Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5728/2025 21.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, öhdəliyin ötürülməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 36728 manat və 200,18 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4244/20 saylı “alqı-satqı” müqaviləsi əsasında yaranmış 36728 (otuz altı min yeddi yüz iyirmi səkkiz) manat borc məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh SM Distribution” MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 36728 manat hissəsini bu günədək ödəməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1,389.1, 390.1, 442, 443.1, 567, 598.1, 445.2, 448.1, 449, 598.2, 598.3-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şirkətin əvvəlki direktoru ilə imzalanmışdır və malların təqdim edilməsinə dair sənəd mövcud olsa da hazırda məhkəməyə təqdim edilməmişdir. Sonda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh “SM Distribution" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı MMC (satıcı) ilə X1 (“SM Distribution" MMC) (alıcı) arasında imzalanmış xx.xx.2000-ci il tarixli, 4244/20 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və/və ya digər hüquqi formada ticarət predmeti olan Məhsulu Alıcıya satır, Alıcı isə Məhsulu Satıcıdan qəbul edir və müqabilində X2 Təklifində nəzərdə tutulmuş dəyərini ödəyir. Müqavilənin 4.1ci bəndinə əsasən Müqavilənin dəyəri Alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və Satıcının Alıcıya ünvanladığı Qiymət Təklifində müəyyən olunan qiymətlərə əsasən razılaşdırılır. Alıcının qiymətlərlə razılaşmadığı təqdirdə Qiymət Təklifinin göndərildiyi gündən 3 (üç) gün ərzində etiraz verə bilər. Əksi- təqdirdə qiymətlər qarşılıqlı razılaşdırılmış hesab edilir. İddiaçı MMC (“kreditor”) ilə Cavabdeh MMC arasında (“borclu”) imzalanmış xx.xx.2025-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4244/20 saylı alqı-satqı müqaviləsi əsasında Satıcı tərəfindən Alıcıya verilmiş müxtəlif çeşidli məhsullar əsasında Alıcının Satıcıya 36728 (otuz altı min yeddi yüz iyirmi səkkiz) manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Alıcı Satıcıya 36728 (otuz altı min yeddi yüz iyirmi səkkiz) manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən Alıcı borc məbləğinin 27 500 (iyirmi yeddi min beş yüz) manat hissəsini hər ay 2500 (iki min beş yüz) manat olmaqla növbəti 11 (on bir) ay ərzində, qalan 9228 (doqquz min iki yüz iyirmi səkkiz) manat hissəsini isə 2026-cı ilin aprel ayının 15-dək olmaqla hissə-hissə kreditora ödəməyi öhdəsinə götürür. İlk ödəniş 15 may 2025-ci il tarixinədək, növbəti ödənişlər isə hər növbəti aym 15-dək həyata keçiriləcəkdir. Ödəniş gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,1 %-i həcmində dəbbə pulu hesablanacaq. Ödəniş ardıcıl olaraq 2 dəfə edilmədiyi təqdirdə kreditor məhkəməyə müraciət edəcək və ümumi borc məbləğinin üzərinə hesablanmış dəbbə pulu əlavə ediləcək. "xxxx" MMC (“kreditor”) İddiaçı MMC (“borclu”) "xxxx" MMC (borcu qəbul edən) aralarında imzalanmış 30 aprel 2025-ci il tarixli öhdəliyin ötürülməsi və əvəzləşdirilməsi barədə razılaşma protokoluna əsasən “Borclu” ilə “kreditor” arasında bağlanmış xx.xx.2022-ci il tarixli 8219/22 saylı alqı-satqı müqaviləsi əsasında aparılmış əməliyyatlar nəticəsində Borclunun Kreditora ümumilikdə 5452 (beş min dörd yüz əlli iki) manat borcu yaranmışdır. Eyni zamanda, Borclu ilə Borcu qəbul edən arasında bağlanmış 04 may 2020-ci il tarixli 4244/20 saylı alqı-satqı müqaviləsi əsasında aparılmış əməliyyatlar nəticəsində Borcu qəbul edənin Borcluya 42180 (qırx iki min yüz səksən) manat borcu yaranmışdır. Kreditor Borclunun ona olan 5452 (beş min dörd yüz əlli iki) manat borcunu Borcu qəbul edənə əvəzsiz olaraq bağışlayır və tələbetmə hüququnu tam şəkildə ötürür. Borcu qəbul edən və Borclu razılığa gəlirlər ki, Kreditor tərəfindən Borcu qəbul edənə ötürülmüş 5452 (beş min dörd yüz əlli iki) manat məbləğində borc Borcu qəbul edənin Borcluya olan 42180 (qırx iki min yüz səksən) manat borcundan çıxılır və nəticədə Borcu qəbul edənin Borcluya ümumilikdə 36728 (otuz altı min yeddi yüz iyirmi səkkiz) manat borcu qalır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda, 36728 borcu 1 iş gün ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 200,18 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öhdəliyini icra edərək, müvafiq həcmdə malı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Daha sonra "xxxx" MMC, İddiaçı MMC və "xxxx" MMC arasında imzalanmış 30 aprel 2025-ci il tarixli öhdəliyin ötürülməsi və əvəzləşdirilməsi barədə razılaşma protokoluna əsasən "xxxx" MMC İddiaçı MMC-nin ona olan 5452 manat qalıq borcunu "xxxx" MMC-yə əvəzsiz olaraq bağışlamış və tələbetmə hüququnu tam şəkildə ona ötürmüş, həmin 5452 manat borc cavabdehin iddiaçıya olan 42180 manat borcundan çıxılmış və nəticədə cavabdeh iddiaçıya ümumilikdə 36728 manat borcu qaldığını etiraf etmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Çünki iş materiallarında olan tərəflər arasında imzalanmış mövcud borcun etirafı haqqında müqavilə, eləcə də cavabdehin özü tərəfindən imzalanmış öhdəliyin ötürülməsi və əvəzləşdirilməsi barədə razılaşdırma protokolunda borcun etirafı iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, borcunu etiraf etdiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 36728 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 200,18 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 36728 (otuz altı min yeddi yüz iyirmi səkkiz) manat və ödənilmiş 200 (iki yüz) manat 18 (on səksən) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5728/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5728/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver