Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-57/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri, satıcının cavabdeh olduğu qüsurlar, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə1, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 oğunun iştirakları ilə İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 60000 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 824 saylı xx.xx.2022-ci il tarixli malların alqısatqısına dair müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı cavabdehdən 246 000 manat dəyərində divar paneli almışdır. Yuxarıda qeyd edilən müqavilə üzrə cavabdehdən alınan məhsulların 60 000 manatlıq hissəsinin keyfiyyətində problemlər olduğu iddiaçıya məlum olmuşdur. Bundan sonra mallarda olan qüsurları aşkar etmək üçün mütəxəssis cəlb olunmuşdur. Belə ki, Azərbaycan Respublikası X4 28 aprel 2023-cü il tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində, Zəngilan rayonunda yerləşən “Şayıflı” və “Sarıqışlaq” SES layihəsinin tikintisində istifadə olunan poliuretan tərkibli sendviç divar panellərində yaranmış qüsurların yaranma səbəbi panellərin daşınması, saxlanılması, montaj edilməsi, quraşdırılması nəticəsində deyil, istehsal zamanı əmələ gəlmişdir və istehsalat qüsurudur. Təqdim edilən panel lövhələrinə və fotoşəkillərə texniki baxış keçirilən zaman daşınma, saxlama, boşaltma, montajetmə, quraşdırma nəticəsində əmələ gələcək qüsurlar aşkar edilmədi. 2.2. Bundan başqa, iddiaçı ona satılan malların qüsurlu olmasını bildikdən sonra 15 may 2023-cü il tarixli poçt vasitəsilə göndərilmiş bildirişlə cavabdehi qüsurları yerindəcə müəyyən edib aydınlaşdırmaq üçün 18 may 2023-cü il tarixində Zəngilan rayonunun “Şayıflı” və “Sarıqışlaq” SES layihəsinə baxış keçirilməsinə dəvət etmişdir. Çünki müqavilə üzrə alınmış divar panelləri Zəngilan rayonunun “Şayıflı” və “Sarıqışlaq” SES layihəsində istifadə olunmuşdur, lakin iddiaçının bu müraciəti də cavabdeh tərəfindən dəyərləndirilməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya ilə cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi vasitəsilə müraciət edilmiş və ümumi ödənilməli olan 60 000 manat + ƏDV ziyanı 3 günə kimi iddiaçıya ödənməsi xahiş edilmişdir. Lakin cavabdeh ziyanı geri qaytarmamışdır. İddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/6-0286 saylı arayış alınmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 567, 587.2-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 60188 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizənin faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı cavabdehə qarşı iddia qaldırmış, cavabdehdən alınmış məhsullardan hissəvi olaraq imtina edilməsi və həmin hissədə ödənilmiş pulun geri tələb edilməsi iddianın predmetini və əsasını təşkil etmişdir. Mülki prosesdə iddianın predmeti və əsası dedikdə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. Bu subyektiv hüquq isə konkret normalardan və müqavilədən doğur. Hazırkı işdə iddianın predmeti və əsası dəyişsə də, amma iddianın obyekti – yəni pul tələbi dəyişilməz olaraq qalır. İddiaçının cavabdehdən aldığı 246 000 manatlıq divar panelindən bir hissəsi qüsurlu çıxmış, həmin qüsurların aradan qaldırılması üçün iddiaçı 60 000 manat xərc çəkmişdir. Həmin panellər Zəngilan rayonunda yerləşən “Şayıflı” və “Sarıqışlaq” SES layihəsinin tikintisində istifadə edilmiş, montaj tam qaydalara uyğun aparıldıqdan qısa müddət sonra qüsurlar əmələ gəlmişdir. Həmin SES-lərin açılışına ölkə başçısının gəlməsini nəzərə alan sifarişçi, qısa müddət ərzində qüsurların nəyin bahasına olur, aradan qaldırılmasına göstəriş vermişdir. Qüsurlu panellərin bərpa edilməsinə texnika da daxil olmaqla əlavə müxətəssislər, ustalar iddiaçının şəxsi hesabına cəlb edilmişdir. Məhz iddianın obyektini şəxsi hesaba qüsurların aradan qaldırılmasına çəkilən xərclər təşkil edir.
7. Bakı Kommersiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
8. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1, nümayəndəsi və vəkili Vəkil3 iddianın məzmununa uyğun izahlar verdilər və eyni zamanda göstərdilər ki, tərəflər arasında dəfələrlə alqı-satqı münasibəti olmuş, sonuncu dəfə sendviç panellər alınmışdır. Həmin panellər “Şayıflı” və “Sarıqışlaq” X5raşdırıldıqdan sonra panellərdə istehsal qüsurları aşkar edilmiş, panellərdə dartılmalar və əyilmələr nəzərə çarpmış, ölkə başçısının həmin su elektrik stansiyalarının açılışında iştirak etməsi səbəbindən zaman darlığı olduğundan panellər quraşdırılmış, iddiaçı tərəfindən qüsurların aradan qaldırılması üçün 60188 manat xərc çəkilmişdir.
9. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndələri göstərdilər ki, müqavilə üzrə 267 000 manat dəyərində sendviç panellər məbləği əvvəlcədən ödənilməklə satın alınmış, 3 partiya ilə mallar təhvil verilmişdir. Birinci partiya mallarda qüsur olmasa da, digər 2 partiyada istehsal qüsurları olmuşdur. Mallardakı qüsurlar barədə "xxxx" ASC şifahi qaydada iddiaçıya məlumat vermiş, qüsurlar 2 ay ərzində aradan qaldırılmışdır. Malların yüklənməsini cavabdeh həyata keçirmiş, daşıma və boşaltma isə iddiaçı tərəfindən icra edilmişdir.
10. Ekspert rəylərinə münasibətdə isə iddiaçının nümayəndələri bildirdi ki, məhkəmə tərəfindən bir neçə dəfə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ekspertizanın aparılması həvalə olunmuş, lakin sonuncu tərəfindən icra həyata keçirilməmişdir. Daha sonra ekspertiza özəl təşkilat olan "xxxx" MMC-yə həvalə olunmuş, mütəxəssis İsgəndərov Xəyyam tərəfindən əraziyə baxış keçirilmişdir. Rəydən görünür ki, fotoşəkillər canlı şəkildə ekspert tərəfindən çəkilmiş, GPS vasitəsilə koordinatlar da vurulmuş, mütəxəssis həqiqətən həmin əraziyə gedərək istifadə olunmuş sendviç panelləri canlı şəkildə tədqiq etmiş və yaranmış qüsurun daşıma və ya istehsalat qüsuru olduğunu müəyyən edərək rəy tərtib etmişdir. Cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin rəyindəki şəkillərdən isə görünür ki, şəkillər internet saytından çəkilmişdir, ekspert həmin əraziyə getməmiş həmçinin rəy qüsurlu tərtib edilmişdir.
11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, malların istehsalçısı olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli keyfiyyət hesabı mövcuddur və həmin hesabatda göstərilmişdir ki, qüsurlar texnoloji qaydalara əməl edilməməsinin nəticəsidir. "xxxx" MMC Ticarət Palatasının nəzdində yaradılmış ekspertiza mərkəzidir, 20-30 ildir ki, fəaliyyət göstərir. Onlar da yerində ekspertiza keçirmiş, qüsurun istehsal xarakterli olmadığını bildirmişlər.
12. Cavabdehin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 07/02-50/25 nömrəli rəyinə yazılı münasibət təqdim edərək göstərmişdir ki: – xx.xx.2025 tarixli 07/02-50/25 №-li rəy ekspertiza rəyi yox, sadəcə mütəxəssis rəyidir. Halbuki məhkəmənin qərardadına əsasən iş üzrə ekspert rəyinin verilməsi tələb olunur. Rəyə onu imzalamış mütəxəssis Xəyyam İsgəndərova məxsus Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 10-2001 №-li şəhadətnamə əlavə olunmuşdur. Üzərində qeyd olunduğuna (2-ci səhifəsinin sonu) əsasən bu şəhadətnamə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən verilmiş vəsiqə təqdim edildiyi halda etibarlıdır. Lakin belə qurum tərəfindən verilmiş vəsiqənin surəti rəyə əlavə olunmamışdır. Odur ki Xəyyam İsgəndərov bu rəyi verməyə səlahiyyətli deyil. Rəyi imzalamış qiymətləndirici X11 İmtahan Mərkəzi tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnamələri əlavə olunduğu halda, Xəyyam İsgəndərova aid belə şəhadətnamə(lər) rəyə əlavə olunmamışdır. Bu da ona dəlalət edir ki, Xəyyam İsgəndərovun mütəxəssis olduğunu təsdiq edən sənədləri yoxdur və onun bu rəyi verməyə səlahiyyəti yoxdur. “Məhkəmə ekspertizası haqqında” Qanunun 11-ci maddəsinə əsasən məhkəmə ekspertlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəhadətnaməsi olmalıdır. X12 belə şəhadətnaməsi rəyə əlavə olunmamışdır. Həmin Qanunun 11-2-ci maddəsinə əsasən məhkəmə ekspertləri 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. X12 belə attestasiyalardan keçdiyi barədə məlumat rəyə əlavə olunmamışdır. – Rəyin mətnində (səhifələr 18-29) mütəxəssis tərəfindən hər hansı tədqiqatın aparılmasına dair heç bir məlumat yoxdur. Rəyin bu hissəsində sendviç panelləri barədə sadəcə ümumi məlumatlar yerləşdirilmişdir. Bu məlumatlardan görünür ki, bunlar hansısa istehsalçının saytından rəyin mətninə köçürülüb. Misal üçün, rəyin 19-cu səhifəsinin sonunda yazılır: “İstehsalımızda biz izolyasiyaya avtomatik yapışqan tətbiqindən istifadə edirik ki, bu da 100% yapışdırma keyfiyyətini təmin etməyə imkan verir”. Bu ifadədən aydın görünür ki, o mütəxəssisə yox, istehsalçıya aiddir. Rəyin 18-ci səhifəsində yazılmış “Sendviç panellərinin rəngi “RAL” rəng kataloqundan seçilir” və “Panel istehsalı zamanı sifarişçinin istəyinə uyğun olaraq istənilən qalınlıqda, ölçüdə və rəngdə polad təbəqədən istifadə olunur. Panellərin eni sifarişdə əsasən 1 metr, uzunluğu isə 3-15 metr nisbətində hazırlanır” sözləri də rəyin mətninə sendviç panellərinin istehsalçısının “https://www.stp.az/sendvic-paneller” internet səhifəsindən köçürülmüşdür. “Məhkəmə ekspertizası haqqında” Qanunun 11.4-cü maddəsinə əsasən məhkəmə ekspertizası tədqiqat metodlarının dövlət reyestri aparılır. Lakin rəydə belə metodların heç birinə istinad olunmamışdır, tətqiqatın necə aparıldığı açıqlanmamışdır. – Rəyin mətnindən belə görünür ki, mütəxəssis obyektə yalnız fotolar əsasında baxış keçirmişdir. “Məhkəmə ekspertizası haqqında” Qanunun 26-cı maddəsinə əsasən ekspert rəyində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, habelə tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması rəyin məzmununda göstərilməlidir. Lakin rəydə bunların heç biri göstərilməmişdir və dolayısı ilə həmin rəy Qanunun bu maddəsinin tələblərinə cavab vermir. Eyni zamanda qeyd edilməlidir ki, mütəxəssisin(lərin) real olaraq obyektə yerində baxış keçirdiyinə dair şübhələr vardır. Belə ki, rəyin materiallarında mütəxəssisin(lərin) obyektdə real olaraq olduqlarına dair məlumat yoxdur.
13. Üçüncü şəxsin nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək göstərmişdir ki, mallarda istehsalat qüsurları olması mümkün deyildir. Belə ki, sendviç panellər əl əməyi ilə deyil, kompüter texnikası ilə istehsal olunur. İstehsal prosesi nəzarət altında həyata keçirilir. Hazırda müqavilə predmeti olan mallardakı qüsurlar daşıma qaydalarının pozulması ilə bağlı və ya montaj xətası səbəbindən yaranmışdır. Belə ki, montaj zamanı panellər bir nöqtəyə bütün təzyiqin düşməməsi üçün 4 ip vasitəsilə qaldırılmalıdır, əks halda qırılmalar müşahidə olunur. Bu barədə təlimat isə alıcıya təqdim edilmişdir.
14. Üçüncü şəxsin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 07/02-50/25 nömrəli rəyinə yazılı münasibət təqdim edərək göstərmişdir ki, hazırkı mübahisə üzrə cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mallara yerində baxış edilməsi mümkün olmadığına görə sözügedən malların xüsusiyyətləri, o cümlədən "xxxx" MMC istehsalı olması sual altındadır. Bununla belə, bu sahədə peşəkar istehsalçı olaraq iş materialları ilə tanış olduqdan sonra aşağıdakılar aydın olur: 07/02-50/25 nömrəli xx.xx.2025 tarixli “mütəxəssis rəyi”nin yekun nəticəsinə əsasən “izolyasiya lamellərinin qoyulması üçün düzgün qurulmuş bir prosesin olmamasından panelin içərisində boşluqların meydana gəlməsi” istehsalat qüsuru olaraq “aşkar edilmişdir”. İş materiallarında olan tərəflər arasındakı təhvil-təslim aktlarından və eqaimələrdən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş panellər poliüretan (köpük) tərkibli sendviç panellərdir. Poliüretan (köpük) tərkibli sendviç panellər köpüyün tam şəkildə qatılaşmasından alınır və bu panellərdə izolyasiya lamellərinin qoyulmasından söhbət gedə bilməz. Yekun olaraq təsdiq olunur ki, 07/02-50/25 nömrəli xx.xx.2025 tarixli “mütəxəssis rəyi” üzrə “tədqiqi aparılmış” malların e-2-2(113)-57/2025 nömrəli kommersiya işi üzrə mallar ilə eyni deyildir və hazırkı işə aidiyyəti yoxdur. Daha əvvəl təqdim edilən izahat və sənədlərə uyğun olaraq təqdim edilmiş şəkillərə əsasən çox uzun ölçüdə olan poliüretan (köpük) tərkibli sendviç panellər quraşdırma təlimatına zidd olaraq 4 deyil, 2 kəmərli qaldırıcı kranlardan və ya kransız (əl ilə) montaj edildiyinə (montaj xətasına) görə uzun ölçülü panellərdə qırılmalar əmələ gəlmişdir, hansı ki, beynəlxalq təcrübədə bu növ panellər üçün normal haldır və istehsalat qüsuru yox, montaj xətası sayılır.
15. Üçüncü şəxs məhkəmənin baxış iclasının sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
16. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
19. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 824 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları iddiaçıya satmağı, iddiaçı isə malların müqabilində cavabdehə razılaşma protokolunda razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 2700 kv.m sendviç panel, 1500 kv.m sendviç panel boyanması (ümumi dəyəri ƏDV daxil 144 432 manat), xx.xx.2022-ci il tarixdə 2154,6 kv.m sendviç panel (ümumi dəyəri ƏDV daxil 78588,01 manat), xx.xx.2023-cü il tarixdə 1572,64 kv.m sendviç panel (ümumi dəyəri ƏDV daxil 67974,85 manat) cavabdehə təqdim edilmiş, həmin malların dəyəri ödənilmişdir.
20. İddiaçı xx.xx.2022-ci il tarixli 824 nömrəli alqı-satqı müqaviləsi üzrə təqdim edilən bir sıra sendviç panellərdə istehsalat qüsurları olduğunu, adıçəkilən qüsurların aradan qaldırılması üçün 60188 manat xərc çəkildiyini bildirərək həmin məbləğin cavabdehdən tutulmasını tələb edir.
21. Cavabdeh xx.xx.2022-ci il tarixli 824 nömrəli alqı-satqı müqaviləsi üzrə təqdim edilən sendviç panellərdəki qüsurun sonradan daşıma, boşaltma və montaj mərhələsində yarandığını, bu səbəbdən iddiaçının məsuliyyət daşıdığını bildirərək iddianın rədd edilməsini xahiş edir.
22. Üçüncü şəxs (istehsalçı) mallardakı qüsurun istehsal xarakterli ola bilməyəcəyini bildirir.
23. Göründüyü kimi, hazırda mübahisəli məqam xx.xx.2022-ci il tarixli 824 nömrəli alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş sendviç panellərdəki qüsurların istehsalat xarakterli olması yoxsa sonradan (daşınma, yükləmə, boşaltma, montaj və sair) yaranıbyaranmamasıdır.
24. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
25. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
28. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
29. Göstərilməlidir ki, Mülki Məcəllənin 587-ci maddəsində lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri təsbit edilmişdir.
30. Belə ki, həmin maddəyə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin (587.1): alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə (587.2): alqısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir (587.5).
31. Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.
32. Mülki Məcəllənin qeyd edilən normalarını müqayisəli təhlil etdikdə aydın olur ki, əşyanın keyfiyyəti ilə bağlı tələblər pozulduqda, əvvəla, alıcı tərəfindən satıcıya bu barədə bildiriş verilməlidir. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.
33. Məhkəmə qeyd edir ki, iddiaçı mallardakı qüsurlarla bağlı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya göndərmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə pretenziya məktubuna münasibət bildirmişdir.
34. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
35. Həmin Məcəllənin 582.1 – 582.2-ci maddələrinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir.
36. Həmin Məcəllənin 588-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
37. Göründüyü kimi, satıcı alqı-satqı müqaviləsinə uyğun gələn keyfiyyətdə əşyanı alıcıya verməlidir. Həmçinin satıcı əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan qüsurları üçün təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. Bu mənada qüsurun yaranma anı mühüm əhəmiyyət kəsb edir. Belə ki, ümumi qaydaya görə, alıcı qüsurun satcının təqsirindən yarandığını sübut etməli olmasa da, qüsurun əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübut etməlidir. Lakin əşya üçün keyfiyyət qarantiyası verildiyi halda qanunverici sübutetmə qaydasını dəyişərək, satıcının qüsurlar üçün cavabdehliyini prezumpsiya edir, əksinin – əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyinin sübut edilməsi vəzifəsi satıcının üzərinə düşür.
38. Hazırkı işin hallarından da aydın olur ki, satıcı tərəfindən müqavilədə hər hansı qarantiya verilməmişdir. Belə olan halda, həmin qüsurların əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübut etmək vəzifəsini iddiaçı daşıyır.
39. İddia ərizəsinə əlavə edilmiş “X4” xx.xx.2023-cü il tarixli 62 nömrəli qiymətləndirmə rəyinə əsasən, Zəngilan rayonunda yerləşən “Şayıflı” və “Sarıqışlaq” SES layihəsinin tikintisində istifadə olunan poliüretan tərkibli sendviç divar panellərində yaranmış qüsurların yaranma səbəbi panellərin daşınması, saxlanılması, montaj edilməsi, quraşdırılması nəticəsində deyil, istehsal zamanı əmələ gəlmişdir və istehsalat qüsurudur. Təqdim edilən panel lövhələrinə və fotoşəkillərə texniki baxış keçirilən zaman daşınma, saxlama, boşaltma, montaj etmə, quraşdırma nəticəsində əmələ gələcək qüsurlar aşar edilmədi.
40. Həmin rəy onunla əsaslandırılmışdır ki, ekspertiza tədqiqatına təqdim edilən panel hissələrinə baxış keçirirərkən üzərində şişmə, qabarma və daxilə doğru girinti hallarının olduğu müşahidə olunmuş, panellərin istiyə və soyuğa davamlı olduğunu bilərək (–65°C, +110°C-yə qədər), ölkə ərazimizdə də panellərin yararsız vəziyyətə düşməsi üçün tələb olunan temperatur göstəricilərinin olmadığını, eyni zamanda rəyin tədqiqat hisəsində qeyd olunanları nəzərə alaraq belə bir qəti qərara gəlmək olar ki, tədqiqata təqdim edilən poliüretan tərkibli sendviç divar panelləri üzərində yaranmış qüsurlar həmin panellərin daşınması, saxlanılması, montaj edilməsi, quraşdırılması nəticəsində deyil, istehsal zamanı əmələ gəlmişdir və istehsalat qüsurudur Təqdim edilən panel lövhələrinə və fotoşəkillərə texniki baxış keçirilən zaman daşınma, saxlama, boşaltma, montaj etmə, quraşdırma nəticəsində əmələ gələcək qüsurlar aşar edilməmişdir.
41. Cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydən görünür ki, panellərdə mövcud olan qırılmalar istehsalçının paketlərin üzərinə yerləşdirdiyi yükləmə-boşaltma təlimatına əməl olunmaması səbəbindən yaranmışdır. Belə ki, panellər uzun olması səbəbilə yalnız 4 kəndirli qaldırıcıdan istifadə olunmaqla boşaldılmalı olsa da, 2 kəndirli krandan istifadə edilmişdir. Panellərin istehsal prosesində və müştəriyə göndərilərkən çəkilən şəkillərində də hər hansı qüsur görünməmişdir.
42. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5489/2023 nömrəli qərardadı ilə ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə iş üzrə kompleks mühəndis tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Sendviç panellərin lazımi qaydada daşınılması həyata keçirilibmi və yaranmış zədələr (qüsurlar) daşınma vaxtı (yükləmə, boşaltma və sair) yarana bilərdimi, həmçinin həmin vaxtı şişmə və digər korroziyalara məruz qala bilərdimi? 2) Sendviç panellərdə lazımi qaydada montaj edilibmi və yaranmış zədələr (qüsurlar) montaj vaxtı yarana bilərdimi, həmçinin həmin vaxtı şişmə və digər korroziyalara məruz qala bilərdimi? 3) Sendviç panellərdə yaranmış zədələr (qüsurlar) istehsalat (texnoloji) qüsurudur, yoxsa sonradan (daşınma, yükləmə, boşaltma, montaj və sair) yaranmışdır? 4) Zədələnmiş sendviç panellər "xxxx" MMC, yoxsa digər şirkət tərəfindən istehsal edilmişdir? 5) Zədələnmiş sendviç panellər təyinatı üzrə düzgün quraşdırılmışdırmı (divar sendviçin damda və ya dam üçün sendviçin divarda montaj edilməsi)?
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/770 nömrəli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilərək göstərilmişdir ki, Mərkəzdə aparılan məhkəmə ekspertizasının növləri və ekspert ixtisasları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 24-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”yə 1 nömrəli əlavədə göstərilən siyahı əsasında müəyyən edilmişdir. Siyahıya əsasən məhkəmə mühəndis-texniki ekspertizası növünə tikinti-texniki obyektlərin, əmək təhlükəsizliyinin, yanğın və texnoloji partlayışların və dəmiryol-texniki hadisələrin tədqiqi ixtisasları daxil edilmişdir. Məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının səlahiyyətlərinə aşağıdakı məsələlər daxildir: yaşayış evlərinin paylar üzrə real bölgüsünün texniki cəhətdən mümkünlüyünün (payın ayrılması) müəyyən edilməsi; yaşayış evinin bütünlükdə və ya onun ayrı-ayrı hissələrinin qiymətlərinin (dəyərlərinin) müəyyən edilməsi; həyətyanı torpaq sahələrindən isifadə olunması qaydalarının müəyyən edilməsi; qarajların, bağ sahələrindəki tikililərin və qurğuların inşasının və ona sərf olunmuş tikinti materiallarının dəyərlərinin müəyyən olunması; yaşayış evlərinin mərtəbələrarası örtük panelləri konstruksiyalarından suyun sızma səbəbləri, konstruktiv elementləri bərpa etmək üçün lazım olan təmir işlərinin dəyərinin müəyyən olunması; yaşayış evlərində və mənzillərdə gizli nöqsanların (nəmlik, rütubət, kif və s.) əmələ gəlmə səbəblərinin müəyyən olunması; mənzillərdə əlavə tikinti işləri aparılması nəticəsində həmin mənzillərdən təcrid mənzillər yaradılmasının mümkünlüyü. Qərardadda qoyulmuş sualların, yəni sendviç panellərin daşınmasının, montaj edilməsinin, quraşdırılmasının lazımi qaydada həyata keçirilməsinin, sendviç panellərin hansı şirkət tərəfindən istehsal edilməsinin və yaranmış qüsurların səbəbinin müəyyən edilməsi tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Bu səbəbdən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.
44. Daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 330/2024 nömrəli qərardadı ilə ekspertizanın aparılması panellərə tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilməklə, zərurət olduqda “Azərbaycan Standartlaşdırma İnstitutu” X17, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun və ya “Azərbaycan Akkreditasiya Mərkəzi” X17 akkreditasiyasını həyata keçirdiyi digər qurumların mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılaraq iş üzrə məhkəmə mühəndistexniki və məhkəmə-iqtisad ekspertizaları təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Tərəflər arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya təqdim edilmiş sendviç panellər həmin müqavilə şərtlərinə və keyfiyyət göstəricilərinə uyğundurmu? Uyğun deyilsə, həmin mallarda hansı qüsurlar və ya zədələr mövcuddur? Yaranmış qüsurlar (zədələr) istehsalat (texnoloji) xarakterlidir, yoxsa sonradan (daşınma, yükləmə, boşaltma, montaj və sair) yaranmışdır?
45. “Azərbaycan Standartlaşdırma İnstitutu” X19 xx.xx.2024-cü il tarixli 3-21-1-3/2- 746/2024 nömrəli məktubla göstərmişdir ki, sözügedən məhsulla bağlı "xxxx" MMC tərəfindən TŞ AZ **********-001-2021 “Sendviç panellər” texniki şərtləri işlənib hazırlanmış, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ və "xxxx" MMC ilə razılaşdırılmış və İnstitut tərəfindən müvafiq qaydada qeydiyyata alınaraq standartlaşdırma üzrə dövlət fonduna daxil edilmişdir. Mövcud qanunvericiliyə əsasən təsərrüfat subyekti hazırladığı texniki şərtin tələblərinə əməl etməli və istehsal etdiyi malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun texniki şərtin tələblərinə uyğunluğunu təmin etməli, həmçinin texniki şərtlərdən üçüncü tərəfin istifadəsi üçün sənədin sahibinin razılığını bildirən müvafiq müqavilə milli standartlaşdırma qurumuna qeydiyyat üçün təqdim edilməlidir. Eyni zamanda İnstitutun sendviç divar panellərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi ilə bağlı mütəxəssisə malik deyildir.
46. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu isə xx.xx.2024-cü il tarixli 11/2-1665/2024 nömrəli məktubla bildirmişdir ki, tikinti materialının texniki şərti təqdim olunduğu halda, İnstitutun texniki imkanları araşdırılaraq təqdim edilmiş materialın sınaqları həyata keçirildikdən sonra standarta uyğunluğu barədə nəticə və ya rəy verilə bilər.
47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4140 nömrəli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilərək göstərilmişdir ki, Mərkəzə hər hansı mütəxəssis rəyi daxil olmadığından tədqiqat aparılması mümkün olmamışdır.
48. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-330/2024 nömrəli qərardadı ilə ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla iş üzrə kompleks məhkəmə mühəndis-texniki və məhkəmə-iqtisad ekspertizaları təyin edilmiş, həll edilməsi üçün ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: tərəflər arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya təqdim edilmiş sendviç panellərdə qüsurlar və/və ya zədələr mövcuddurmu və ya mövcud olmuşdurmu? Mövcuddursa və ya mövcud olmuşdursa yaranmış qüsurlar və/və ya zədələr istehsalat (texnoloji) xarakterlidir, yoxsa sonradan (daşınma, yükləmə, boşaltma, montaj və sair) yaranmışdır? Mövcuddursa və ya mövcud olmuşdursa qüsurlar və/və ya zədələrin aradan qaldırılması üçün nə qədər vəsait tələb olunur?
49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/10004/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/9629 nömrəli məktubları ilə qoyulan sualların məhkəmə-əmtəəşünaslıq və tikintitexniki ekspertizaların predmetinə aid olmaması səbəbi ilə ekspertizanın aparılmasından imtina edilmişdir.
50. Daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 57/2025 nömrəli qərardadına əsasən, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmaqla iş üzrə kompleks məhkəmə mühəndis-texniki və məhkəmə-iqtisad ekspertizaları təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Tərəflər arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya təqdim edilmiş sendviç panellərdə qüsurlar və/və ya zədələr mövcuddurmu və ya mövcud olmuşdurmu? Mövcuddursa və ya mövcud olmuşdursa, yaranmış qüsurlar və/və ya zədələr istehsalat (texnoloji) xarakterlidir, yoxsa sonradan (daşınma, yükləmə, boşaltma, montaj və sair) yaranmışdır? Mövcuddursa və ya mövcud olmuşdursa, qüsurlar və/və ya zədələrin aradan qaldırılması üçün nə qədər vəsait tələb olunur?
51. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 07/02-50/25 nömrəli rəyinə əsasən, Zəngilan rayonunda yerləşən “Şayıflı” və “Sarıqışlaq” X13 tikintisində quraşdırılmış sendviç divar panellərinin üzrərində mövcud olmuş və faktiki möcud olan qüsurların görünüşü, xüsusiyyəti nəzərə alınaraq yaranma səbəbi panellərin daşınması, saxlanılması, montaj edilməsi, quraşdırılması nəticəsində deyil, yapışdırma əməliyyatı profil metal və doldurucu arasında əlaqənin pozulmasına, izolyasiya lamellərinin qoyulması üçün düzgün qurulmuş bir prosesin olmamasından panelin içərisində boşluqların meydana gəlməsi və sandviç panelləri istehsal edərkən profil metal təbəqəsinin optimal qalınlığını düzgün seçməmək nəticəsində əmələ gəlməsinə, yəni istehsalat (texnoloji) zamanı yaranmasına xarakterlidir. Qaimə xərclərinə, avtosəbətin icarəsinə dair bağlanmış müqavilələrə və smeta xərclərinə əsasən, “Şayıflı” və “Sarıqışlaq” X8raşdırılmış sendviç panellərin üzərində mövcud olmuş qüsurların aradan qaldırılması üçün çəkilmiş xərclərin ümumi dəyəri 60188.9 manat məbləğində müəyyən olunur.
52. Həmin rəy onunla əsaslandırılmışdır ki, Zəngilan rayonunda yerləşən “Şayıflı” və “Sarıqışlaq” X13 tikintisində quraşdırılmış sendviç divar panellərinin üzərində təqdim olunmuş fotoşəkillərdə görünən qüsurlar, baxış zamanı müəyyən olunmuş faktiki mövcud olan qüsurların xüsusiyyəti, görünüşü, yapışdırma əməliyyatı profilli metal və doldurucu arasında əlaqənin pozulmasına, izolyasiya lamellərinin qoyulması üçün düzgün qurulmuş bir prosesin olmamasından panelin içərisində boşluqların meydana gəlməsi və sandviç panelləri istehsal edərkən profil metal təbəqəsinin optimal qalınlığını düzgün seçməmək nəticəsində əmələ gəlməsinə xarakterikdir. Eyni zamanda panellərin texniki xüsusiyəti istiyə və soyuğa davamlı olduğunu bilərək (-65°C, +110°C-yə qədər), ölkə ərazimizdə də panellərin yararsız vəziyyətə düşməsi üçün tələb olunan temperatur göstəricilərinin olmadığını, eyni zamanda rəyin tədqiqat hisəsində qeyd olunanları nəzərə alaraq belə bir qəti qərara gəlmək olar ki, tədqiqata təqdim edilən poliüretan tərkibli sendviç divar panelləri üzərində yaranmış qüsurlar həmin panellərin daşınması, saxlanılması, montaj edilməsi, quraşdırılması nəticəsində deyil, istehsal zamanı əmələ gəlmişdir və istehsalat qüsurudur.
53. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 406/05-25 nömrəli rəyinə əsasən, Azərbaycan Respublikası, Zəngilan rayonunda yerləşən “Şayıflı” və “Sarıqışlaq” SES lahiyəsinin tikintisində istifadə olunaraq quraşdınlmış sendviç divar panellərində əsasən panellərin qıraqlarının əzilməsi, panellərin orta hissələrində eninə çatların, batıqlar və əziklərlərlə müşahidə olunan mövcud qüsurların, nəqliyyat logistika, nəql etmə daşımalar, yükləmə boşaltma, quraşdırma və montaj zamanı, istehsaldan sonra istehlaka qədər olan dövr və poreseslər zamanı yaran qüsurlardır (kənar təsirlər nəticəsində yarana bilən qüsurlar).
54. Həmin rəy onunla əsaslandırılmışdır ki, vizual baxış zamanı müəyyən olundu ki, tikintinin divarları sendviç panellərlə quraşdırılmışdır. Quraşdırılmış panellərdə əsasən panellərin qıraqlarının əzilməsi, panellərin orta hissələrində eninə çatlarn, batıqlar və əziklərlə müşahidə olunan, kənar müxtəlif təsir səbəbdən yarana bilən mexaniki qüsurlar aşkar edildi. İstifadə sahələrinə görə sendviç panellər müasir tikinti materialı olaraq fərqləndirici xüsusiyyəti tikinti lahiyəsinə yüksək eksplatasiya imkanları verən çoxtəbəqəli konstruksiyadır. Sendviç panelləri konstraktiv və memarlıq həllərinin realizəsində vacib xüsusiyyətlərinə görə yüksək istehsalat qabiliyyəti, zəngin rəng çalarları, müxtəlif ölçü və modifikasiyalarının geniş diapozonla, tikintidə geniş istifadə olunmasıdır. Bu panellər sənaye binalannın ictimai və məişət məqsədləri üçün nəzərdə tutulan binalar, avto salon, idman kompleksi tikintisi, qida sənayesi və kənd təsərrüfatlı təyinatlı tikililərdə, modul tipli tikililərin inşasında istifadə olunur. Prinsip etibarilə sendviç panellər müxtəlif ölçülərdə tikinti lahiyəsi üçün uyğundur. Divar sendviç panelləri təkcə montaj işlərinin asanlığı ilə deyil, həm də demontajın yüngül proses olması ilə fərqlənir. Sendviç panellər 2 növ izolyasiyadan - poliüretan və daş yunundan hazırlanır.
55. Cavabdeh tərəfindən təqdim edilən “Creative and İnnovative Solutions” MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, “Şayıflı” və “Sarıqışlaq” X5raşdırılmış sendviç divar panellərindəki qüsurlar (cızıqlar, qabarmalar, əyilmələr) istehsal xətaları ilə əlaqəli deyil. Bu qüsurlar yolsuzluq şəraitində daşınma, düzgün olmayan boşaldılma və quraşdırma prosesləri nəticəsində yaranmışdır. Xüsusilə uzun ölçülü panellərdə (9-13 metr) müşahidə olunan qabarmalar, panellərin birləşmə hissələrindəki montaj xətaları ilə əlaqədardır. İddia olunan 60000 manat təzminat məbləği isə yaranan qüsurların aradan qaldırılması üçün şişirdilmiş məbləğdir. “Creative and İnnovative Solutions” MMC, təcrübəsinə əsasən, iddianın əsassız olduğunu və qüsurların tamamilə daşınma və quraşdırma xətalarından qaynaqlandığını təsdiqləyir.
56. Məhkəmə tərəfindən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 07/02-50/25 nömrəli rəyinin tərtib olunmasında mütəxəssis kimi iştirak edən X9 məhkəmə iclasına dəvət olunmuş, məhkəməyə izahatında tədqiqat obyektinə baxış keçirildiyini, panellərdə qabarma, səthində dalğalı vəziyyətin mövcud olduğunu, daşıma nəticəsində əzilmənin yarana biləcəyini, lakin qabarma və çökmələrin daşımadan qaynaqlandığının istisna edildiyini bildirdi və qüsurların istehsal xarakterli olduğunu göstərdi.
57. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 406/05-25 nömrəli rəyinin tərtib olunmasında mütəxəssis kimi iştirak edən X6 baxış nəticəsində panellərin yuxarı baş hissəsində eninə çatların olduğunu, qabarmalarında nəzərə çarpdığını, dəmirlərin müxtəlif tonlarda rulon formasında istehsala daxil olunduğunu, belə qüsurlar əvvəlcədən mövcud olarsa, istehsal prosesində üzə çıxa biləcəyini bildirdi və qüsurların boşaltma və quraşdırma nəticəsində yarandığını qeyd etdi.
58. Beləliklə, məhkəmə qüsurların yaranma əsasları ilə bağlı təqdim edilən sübutları, mütəxəssislərin izahatlarını nəzərə alaraq aşağıdakı qənaətə gəlir.
59. Əvvəla, göstərilməlidir ki, iş üzrə ekspertizanın həyata keçirilməsi məqsədilə dəfələrlə icraat dayandırılmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, lakin Mərkəz tərəfindən ekspertizanın aparılmasından yekun olaraq müvafiq tədqiqat üzrə ekspertlərinin olmaması əsası ilə imtina edilmişdir. Digər tərəfdən, mütəxəssis rəylərinin alınması üçün aidiyyəti dövlət qurumlarına - S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu və “Azərbaycan Standartlaşdırma İnstitutu” X18 müraciət edilmiş, qeyd edilən təşkilatlar tərəfindən rəyin verilməsi mümkün olmamışdır.
60. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “Creative and İnnovative Solutions” MMC-nin xx.xx.2025-ci il tarixli rəyi Azərbaycan Respublikasının səlahiyyətli qurumu tərəfindən təsdiq edilmiş sertifikata (şəhadətnaməyə) malik olmayan şəxs tərəfindən tərtib edildiyindən qeyri-mötəbər hesab edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 406/05-25 nömrəli rəyinin tərtib edilməsində iştirak edən X1 izahatından isə sonuncunun müvafiq qüsurun istehsalat prosesindən qaynaqlanacağı halda, satıcının həmin məhsulu satmayacağı prezumpsiyasından çıxış etdiyi məlum olmuş, iş materiallarındakı şəkillərlə təsdiq olunan panellərdəki qabarmaların yaranma əsaslarının hansı qaydada boşaltmadan və ya quraşdırmadan yarana biləcəyi isə qeyri-müəyyən qalmışdır.
61. Digər tərəfdən, Məhkəmə tərəfindən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 07/02- 50/25 nömrəli rəyinin tərtib olunmasında mütəxəssis kimi iştirak edən X3 panellərdə qabarma, səthində dalğalı vəziyyətin mövcudluğu ilə bağlı əsaslandırması, profilli metal və doldurucu arasında əlaqənin pozulması, izolyasiya lamellərinin qoyulması üçün düzgün qurulmuş bir prosesin olmamasından panelin içərisində boşluqların meydana gəlməsi kimi istehsalat qüsurlarının əlamətlərini sadalaması qeyd edilən rəyin mötəbərliyini göstərir.
62. Bu qənaətə gələrkən məhkəmə həmçinin göstərir ki, rəyin tərtib edilməsinə iştirak edən X9 Məhkəmə Ekspertlərinin Reyestri ilə təsdiq edilmiş ixtisasa malikdir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir. Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir. Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
63. Açıq informasiya ehtiyatı kimi Reyestrdən əldə edilmiş məlumatlardan isə X3 xx.xx.2021-ci il tarixdə attestasiyadan keçdiyi, tikinti-texniki obyektlərinin tədqiqatı sahəsində ekspert ixtisasının olduğu təsdiq edilir.
64. Digər tərəfdən, sendviç panellərin istehsalçısı kimi üçüncü şəxsin və cavabdehin panellərin standartlara uyğunluğu ilə bağlı təqdim etdiyi uyğunluq sertifaktları, sınaq protokolları penellər cavabdeh tərəfindən iddiaçıya verildikdən sonra əldə edilmişdir (“Azərbaycan Akkreditasiya Mərkəzi” X17 xx.xx.2024-cü il tarixli uyğunluq serifikatları, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun xx.xx.2023-cü il tarixli sınaq protokolu və s.).
65. Qeyd edilənlərə əsasən iddiaçı əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik hesab olunmalıdır.
66. Həmin xərclərin həcmi ilə bağlı isə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 07/02- 50/25 nömrəli rəyində göstərilmişdir ki, qüsurların aradan qaldırılması üçün çəkilmiş xərclərin ümumi dəyəri 60188,9 manat məbləğində müəyyən olunur.
67. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh MMC-dən 60188 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
68. İddiaçı eyni zamanda ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasını tələb edir.
69. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/6-0286 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini iddiaçı ödəmişdir.
70. “Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
71. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
72. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
73. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin avqust – sentyabr ayı) MPM-in 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
74. Bundan başqa, "xxxx" MMC-nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli 07/02-50/25 nömrəli rəy üzrə aparılmış tədqiqatın dəyərini 1000 manat təşkil edir.
75. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
76. Həmin Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
77. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə, ekspertiza xərci olaraq 1000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC Qara Qarayev filialı, Kod 200145, VÖEN – **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, VÖEN – **********, hesab AZ90AİİB********************) ödənilməlidir.
V. Nəticə:
79. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 60188 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərci olaraq 1000 manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ("xxxx" ASC Qara Qarayev filialı, Kod 200145, VÖEN – **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, VÖEN – **********, hesab AZ90AİİB********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova