Məhkəmə qərarları › İş №e-2-2(113)-5709/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5709/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5709/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “satınalma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: satınalma müqaviləsi, mediasiya xərci, dövlət rüsumu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “satınalma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17 iyun 2021-ci il tarixli satınalma müqaviləsi əsasında yaranmış 48755,9 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,54 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat olmaqla, ümumilikdə 48992,44 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı 2001-ci ildən informasiyakommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış sahibkarlıq subyektidir. İddiaçı cavabdeh tərəfindən kompüter avadanlıqları və printerlərin satın alınması məqsədilə 07 aprel 2021-ci ildə keçirilmiş açıq tenderdə qalib olmuş və tərəflər arasında 17 iyun 2021-ci il tarixli, 56 saylı Satınalma müqaviləsi bağlanmışdır. Adıçəkilən müqaviləyə əsasən, cavabdeh müqavilədə göstərilən malların satın alınması üçün iddiaçının 554 152,37 manat məbləğində tender təklifini qəbul etmişdir. İddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə satın alınan malın təhvil verilməsini, cavabdeh isə malların qəbul edilməsini və onların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilədə razılaşdırılmış siyahı üzrə 29 növdə mal (qurğu və avadanlıqlar) xarici istehsalçılara sifariş edilmiş və əvəzi ödənilməklə alınmışdır. Həmin mallar cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmiş, malların təhvil verilməsi aktla rəsmiləşdirilmişdir. Tərəflər arasında imzalanmış təhvil-təslim aktları malların tam şəkildə cavabdehə təhvil verilməsini təsdiq edir. Cavabdeh tərəfindən qəbul edilmiş malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən müvafiq hesab-fakturalar təqdim olunmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, qəbul edilmiş mallara görə ödənişi tam şəkildə başa çatdırmamış və 48755,9 manat vaxtı keçmiş borc yaranmışdır. Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə edilən müraciətlərə etinasız münasibət göstərərək, cavab verməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40-1.3, 61-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 430, 442, 443-cü maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin keçirdiyi tenderdə qalib olmuş, bunun əsasında satınalma müqaviləsi bağlanmışdır. Təqribən yarım milyon manatlıq mal cavabdehə təhvil verilmiş, cavabdeh isə malların dəyərinn əksər hissəsini köçürmə yolu ilə etmişdir. Həmçinin cavabdeh elektron qaimələri də təsdiq edərək malları təhvil aldığını qəbul etmişdir.

5. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı, borc məbləğini etiraf etmiş, həmin məbləğin satınalma müqaviləsi üzrə qalıq borc olduğunu qeyd etmişdir.

6. Cavabdehin nümayəndəsi X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yazılı mülahizə təqdim edərək 17 iyun 2021-ci il tarixli satınalma müqaviləsi üzrə öhdəliklərinin icrası ilə əlaqədar cavabdeh tərəfindən 554 142,51 manat məbləğində malın təhvil verildiyini, Müdafiə Nazirliyi tərəfindən iddiaçının hesablaşma hesabına 505 386,61 manat pul vəsaitinin ödənildiyini və cavabdehə 48755,9 manat borc qaldığını bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Satınalma müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Tender komissiyasının xx.xx.2021-ci il tarixli 7 nömrəli yekun protokolu əsasında İddiaçı MMC ilə Müdafiə Nazirliyi arasında 17 iyun 2021 tarixli, 56 saylı satınalma müqaviləsi bağlanmış, müqavilə əsasında İddiaçı MMC tərəfindən 554142,51 manat dəyərində mal Müdafiə Nazirliyinə təhvil verilmiş, malların dəyərindən 505386,61 manat ödənilmişdir.

11. Beləliklə, məhkəmə müəyyən edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini qismən icra edərək təhvil verilmiş malların dəyərinin əhəmiyyətli hissəsini ödəmiş, qalan 48755,9 manatı isə ödəməmişdir.

12. Mülki Məcəllənin 404-1-ci maddəsinə əsasən dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.

13. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40-1.3cü maddəsinə əsasən satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

14. Həmin Qanunun 40-1.4-cü maddəsində göstərilmişdir ki, satınalma müqaviləsi üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) satınalan təşkilat tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə malgöndərənə (podratçıya) ödənilir. Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər malgöndərən (podratçı) tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 bank günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilir.

15. 17 iyun 2021-ci il tarixli, 56 saylı satınalma müqaviləsinin 11.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən icraçının təqdim etdiyi sənədlər (hesab-faktura, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

16. Yekun olaraq, iddiaçı tərəfindən 554142,51 manat dəyərində malların cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərinin bir hissəsini – 48755,9 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 48755,9 manat pul cavabdeh Müdafiə Nazirliyindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

17. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

18. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/14-00001 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 15 iyul 2022-ci il tarixində, 12:00-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh 10 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

19. Məhkəməyə təqdim edilən 15 iyul 2022-ci il tarixli, **********/443860490 nörməli ödəniş tapşırığına əsasən, Bakı şəhəri 14 saylı mediasiya təşkilatına 200 manat məbləğində pul vəsaitinin ödənilməsi bərədə İddiaçı MMC tərəfindən banka tapşırıq verilmişdir.

20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

21. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

22. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

23. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdeh Müdafiə Nazirliyindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

24. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, 36,54 manat məbləğində dövlət rüsumu ********* nömrəli qəbzlə Bakı Kommersiya Məhkəməsinə ödənmişdir.

25. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə ilə iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi tam olaraq cavabdehdən tutulmalıdır.

27. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,54 manat pul cavabdeh Müdafiə Nazirliyindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış xx.xx.2021-ci il tarixli satınalma müqaviləsinə əsasən 48755 (qırx səkkiz min yeddi yüz əlli beş) manat 90 (doxsan) qəpik əsas borc cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat 54 (əlli dörd) qəpik pul cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar