Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5702/2025 04.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh “Ricon" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yük daşınması müqaviləsi, öhdəliyin icra edilməməsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh “Ricon" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış 8.909 manat əsas borcun, 890,90 manat cərimə məbləğinin, 320 vəkil xərcinin, 121 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti yükdaşıma, taksi və broker xidmətlərini həyata keçirir. Göstərilən fəaliyyətlə əlaqədar cavabdeh “Ricon" MMC ilə xx.xx.2024-cü il tarixli, RCN/AUC-xx.xx.2024 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında sifarişçiyə məxsus malları və müxtəlif növ yükü daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə icraçıya bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-cü bəndinə əsasən xidmət haqqı ay ərzində görülmüş işlərin həcmindən asılı olaraq müəyyən edilir, təqdim edilmiş aktlarda və elektron qaimələrdə öz əksini tapır. Razışlaşdırılmış xidmət haqqına ƏDV xərcləri əlavə olunur. Müvafiq müqavilə çərçivəsində cavabdehə ümumi dəyəri ƏDV daxil olmaqla 27.777,20 manat dəyərində xidmət göstərilmişdir. Yükdaşıma müqaviləsinin 4.2-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlər hər ay üçün bu müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş sənədlər əsasında elektron qaimə göndərildiyi vaxtdan etibarən 5 gün ərzində həyata keçirilməli idi. Bildirilir ki, iddiaçı olaraq üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməklərinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər bugünədək tam şəkildə həyata keçirilməmişdir. Belə ki, cavabdeh bu məbləğin yalnız 18.868,20 manat hissəsini ödəmiş, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-cü il tarixli elektron qaimələr üzrə ödənişləri həyata keçirməmişdir. Beləliklə, hazırkı vəziyyətdə cavabdeh “Ricon" MMC-nin bu müqavilə üzrə əsas borcu, toplamda 8.909 manat (18% ƏDV daxil) təşkil edir. Bundan əlavə 29 aprel 2024-cü il tarixli müqavilənin 4.3-cü maddəsinə əsasən bu müqavilənin 4.2-ci bəndinə əsasən yaranmış öhdəliyin ödənişi sifarişçi tərəfindən 5 günü keçərsə, ödəniləcək məbləğə gündəlik 0.5 % dəbbə pulu hesablanır. Bu əsas üzrə cavabdehin müəssisəyə əlavə olaraq 890,90 manat cərimə borcu da yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 441.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı QSC ilə “Ricon" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RCN/AUCxx.xx.2024 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsinin predmetinə əsasən icraçı sifarişçinin sifarişi əsasında sifarişçiyə məxsus malları və müxtəlif növ yükü daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən xidmət haqqı ay ərzində görülmüş işlərin həcmindən asılı olaraq, sifariş öncəsi müxtəlif vasitələrlə yazılı və şifahi razılaşmaya əsasən müəyyən edilir, təqdim edilmiş aktlarda və elektron qaimələrdə öz əksini tapır. Razılaşdırılmış xidmət haqqına ƏDV xərcləri əlavə olunur. 4.2-ci bəndə əsasən Ödənişlər hər ay üçün bu müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş sənədlər əsasında elektron qaimə göndərildiyi vaxtdan etibarən 5 gün ərzində həyata keçirilir. Bu müqavilənin 4.3-cü bəndinə əsasən, yaranmış öhdəliyin ödənişi sifarişçi tərəfindən 5 günü keçərsə, ödəniləcək məbləğə gündəlik 0,5 % dəbbə pulu hesablanır, lakin bu məbləğ ödəniləcək məbləğin 10%-dən çox olmamaq şərti ilə. (4.3-cü bənd). MT2408 seriyalı, 11913967 nömrəli, xx.xx.2024-cü il tarixli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya və xx.xx.2024-cü il tarixli hesab fakturaya əsasən 1.239 manat, MT2502 seriyalı, 10025323 nömrəli, 03.02.202-ci il tarixli elektron qaimə-fakturaya və xx.xx.2025-ci il tarixli hesab fakturaya əsasən 2.714 manat, MT2502 seriyalı, 10025156 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaimə-fakturaya və xx.xx.2025-ci il tarixli hesab fakturaya əsasən 1.062 manat, MT2502 seriyalı, 11283884 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaimə-fakturaya və xx.xx.2025-ci il tarixli hesab fakturaya əsasən 3.894 manat dəyərində iddiaçı tərəfindən cavabdehə yüklərin avtomobil yolu ilə ölkədaxili daşınması xidməti göstərilmişdir. Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 01/2025 saylı, xx.xx.2025-ci il tarixli akta əsasən 3.894 manat, 12/2024 saylı, xx.xx.2025-ci il tarixli akta əsasən 1.062 manat, 12/2024-1 saylı, xx.xx.2025-ci il tarixli akta əsasən 2.714 manat, 07/2024-1 saylı, xx.xx.2024-cü il tarixli akta əsasən 1.239 manat məbləğində xidmət iddiaçı tərəfindən təhvil verilmiş, cavabdeh tərəf də həmin aktları imzası ilə təsdiqləməklə xidmətləri təhvil aldığını qəbul etmişdir. xx.xx.2025-ci il tarixli, 25/483-AUC nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, borclu ilə "X1" QSC arasında olan 23.540.00 manat məbləğindəki əsas, 4237.20 manat məbləğindəki ƏDV məbləği üzrə olan maliyyə dövriyyəsi üzrə borclu tərəfindən 15.990.00 manat məbləğində əsas, 2878.20 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən dövlət büdcəsinə 121 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı QSC ilə Vəkil Nümayəndə1 (Vəkillik vəsiqəsi № VK-1927) arasında bağlanmış xx.xx.2025-ci il tarixli EM-1927VK-37598/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 320 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hüquqi yardım xərcinin əvəzi olaraq iddiaçı tərəfindən 320 manat məbləğində pul ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşınma xidmətlərinin göstərilməsi ilə əlaqədar kommersiya münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş yükləri daşısa da, cavabdeh tərəfindən nəzərdə tutulmuş yük daşıma haqqı iddiaçıya tam ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, onun sifarişi əsasında daşınma xidmətləri göstərilsə də, yük daşıma haqqını tam ödəməmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş təhvil-təslim aktları və elektron qaimələrlə də öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının Mülki Məcəllənin 850-ci maddəsinə əsasən daşıdığı yükün müqabilində cavabdehdən yük daşıma haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmədiyini, göstərilən xidmətlərə görə qalıq 8909 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 8909 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RCN/AUC-xx.xx.2024 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən cavabdehdən hesablanmış 890,90 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz şəkildə yüksək olduğundan cərimə məbləği azaldılaraq 445 manat müəyyən olunmalıdır. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121 manat dövlət rüsumunun 113,54 manatının əvəzi, həmçinin ağlabatan mələğdə olduğuna görə 320 manat hüquqi yardım üçün ödənilmiş vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 8909 (səkkiz min doqquz yüz doqquz) manat əsas borc, 445 (dörd yüz qırx beş) manat cərimə məbləği, hüquqi yardım üçün ödənilmiş vəsaitin 320 (üç yüz iyirmi) manatın və ödənilmiş dövlət rüsumunun 113 (yüz on üç) manat 54 (əlli dörd) qəpiyin əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5702/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5702/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver