Məhkəmə qərarları › İş №e-2-2(113)-5700/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5700/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5700/2025 05.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 8260,01 manat əsas borc, 103 manat dövlət rüsumu, ümumilikdə, cəmi 8363.01 manat pulun tutulub İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən İddiaçı cavabdehə ümumi dəyəri 8.260.01 manat (ƏDV daxil) inşaat malları satmışdır. Müqavilənin tələbinə əsasən mal təqdim edildikdən 20 iş günü müddətində ödəniş edilməli idi. Lakin, xx.xx.2025-ci il tarixdə mal təqdim edilməsinə baxmayaraq cavabdeh ödəniş etməmişdir. Dəfələrlə, cavabdehin rəhbərinə şifahi qaydada borcun ödənilməsi tələb edilsə də müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Bundan sonra, yəni xx.xx.2025-ci il tarixdə həm e-mehkeme, həm də vergi elektron sistemi vasitəsi ilə cavabdehə pretenziya məktubu göndərilmiş lakin, cavabdeh borcun ödənilməsi üçün hər hansı addım atmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 109.1, 109.2, 385.1, 439.4-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etmiş, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 may 2025-ci il tarixli, A/G 25/52 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilənin 1.1-ci bəndinə əsasən "Satıcı" və "Alıcı" arasında elektrik mallarının alqı-satqısı bu müqavilənin predmetidir. 2.1-ci bəndə əsasən "Satıcı" malları “Alıcı" dan aldığı sifariş və müqavilənin ayrılmaz hissəsi kimi tərəflərin buna uyğun tərtib etdikləri qiymətlərini, miqdarını və ümumi dəyərini göstərən "Qiymətlərin razılaşdırılması protokolu" əsasında "Alıcı"-ya satmağı öhdəsinə götürür və buna müvafiq qaydada sənədləşdirir və “Alıcı"-ya malları təhvil verir. 2.4-cü bəndə əsasən "Alıcı" qaimə-fakturanı aldıqdan sonra malların dəyərini "Satıcı"-ya ödəyir. 3.1-ci bəndə əsasən ödənişlər köçürmə yolu ilə faktura və digər lazımi sənədlər təqdim olunduqdan sonra 20 iş günü ərzində həyata keçirilir. Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, 12 adda mal və materialların ƏDV daxil ümumi dəyəri 8.260,01 manat razılaşdırılmışdır. Təhvil-təslim aktından görünür ki, 20 may 2025-ci il tarixli, A/G 25/52 saylı müqavilə üzrə ƏDV daxil ümumi dəyəri 8.260,01 manat olan mal və materiallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də öz imza və möhürü ilə aktı təsdiq etməklə malları təhvil almışdır. Təhvil-təslim aktında adları və ümumi dəyəri qeyd olunan mallara dair iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, 2505/20 nömrəli, ümumi dəyəri 8.260,01 manat olan hesab-faktura göndərilmişdir. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən 8.260,01 manat borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli **********25 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 103 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə mal göndərmə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 8260,01 manat məbləğində malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktı və hesab-faktura) öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarından məlumatlı olmasına baxmayaraq iddiaya qarşı heç bir etiraz etməmiş, tələbi mübahisələndirməmişdir. Buna görə də, iddiaçının Mülki Məcəllənin 600.4 və 637.2-ci maddələrinə əsasən cavabdehdən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların dəyəri olan 8.260,01 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 8.260,01 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 103 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8.260 (səkkiz min iki yüz altmış) manat 01 (bir) qəpik əsas borc və ödənilmiş 103 (yüz üç) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar