Məhkəmə qərarları › İş №e-2-2(113)-572/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-572/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-572/2021 08.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X6 qarşı müqavilədən irəli gələn öhdəliyi icra etməməsi ilə bağlı yaranmış borc tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC X6 qarşı müqavilədən irəli gələn öhdəliyi icra etməməsi ilə bağlı yaranmış borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44800 manat məbləğində pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun - cəmi 44830 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X7 arasında bağlanılmış dekabr 2019-cu il tarixli malların nisyə alqı-satqı sı barədə 039/2019 saylı müqaviləsinin 1ci bəndinə əsasən əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 44800 manat məbləğində olan müxtəlif çeşiddə malları satmış, cavabeh isə müqavilənin 2-ci bəndinə əsasən məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini bir il müddətində ödəməyi öhdəsinə götürmüşdür.Daha sonra cavabdehlə İddiaçı MMC arasında mövcud borcun etirafı haqqında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və cavabdeh borclu olduğu 44800 manat pulu hər ay 3733 manat olmaqla xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.Buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və malların dəyərini ödəməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmiş, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəni məhkəməyə təqdim edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış 036/2019 nömrəli məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC ümumi dəyəri 44800 manat məbləğində olan müxtəlif çeşiddə malları alıcıya satır, alıcı isə malı satıcıdan qəbul edir və satıcıya 44800 manat məbləğində olan borcunu 12 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Borcun etirafı haqqında” müqaviləyə əsasən kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında X5 kreditora 44800 manat borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 44800 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada, yəni bu müqavilə imzalandığı tarixdən hər növbəti ayın həmin tarixi 3735 manat olmaqla xx.xx.2021-ci il tarixədək tam olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış 036/2019 nömrəli müqavilə üzrə 44800 manat borcun olması və xx.xx.2021-ci il tarixdək tam ödənilməsi barədə X7 adlı şəxs tərəfindən İddiaçı MMC-nin prezidentinin adına ərizə yazılaraq imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə 44800 manat məbləğində borc ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, X3 44800 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 44830 (qırx dörd min səkkiz yüz otuz ) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 44800 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 44830 (qırx dörd min səkkiz yüz otuz ) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar