Məhkəmə qərarları › İş №e-2-2(113)-5700/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5700/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5700/2022 25.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakim Əliyeva Aytən Heydər qızı, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 4871.18 (dörd min səkkiz yüz yetmiş bir manat on səkkiz qəpik) AZN əsas borc və 487.11 (dörd yüz səksən yeddi manat on bir qəpik) AZN faiz borcu olmaqla, cəmi 5358.29 (beş min üç yüz əlli səkkiz manat iyirmi doqquz qəpik) AZN pulun iddiaçı“X1” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “X1 Azərbaycan” MMC ilə “Online Tikinti Bazarı" MMC arasında xx.xx.2020-ci il arixli, № 2020-SM/EH-078 saylı “alğı-satqı” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarını müqavilə müddəti dövründə “satıcı” “alıcı”nın mülkiyyətinə verməyi, “alıcı” isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “satıcı”ya ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunan müqavilə və ona əlavə edilmiş 1 saylı qiymət razılaşdırma protokolu əsasında “satıcı” tərəfindən inşaat kimyəvi məhsullar müqavilədə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə “alıcı” ya təhvil verilmişdir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən, “satıcı” sabit limit olaraq 30.000 (otuz min manat) AZN məbləğində “mal”ı “alıcı” ya verir, “alıcı” sə “mal”ın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 45 (qırx beş) gün müddətində “satıcı” ya nağd və ya köçürmə şəklində dəyir. Gecikmə halında “alıcı” hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1 % peniya ödəməyi qəbul və təsdiq edir. Həmin müqaviləyə edilmiş xx.xx.2021-ci il tarixli, 2 № li əlavəyə əsasən, tərəflər arasında razılaşdırılmış xx.xx.2020-ci il tarixli, № 2020-SM/EH78 saylı “alqı-satqı” müqaviləsinin 3.3-cü bəndində yeni dəyişikliyə əsasən, göstərilən ödəmə müddəti 45 (qırx beş) gün, limit 150.000 (yüz əlli min) manat müəyyən edilmişdir. Göründüyü kimi, “X1 Azərbaycan” MMC həmin alqı-satqı müqaviləsi əsasında müəyyən edilmiş şərtlərlə və lazım olan alda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarını “alıcı”nın mülkiyyətinə vermək öhdəliyini yerinə yetirmiş, lakin “alıcı” isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “satıcı”ya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. xx.xx.2020-xx.xx.2021-ci tarixlərindəki dövrləri əhatə edən İddiaçı MMC-nin hesabdan çıxarışından göründüyü kimi, "xxxx" MMC-nin 4871.18 (dörd min səkkiz yüz yetmiş bir manat on səkkiz qəpik) AZN ödənilməmiş borcu qalmışdır. xx.xx.2020-ci il tarixli, № 2020-SM/EH-078 saylı “Alqı-satqı” müqaviləsi üzrə borc məbləği (iyul ayının 13-dək) 4871.18 (dörd min səkkiz üz yetmiş bir manat on səkkiz qəpik) AZN əsas borc və 487.11 (dörd yüzsəksən yeddi manat on bir qəpik) AZN faiz borcu olmaqla, cəmi 5358.29 beş min üç yüzəlli səkkiz manat iyirmi doqquz qəpik) AZN təşkil edir. Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “satıcı” "xxxx" MMC “alıcı” olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli 2020-SM/EH-078 nömrəli alğı-satqı müqaviləsinə əsasən bu müqavilənin predmetini hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarının (bundan sonra “mal) müqavilə müddəti dövründə “satıcı” tərəfindən “alıcı”nın mülkiyyətinə vermək və “alıcı” tərəfindən isə həmin malların dəyərinin bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “satıcı”ya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. EBBK seriyalı 557059 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən 17.336,37 manat "xxxx" MMC-nə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş, xx.xx.2020-xx.xx.2021 tarixlərini əhatə edən hesabdan çıxarışda 4.871,18 manat qalıq məbləğ qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəiş qəbzinə əsasən İddiaçı MMC tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının bank hesabına 100 manat köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdeh tərəfindən iddiaçının təhvil verdiyi mallar üzrə 4.871,18 manat məbləğində borc ödənilməmişdir. Əlavə olaraq iddaçı iddia tələbində 487,11 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində tutulmasını xahiş etdiyi faiz borcu üzrə cavabdehin öhdəliyinin yaranma əsasını göstərmədən tələbini qeyd olunan hissədə əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-dən 4871.18 (dörd min səkkiz yüz yetmiş bir manat on səkkiz qəpik) manat əsas borc və 100 manat məbləğində mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar