olunur. İddiaçının nümayəndəsi həmin hissə ilə bağlı sübutları təqdim edə bilmədiklərini qeyd etmişdir. Məhkəmə, iddiaçı tərəfin iddia tələbinin həmin hissəsi ilə bağlı heç bir sübut təqdim edə bilmədiyini, müqavilə üzrə cavabdeh tərəfindən 900.881,14 manat ödənişin həyata keçirilməsini, (934.065-900.881,14), müqavilə üzrə cavabdehin qalıq borcunun 33.183,87 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, 33.183,86 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir.

24. İddia tələbinin ikinci hissəsini öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 1 illik 5 faiz hesabı ilə 20 ay üçün 5.949 manat gecikmə borcunun tələb edilməsi təşkil edir.

25. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır və əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

26. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı tərəfindən müqaviləni imzalayan şəxs həmin vaxt direktor olmuş Məhəmməd Rzayev olmuşdur. Yuxarıda qeyd olunan, borc və həmin məbləğin güzəşt edilməsi barədə olan e-mail yazışmaları aparılan vaxt direktiorun dəyişməsi cavabdehə məlum olmamışdır. Cavabdeh tərəfdə belə bir qənaət formalaşmışdır ki, həmin məbləğ ona güzəşt edilib, çünki direktorla danışıqlar aparılıb, razılıq əldə olunubdur. Ona görə də məhkəmə hesab edir ki, öhdəlik cavabdehin təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməyib və bu, gecikdirmə sayılmamalıdır.

28. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin edillməməlidir.

29. Məhkəmə 304,16 manat məbləğində dövlət rüsumunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. 30.İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 304,16 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

31. Lakin məhkəmə AR MPM-nin 119.1-ci maddəsinin tələbini əsas götürərək hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,17 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 33183,86 manat (otuz üç min yüz səksən üç manat səksən altı qəpik) borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,17 manat (yüz otuz səkkiz manat on yeddi qəpik) olmaqla, cəmi 33322,03 manat (otuz üç min üç yüz iyirmi iki manat üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar