Məhkəmə qərarları › İş №e-2-2(113)-5699/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5699/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5699/2025 28.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, 052/1/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Satıcı (iddiaçı) müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavəsində (və ya Əlavələrində) göstərilən Alıcı (cavabdeh) tərəfindən sifariş edilmiş müxtəlif balıq, kürü məhsulları və digər mallar (bundan sonra “Mallar” və ya “Mal”) ilə Alıcını təmin etməyi, Alıcı isə həmin Malları qəbul etməyi və onların Əlavə (və ya Əlavələr) üzrə müəyyən edilmiş dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin: 1.1. 4.2-ci bəndinə görə Əlavədə (Əlavələrdə) başqa hal nəzərdə tutulmadığı halda, Satıcı, təsdiq olunmuş Əlavə (Əlavələr) üzrə alınacaq Malların təchizatını həyata keçirir. Mallar Satıcı tərəfindən ərzaq məhsullarının daşınma norma və qaydalarına uyğun olaraq Alıcının təyin etdiyi ünvana çatdırılır və onun səlahiyyətli nümayəndəsinə təhvil verilir. Mallar onların növünə uyğun olaraq müvafiq qaydada qablaşdırılmalıdır. Müvafiq Əlavə (Əlavələr) üzrə çatdırılmış Malların “Alıcıya” təhvili Malların təhvil-qəbul aktı və/və ya elektron qaimə ilə təsdiq olunur. 1.2. 4.4-cü bəndinə əsasən, Satıcı, Alıcının sifariş etdiyi Malları Alıcıya elektron qaimə və/və ya təhvil-qəbul aktı əsasında təhvil verir və Alıcının səlahiyyətli nümayəndəsi, təhvil verilən Malları elektron qaimə və/və ya təhvil-qəbul aktına əsasən yoxladıqdan sonra onları təhvil alır. Elektron qaimənin və/və ya təhvil-qəbul aktının hər iki tərəfin nümayəndələrinin imzaları ilə təsdiq edilməsi tarixi Malların Satıcı tərəfindən təhvili və Alıcı tərəfindən qəbulu tarixi hesab edilir. 1.3. 5.1-ci və 5.2-ci bəndlərinə görə Malların qiyməti Əlavə(lər) üzrə müəyyən edilir. Bu Müqavilənin şərtlərinə uyğun olaraq, Əlavələrdə digər qayda nəzərdə tutulmayıbsa, X5 razılaşdırılmış məbləği və ya Əlavələrdə razılaşdırılmış qiymətlərə əsasən hesablanmış məbləği Mallar təhvil verildikdən öncə, 100% avans ödəniş şəklində, Satıcı tərəfindən təqdim olunmuş hesab-fakturaya əsasən 7 (yeddi) təqvim günü müddətində Satıcının bu Müqavilədə qeyd edilən bank hesabına ödəyir.

2. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış X2 əsasən 4 növdə olmaqla, 1841 manat (ƏDV daxil) balıq məhsullarının satılması barədə razılıq əldə edilmiş, X3, hər iki tərəfin rəhbərləri tərəfindən imzalanmaqla Cəmiyyətlərin möhürü ilə təsdiq edilmişdir.

3. Tərəflər arasında ümumilikdə 1841 manat dəyərində X4 ilə razılaşdırılmış 4 növdə balıq məhsullarının cavabdehin nümayəndəsinə təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixli, 789358 saylı malların təhvil-qəbul aktı imzalanmış və möhürlə təsdiq edilmişdir. Bundan, başqa iddiaçı tərəfindən cavabdehə 1841 manat məbləğində EBDJ seriyalı, 417341 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura göndərilmişdir.

4. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən 1841 manat ödəniş icra edilmişdir. Ödəniş tapşırığının “B2 Vəsaiti alan” bölməsində iddiaçının adı – İddiaçı MMC” qeyd edilmiş, VÖEN qismində ********** göstərilmişdir. İdiaçıya məxsus VÖEN **********dir.

5. "xxxx" QSC tərəfindən məhkəmənin sorğusuna verdiyi cavab məktbunda qeyd edilmişdie ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan bank hesabından çıxarışa əsasən onun bank hesabından iddiaçının xeyrinə hər hansı bir ödəniş icra edilməmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı 1841 manat əsas borcun, pul öhdəliyinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixinə qədər hesablanmış 277,55 manat faizin və 41,18 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 052/1/23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Satıcı, Alıcını müxtəlif balıq, kürü məhsulları və digər mallarla təmin edir, Alıcı ilə həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1 və 5.1-ci maddələrinə əsasən, Alıcı Satıcıya hesablanmış məbləği Mallar təhvil verildikdən öncə, 100% avans ödəniş şəklində, Satıcı tərəfindən təqdim olunmuş hesab-fakturaya əsasən 7 təqvim günü müddətində “Satıcı”nın Müqavilədə qeyd edilən bank hesabına ödəməli və malları qəbul etməli idi. Alıcı xx.xx.2023-cü il tarixli ******* nömrəli ödəniş tapşırığını təqdim etmiş və xx.xx.2023-cü il tarixli İAV seriyalı və 789358 nömrəli malların təhvil-qəbul aktı ilə ümumi dəyəri 1841 manat olan kürü məhsulunu təhvil almışdır. Alqı-satqı əməliyyatından bir müddət sonra, iddiaçının maliyyə şöbəsi tərəfindən aparılan daxili yoxlamaların nəticəsində ödənişin hesaba daxil olmaması faktı müəyyən edilmiş, qarşı tərəfin ödənişi həyata keçirib-keçirmədiyini dəqiqləşdirmək məqsədilə "xxxx" QSC-yə dəfələrlə müvafiq sorğular göndərilmiş, lakin bank hər dəfə konfidensiallığa istinad edərək məlumat verməkdən imtina etmişdir. Ödənişin icra olunmaması ilə bağlı iddiaçı cavabdehin direktoru Qanuni nümayəndəla əlaqə saxlamış, direktor ödənişin nə səbəbdən onların hesabına daxil olmaması, problemin nə olmasının ona məlum olmamasını bildirsə də, sonra borcun olduğunu şifahi olaraq etiraf etmiş və ödəniş məbləğini ancaq hissə-hissə, zamanla ödəyə biləcəyini bildirmişdir. Bu bəyanata baxmayaraq, cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Ödənişin icra olunmamasının səbəbi cavabdeh tərəfindən ödəniş tapşırığının qüsurlu formada tərtib edildiyi ehtimal olunur. Belə ki, ******* nömrəli ödəniş tapşırığının benefisiara aid B2 xanasında İddiaçının VÖEN-i (**********) əvəzinə "xxxx" ASC-nin VÖEN-i (**********) qeyd edilib. Ehtimal ki, Bank texniki səhv səbəbindən ödənişi icra etməkdən imtina edib və ödənişi cavabdehə qaytarıb, bununla da cavabdeh iddiaçı qarşısında ödəniş öhdəliyini icra etməyib. Cavabdeh ödənişlə bağlı sözügendən bankla məsələni aydınlaşdırmağa səy göstərməmişdir. Nəticə etibarilə onlar müqavilə şərtlərini lazımınca yerinə yetirmiş və 1841 manat dəyərində kürü məhsulunu cavabdehə təhvil vermişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozaraq həmin malların dəyərini iddiaçıya ödəməmiş, öhdəliyini pozmuş və ona ziyan vurmuşdur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

17. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.

22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

23. MM-nin 386.1-ci maddəindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

24. Mülki Məcəllənin 567-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

25. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 052/1/23 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasında X1 imzalanmış, bununla da cavabdehə satılacaq malların növü və dəyəri razılaşdırılmışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən, satıcı, Alıcının sifariş etdiyi Malları Alıcıya elektron qaimə və/və ya təhvil-qəbul aktı əsasında təhvil verir, Alıcı isə səlahiyyətli nümayəndəsi, təhvil verilən Malları elektron qaimə və/və ya təhvil-qəbul aktına əsasən yoxladıqdan sonra onları təhvil alır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 789358 saylı malların təhvil-qəbul aktından görünür ki, ümumilikdə 1841 manat dəyərində X4 ilə razılaşdırılmış 4 növdə balıq məhsulları cavabdehin nümayəndəsinə təhvil verilmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə 1841 manat məbləğində EBDJ seriyalı, 417341 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura göndərilmişdir.

26. Beləliklə, iddiaçı müqavilə ilə razılaşdırılmış balıq mallarını cavabehə təhvil verməklə öz üzərinə götürdüyü öhdəliyini lazımınca icra etmişdir. Cavabdeh isə bunun müqabilində müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilənin Əlavələrində digər qayda nəzərdə tutulmayıbsa, Əlavələrdə razılaşdırılmış məbləği və ya Əlavələrdə razılaşdırılmış qiymətlərə əsasən hesablanmış məbləği Mallar ona təhvil verilməzdən öncə, 100% avans ödəniş şəklində, iddiaçı tərəfindən təqdim olunmuş hesab-fakturaya əsasən 7 təqvim günü müddətində iddiaçının bu Müqavilədə qeyd edilən bank hesabına ödəməklə bağlı öz üzərinə öhdəlik götürmüşdür.

27. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən 1841 manat ödəniş icra edilmişdir. Ödəniş tapşırığının “B2 Vəsaiti alan” bölməsində iddiaçının adı – İddiaçı MMC” qeyd edilmiş, VÖEN qismində "xxxx" ASC-yə məxsus ********** saylı VÖEN göstərilmişdir. Lakin, iddiaçıya məxsus VÖEN isə **********-dir. O cümlədən "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilir ki, cavabdehə məxsus xx.xx.2023-cü il tarixinə olan bank hesabından çıxarışa əsasən, cavabdehin hesabından iddiaçının xeyrinə hər hansı ödəniş icra edilməmişdir.

28. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. İşin şərh edilən halında isə cavabdeh göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin ödənişi iddiaçıya məxsus bank hesabına köçürməməklə onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. "xxxx" QSC-nin məhkəməyə göndərilmiş məktubundan da görünür ki, cavabdehdən tərəfindən iddiaçıya hər hansı ödəniş icra edilməmişdir. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

29. Məhkəmə hesab edir ki, iddia borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% məbləğində pulun tələb edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş təhvil-təslim aktından görünür ki, mallar cavabdehə 13 iyun 2023-cü il tarixdə təhvil verilməsinə baxmayaraq hazırkı dövrə qədər onun dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilməmişdir. Buna görə də iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% məbləğində hesablanmaqla 277,55 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır.

30. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 41,18 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 1841 manat əsas, pul öhdəliyinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixinə qədər hesablanmış 277,55 manat faiz borcu və 41,18 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar