Məhkəmə qərarları › İş №e-2-2(113)-5698/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5698/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5698/2022 03.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2887,97 manat əsas borcun, 519,83 manat ƏDV, 837,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 4245,31 manat, o cümlədən 60 manat mediasiya xərcinin, 63 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 2020-ci il tarixndə məhsulların alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinin tələblərinə əsasən satıcı müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İmzalanan müqavilənin şərtlərinə satıcı tərəfindən hər zaman əməl edilmiş, lakın alıcı tərəfindən sifariş olunan və təhvil alınan malların bir qisminin dəyəri satıcıya bu günə kimi də ödənilməmişdir. Belə ki, satıcı tərəfindən müxtəlif tarixlərdə alıcıya mallar göndərilmiş, bu mallara görə satıcıya məxsus ciddi hesabat blankalarından olan malların təhvil-təslim aktına əsasən malları alıcıya təhvil verilmiş və satıcı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən göndərilən “elektron qaimə-fakturalar” alıcı tərəfindən qəbul edilmişdir. Satıcı tərəfindən müxtəlif tarixlərdə alıcıya üzləşmə aktları göndərilmişdir. Ən son üzləşmə aktı xx.xx.2021-ci il tarixində göndərilmişdir. Üzləşmə aktına əsasən alınan mallara görə alıcının əsas məbləği 3527,31 manat, 634,91 manat ƏDV olmaqla ümumilikdə 4162,23 manat borcu olduğu təsdiqlənmişdir. xx.xx.2021-ci il tarixində alıcı tərəfindən əsas məbləği 3627,07 manat, 652,87 manat ƏDV olmaqla, 4279,94 manat satıcının bank hesabına ödəniş edilmişdir. Beləliklə də, alıcı keçmiş borcunu tam bağlamış və əlavə olaraq 117,71 manat avans ödəmişdir. xx.xx.2021-ci il tarixindən satıcı tərəfindən alıcıya aşağıda qeyd edilən tarixlərdə müqavilə əsasında müəyyən olunmuş mallar göndərilmişdir. Qeyd etmək istərdik ki, aşağıda qeyd edilənlər əsasında həm alıcının, həm də satıcının səlahiyyətli nümayəndələri tərəfindən malların təhvil-təslim aktı imzalanmış, eyni zamanda satıcı tərəfindən göndərilmiş “elektron-qaimə faktura” alıcı tərəfindən qəbul edilmişdir: 1. xx.xx.2021-ci il tarixində əsas məbləği 697,54 manat, 125,56 manat ƏDV olmaqla ümumilikdə 823,10 manat; 2. xx.xx.2021-ci il tarixində əsas məbləği 482,74 manat, 86,89 manat ƏDV olmaqla ümumilikdə 569,83 manat, 3. xx.xx.2021-ci il tarixində əsas məbləği 1110,16 manat, 199,83 manat ƏDV olmaqla ümumilikdə 1309,99 manat, 4. xx.xx.2021-ci il tarixində əsas məbləği 596,45 manat, 107,36 manat ƏDV olmaqla ümumilikdə 703,81 manat; 5. xx.xx.2021-ci il tarixində əsas məbləği 965,32 manat, 173,76 manat ƏDV olmaqla ümumilikdə 1139,08 manat; 6. xx.xx.2021-ci il tarixində əsas məbləği 229,48 manat, 41,31 manat ƏDV olmaqla ümumilikdə 270,79 manat; 7. xx.xx.2021-ci il tarixində əsas məbləği 1060,06 manat, 190,81 manat ƏDV olmaqla ümumilikdə 1250,87 manat; 8. xx.xx.2021-ci il tarixində əsas məbləği 989,25 manat, 178,07 manat ƏDV olmaqla ümumilikdə 1167,32 manat, 9. xx.xx.2021-ci il tarixində əsas məbləği 338,11, 60,86 manat ƏDV olmaqla ümumilikdə 398,97 manat; 10. xx.xx.2021-ci il tarixində əsas məbləği 500,59 manat, 90,11 manat ƏDV olmaqla ümumilikdə 590,70 manat, 11. xx.xx.2021-ci il tarixində əsas məbləği 928,02 manat, 167,04 manat ƏDV olmaqla ümumilikdə 1095,06 manat; 12. xx.xx.2021-ci il tarixində əsas məbləği 248,98, 44,82 manat ƏDV olmaqla ümumilikdə 293,80 manat; 13. xx.xx.2021-ci il tarixində əsas məbləği 414,17 manat, 74,55 manat ƏDV olmaqla ümumilikdə 488,72 manat. Yuxarda qeyd edilənlərə əsasən satıcı tərəfindən alıcıya əsas məbləği 8560,87 manat, 1540,97 manat ƏDV olmaqla ümumilikdə 10101,84 manatlıq müqavilə əsasında mallar təhvil verilmişdir. Alıcı tərəfindən satıcının bank hesabına əvvəlki borclara və alınan mallara görə ödənilən məbləğləri isə aşağıdakı kimi qeyd edə bilərik: 1. xx.xx.2021-ci il tarixində 2290,44 manat əsas məbləğdən, 412,28 manat ƏDV məbləğindən olmaqla ümumilikdə 2702,72 manat; 2. xx.xx.2021-ci il tarixində 1561,77 manat manat əsas məbləğdən, 281,12 manat ƏDV məbləğindən olmaqla ümumilikdə 1842,89 manat; 3. xx.xx.2021-ci il tarixində 1719,32 manat əsas məbləğdən, 309,49 manat ƏDV məbləğindən olmaqla ümumilikdə 2028,81 manat ödəniş edilmişdir. Beləliklə yuxarda qeyd edilənlər əsasında alıcı tərəfindən satıcının bank hesabına 5571,53 əsas məbləğdən, 1002,89 manat ƏDV məbləğindən olmaqla ümumilikdə 6574,42 manat ödəniş edilmişdir. Yuxarda qeyd edilənlərə baxıldığı zaman alıcı tərəfindən ödənilən avans, alınan mallarla ödənilən məbləğlər əsasında alıcının əsas məbləğdən 2889,59 manat, 520,13 manat ƏDV olmaqla ümumilikdə 3409,72 manat borcun olduğu aydın görünməkdədir. Qeyd edilən tarixlər xaricində satıcı tərəfindən alıcıya müqavilə əsasında müəyyən olunmuş mallar göndərilməmiş və alıcı tərəfindən də qeyd edilənlər xaricində satıcının bank hesabına ödəniş edilməmişdir. Bütün bunlar əsasında Satıcının işçisi Elnarə İsmayılovaya məxsus elektron poçt ünvanı ilə Alıcının işçisi Bəhruz Qasımzadənin elektron poçt ünvanına xx.xx.2021-ci il tarixində ümumilikdə 3409,72 manat borcun olduğu qeyd edilmiş məlumat göndərilmiş və elektron poçt ünvanının əlavə sənədləri hissəsində üzləşmə aktı əlavə edilmişdir. Cavabdehlə imzalanan müqavilənin 6.3-cü maddəsinin şərtinə əsasən alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin dəyirinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti 31-ci gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödəməlidir. Qeyd etmək istərdik ki, alıcı tərəfindən xx.xx.2021-ci il tarixindən bu günə kimi satıcının hesablaşma hesabına ödəniş edilməmişdir. Qeyd olunan aktın imzalanmasından bu günə kimi təqribən 160 gün keçmişdir. Yuxarda qeyd olunan 160 günü (halbu ki, bundan daha çoxdur) gecikdirilən gün kimi qəbul etsək və alıcının imzası və möhürü ilə təsdiq etdiyi əsas borcu və müqavilənin 6.3-cü maddəsini əsas götürərək əsas borcun 30 gün müddətində 0,1%-i üzərindən, yerdə qalan günü (130 günü) 0,2%-in üzərindən hesabladığımızda ((2887,97*0,1%*30)+(2887,97*0,2%*130)=837,51) 837,51 manata yaxın alıcı tərəfindən satıcıya ödənilməli dəbbə pul meydana gəlmiş olur. Beləliklə, alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə əsas borcu 887,97 manat, ƏDV üzrə yaranmış borcu 519,83 manat, müqavilənin şərtinə görə də 837,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 4245,31 manat borcu bu günə kimi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 16 noyabr 2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqısatqı müqaviləsindən görünür ki, bu müqaviləyə görə İddiaçı MMC satışını təşkil etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları Cavabdeh MMC-yə satmaqla onun mülkiyyətinə verməyi, Cavabdeh MMC isə həmin malları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. Müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin dəyirinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti 31-ci gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödəməlidir. İddiaçı MMC-nin sistemə yüklədiyi elektron qaimələrdən görünür ki, 2020 və 2021-ci illərdə davamlı olaraq iddiaçı və cavabdeh arasında mal alqı-satqısı olmuşdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021, xx.xx.2021-ci il tarixli üzləşmə aktlarından görünür ki, Cavabdeh MMC-nin həmin tarixlərdə İddiaçı MMCyə müvafiq olaraq 4162,23 və 3409,72 manat borcu vardır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı 6 saylı mediasiya təşkilatına 60 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzdən görünür ki, iddiaçı 63 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcunun bir hissəsini iddiaçıya ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbini əsaslıdır, belə ki, tərəflərin arasında davamlı olaraq malların alqı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən sistemə 2020-2021-ci illər ərzində çoxlu sayda elektron qaimələr yerləşdirilmiş və tərəflər arasında borcun təsdiqi ilə bağlı üzləşmə aktları bağlanmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 2887,97 manat əsas və 519,83 manat ƏDV borcu və 60 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın 63 manat məbləğində dövlət rüsumu hissəsi ilə bağlı isə qeyd edir ki, “Dövlət rüsumu” haqqında qanuna əsasən tərəf çəkdiyi mediasiya xərci həddində dövlət rüsumundan azad edildiyindən həmin tələb qismən, yəni 3 manat hissədə təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 92,23 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 2887,97 manat əsas və 519,83 manat ƏDV, 92,20 manat cərimə, cəmi 3500 manat, 60 manat mediasiya xərci və 3 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2887,97 manat əsas və 519,83 manat ƏDV, 92,20 manat cərimə, cəmi 3500 manat, 60 manat mediasiya xərci və 3 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar