Məhkəmə qərarları › İş №e-2-2(113)-5734/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5734/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5734/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Hakim Əliyeva Leyla Rauf qızı tərəfindən İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə kiçik iddialara dair sadələşdirilmiş qaydada baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında yükdaşıma xidmətlərinin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli 109/19 №li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin: - 2.3-cü bəndinə əsasən icraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur, sifarişçinin və icraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri ( və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. -2.5-ci bəndinə əsasən sifarişçi sifariş olunmuş avtomobilləri yükləmə və boşaltma üçün müəyyən edilmiş vaxtdan artıq gözlətdiyi təqdirdə aşağıdakı qaydada ödəniş etməyə borcludur: -Ağır tonajiı (TİR) - 3 saat yükləmə, 2 saat boşaltma üçün; 1 (bir) saat gözlətmə üçün 30 manat -7-8 metrlik - 2 saat yükləmə, 2 saat boşaltma üçün; 1 (bir) saat gözlətmə üçün 20 manat -3-6 metrlik - 1 saat yükləmə, 1 saat boşaltma üçün; 1 (bir) saat gözlətmə üçün 10 manat -Özüboşaldan - yükləmə və boşaltma üçün cəmi 3 saat; 1 (bir) saat gözlətmə üçün 15 manat. - 5.2-ci bəndinə əsasən sifarişçi əvvəlcədən depozit ödənişi həyata keçirir. Göstəriləcək xidmətlərin dəyəri depozit məbləğidən artıq olduğu təqdirdə əlavə ödəniş beş iş günü ərzində sifarişçi tərəfindən icraçıya ödənilir. -8.3-cü maddəsinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0,2% əlavə hesablanacaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli 109/19 №li müqaviləyə 1 nömrəli əlavəsi olan qiymət cədvəlində regionlar üzrə yükdaşıma xidmətlərinin dəyəri göstərilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. Maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli 109/19 №li müqavilə üzrə İddiaçı MMC-yə əsas borcu 1580 manat, cərimə borcu 980,70, gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 67,18 manat təşkil edir.

5. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 2023-cü ilin dekabr ayına 2711 manat, ƏDV üzrə borcu 9 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. İddiaçı MMC tərəfindən ümumilikdə 1580 manat (ƏDV yoxdur) dəyərində xidmətlərin göstərilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edilərək, xidmət müqaviləsi üzrə borcun 3 iş günü ərzində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixində 109/19 saylı müqavilə üzrə 1580 manat məbləğində əsas borcun, 316 manat məbləğində dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 67,18 manat pulun və 50 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iləCavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində 109/19 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də,Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixində 109/19 saylı müqavilə üzrə 1580 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş 05 nömrəli цzləmə aktı ilə təsdiq edilir. Bu əsasla tərəflərindən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etdikləri barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pulşirkətə ödənilməmişdir. xx.xx.2019-cu il tarixində 109/19 saylı müqavilənin 8.3-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 0,2% əlavə hesablanacaq. müqavilənin həmin bəndinə əsasən 980,70 manat cərimə məbləği təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək borc məbləğin ≈20 %-i həcmində, yənicəmi 316 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əlatmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.

10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445.7, 448.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, əsas borc üzrə hesablanmış pul məbləğini qəbul etdiklərini, lakin həm müqavilə, həm də qanunvericilik üzrə hesablanmış cərimə borcunun əsassız olması səbəbilə həmin hissədə tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c)İşdə iştirak edən şəxslər və onların izahatları

12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında yükdaşıma xidmətlərinin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli 109/19 №li müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan əsas borcu 1580 manat təşkil edir.

19. Belə olan halda məhkəmə Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 1580 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 1580 manat tutularaq İddiaçı MMC -yə ödənilməlidir.

20. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 316 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

21. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin yükdaşıma müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

22. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

23. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 80 manat məbləğində müəyyən edilməlidir.

24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin pul öhdəliyinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmaqla 67,18 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüş dür.

25. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı eyni pozuntuya görə müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinə görə (eyni müddət üçün) dəbbə pulunun ödənilməsini də tələb etmişdir.

26. Bununla bağlı məhkəmə qeyd edir ki, dəbbə pulu kimi Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər də öhdəliyin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən öhdəliyin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyasıdır. Odur ki, hər iki maliyyə sanksiyasının birlikdə tətbiqi eyni pozuntuya görə ikiqat məsuliyyət yaradır.

27. Digər tərəfdən Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə sözügedən faizlər yalnız kreditor başqa əsaslarla daha böyük məbləğ tələb edə bilmədiyi halda tətbiq edilir. Hazırda iddiaçı müqavilənin şərtlərinə istinad edərək daha böyük məbləğdə dəbbə pulunun tutulmasını tələb etmişdir. Odur ki, hazırkı halda iddiaçının xeyrinə dəbbə pulunun tutulması eyni pozuntuya görə Mülki Məcəllənin 445.7-ci maddəsinin faiz formasında maliyyə sanksiyasının tətbiqini istisna edilir.

28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 50 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

29. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 40 manat təşkil edir.

30. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Müvəqqəti təminat tədbirinin tədbiqi barədə ərizə verilərkən ödənilmiş dövlət rüsumuna gəldikdə məhkəmə qeyd edir ki, həmin rüsum hazırkı kommersiya işi üzrə deyil, müvəqqəti təminat tədbirinin tədbiqi barədə icraat çərçivəsində ödənildiyindən hazırkı iş üzrə məhkəmə xərclərinə aid edilmir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən 1580 manat məbləğində borc, 80 manat məbləğində dəbbə pulu, cəmi 1660 manat məbləğində pul vəsaiti, eləcə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 manat pul vəsaiti tutularaq İddiaçı MMC MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar