Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-572/2022 18.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli müqavilə üzrə 4,767.00 manat gecikdirilmiş borc və hesablanmış 5,426.29 manat cərimə, 03.04.2019-cu il 537-GL/18 nömrəli müqavilə üzrə 16,114 manat gecikdirilmiş borc və hesablanmış 10,427.09 manat cərimə borcu olmaqla, cəmi 36,734.38 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə, cəmi 37,284.38 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli və 03.04.2019-cu il tarixli 537-GL/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) texnikanın ilkin dəyərinə 40% güzəşt tətbiq edilməklə və ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğinin ödəniş qrafikinə uyğun ödəmək şərtilə texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 26.08.2021-ci il tarixə 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli müqavilə üzrə 4,767.00 manat gecikdirilmiş borc və hesablanmış 5,426.29 manat cərimə, 03.04.2019-cu il 537-GL/18 nömrəli müqavilə üzrə 16,114.00 manat gecikdirilmiş borc və hesablanmış 10,427.09 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Sadıqov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 03 aprel 2019-cu il tarixli 537-GL/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 26383 manat müqavilədəki cədvəldə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Ödəniş qrafiki Kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın 14.03.2018-ci il tarixli protokolu nəzərə alınmaqla tərtib edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 03.04.2019-cu il tarixli 537-GL/18 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində ödəniş qrafikinə əsasən lizinq alan tərəfdən ödənilməli olan məbləğlər qeyd edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 03 aprel 2019-cu il tarixli 93-GL/17 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 6352 manat olan və müqavilədəki cədvəldə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Ödəniş qrafiki Kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın 17.01.2017-ci il tarixli protokolu nəzərə alınmaqla tərtib edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 4.3-cü bəndinə əsasən hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çatdıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər. 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində ödəniş qrafikinə əsasən lizinq alan tərəfdən ödənilməli olan məbləğlər qeyd edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı aralarında bağlanmış 03.04.2019-cu il tarixli, 93-GL/17 nömrəli və 03.04.2019-cu il tarixli 537-GL/18 nömrəli müqavilə üzrə yaranmış 16114 manat gecikdirilmiş əsas borcu və hesablanmış 10427,09 manat cərimə məbləğini qısa zaman ərzində ödəməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən verilmiş 26.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya olan gecikdirilmiş əsas borcu 4767 manat, cərimə borcu isə 5426,29 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş 26.08.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, 03.04.2019-cu il tarixli 537-GL/18 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya olan gecikdirilmiş əsas borcu 16114 manat, cərimə borcu isə 10427,09 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03.12.2021-ci il tarixli 2021- 007898 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 200 manat mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli və 03.04.2019-cu il 537-GL/18 nömrəli lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya gecikdirilmiş əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli və 03.04.2019cu il 537-GL/18 nömrəli lizinq müqavilələrindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2ci bəndinə əsasən hesablanmış 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli müqavilə üzrə 5,426.29 manat, 03.04.2019-cu il 537-GL/18 nömrəli müqavilə üzrə 10,427.09 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli müqavilə üzrə 200 manat, 03.04.2019-cu il 537-GL/18 nömrəli müqavilə üzrə isə 500 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə 350 manat hüquqi yardım xərcinin tutulması ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən belə xərcin çəkilməsini sübut edən hesabdan çıxarış və ya ödənişi təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli müqavilə üzrə 4,767.00 manat, 03.04.2019-cu il 537-GL/18 nömrəli müqavilə üzrə 16,114.00 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli müqavilə üzrə 4,767.00 manat gecikdirilmiş borc, 200 manat cərimə borcu, 03.04.2019-cu il 537-GL/18 nömrəli müqavilə üzrə 16,114.00 manat gecikdirilmiş borc, 500 manat cərimə pulu, cəmi 21581 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03.04.2019-cu il tarixli 93-GL/17 nömrəli müqavilə üzrə 4767 (dörd min yeddi yüz altmış yeddi) manat gecikdirilmiş borc və hesablanmış 200 (iki yüz) manat cərimə, 03.04.2019-cu il 537-GL/18 nömrəli müqavilə üzrə 16114 (on altı min yüz on dörd) manat gecikdirilmiş borc və hesablanmış 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 21581 (iyirmi bir min beş yüz səksən bir) manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-572/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-572/2022
18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver