Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5728/2023 22.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 9535,42 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15,36 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 091/2020 nömrəli müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 30000 (otuz min) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və 3 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 9535,42 (doqquz min beş yüz otuz beş manat qırx iki qəpik) manat hissəsini bu günədək ödəməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, 442, 443.1, 445.2, 448.1, 567, 598.1, 598.2, 598.3-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2020ci il tarixli, 091/2020 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 30000 (otuz min) manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır. Müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 30000 (otuz min) manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. Müqavilənin 3cü bəndinə əsasən alıcı satıcıya 30000 (otuz min) manat məbləğində olan borcunu 03 (ay) ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə əsasən satıcı alıcıya verdiyi məhsullara görə üçüncü şəxslər qarşısında heç bir hüquqa və məsuliyyətə malik deyil. Müqavilənin 5-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürülmə formasında, yalnız satıcının səlahiyyətli nümayəndəsindən qəbz (təhsilat) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı tərəf daşıyır.
8. 091/2020 nömrəli, xx.xx.2020-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 091/2020 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən 30000 (otuz min) manat dəyərində aktda göstərilən mallar İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.
9. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizənin məzmununda qeyd edilmişdir ki, tərəflər (İddiaçı MMC ilə Cavabdeh) arasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı MMC-yə Cavabdeh 30000 (otuz min) manat borcu yaranmışdır. İddiaçı MMC-yə olan borcu etiraf edir və üç aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürür. Üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda qanunla məsuliyyət daşımağa hazırdır.
10. ƏİA/3 seriyalı, 811888 nömrəli, 08 yanvar 2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 4200 manat məbləğində ödəniş edilmişdir.
11. ƏİA/3 seriyalı, 811898 nömrəli, 17 mart 2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 14000 manat məbləğində ödəniş edilmişdir.
12. ƏİA/3 seriyalı, 811895 nömrəli, 25 fevral 2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2264,58 manat məbləğində ödəniş edilmişdir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, borcun 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
18. İddia tələbinin bir hissəsini cavabdehdən 9535,42 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.
19. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, satılmış malların dəyərinin əvəzi olaraq 9535,42 manat (30000-(14000+4200+2264,58)=9535,42) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Eləcə də, iddiaçı 100 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15,36 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
21. Məhkəmə hesab edir ki, 100 (yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15,36 manat (on beş manat otuz altı qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9535,42 manat (doqquz min beş yüz otuz beş manat qırx iki qəpik) əsas borc, 100 (yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15,36 manat (on beş manat otuz altı qəpik) olmaqla, cəmi 9650,78 manat (doqquz min altı yüz əlli manat yetmiş səkkiz qəpik) məbləğində pul İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova