Məhkəmə qərarları › İş №e-2-2(113)-5734/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5734/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5734/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalıq borc tələbinə dair” kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benazir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə qalıq borc tələbinə dair” kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin:

2. 2.1-ci bəndinə görə bu müqaviləni bağlamaqla tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: 2.1.(ı) alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri-qida məhsullarını qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı satıcıdan sifariş edəcək; 2.2.(ıı) satıcı sifariş edilmiş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə Alıcıya təhvil verəcək; 2.3.(ııı) alıcı sifarişə uyğun olaraq çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyəcəkdir; 2.4.3.1-ci bəndinə görə alıcı malları satıcının nümayəndəsi vasitəsi ilə, yazılı formada, faks vasitəsi ilə, telefon vasitəsi ilə, elektron poçt vasitəsi ilə və online sifariş formasında edə bilər; 2.5.3.3-cü bəndinə görə alınmış sifariş bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Sifariş hər bir mağazanın və/və ya satış şəbəkəsinin məsul şəxsi və ya sifarişlər üzrə meneceri və ya alıcıya məxsus eyniləşdirmə kodu şifrə vasitəsi ilə alıcının təyin etdiyi istənilən şəxs tərəfindən bu müqavilə ilə nəzərdə tutulan formada və ya üsulla verilir. Sifarişin çatdırılmasına 72 saat qaldıqda Alıcı tərəfindən sifariş ləğv edilə bilməz; 2.6.3.4-cü bəndinə görə alıcı malların çatdırılması yerini malları sifariş verdiyi zaman müəyyən etməlidir. Tərəflər arasında digər razılaşma yoxdursa, satıcı malları öz mülahizəsinə əsasən alıcının istənilən mağazasına (alıcıya məxsus və ya digər formada alıcının idarəçiliyində olan marketlərdə və ya digər mağazalar və ya oxşar pərakəndə və topdan satış məntəqələri deməkdir) və ya alıcının müəyyən etdiyi yerə çatdırmalı və təhvil verməlidir; 2.7.3.5-ci bəndinə görə satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını (qaimə-fakturanı) 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli, aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı malların təhvil-təslimini təsdiq edən digər sənədləri də alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Mallar qaimə-fakturaya əsasən alıcıya təhvil verildiyi andan təsadüfü məhv olma və zədələnmə riski alıcıya keçir; 2.8. 3.6-cı bəndinə görə alıcı malları qəbul etdikdən, qaimə-fakturanı və digər sənədləri əldə etdkdən sonra onların hər bir nüsxəsini imzalalayaraq, bir nüsxəsini özündə saxlamalı, digər nüsxəsini isə satıcıya təhvil verməlidir; 2.9.8.1-ci bəndinə görə alıcı bu müqaviləyə uyğun olaraq satıcı tərəfindən təhvil verilən malların dəyərini, müqavilənin digər şərtlərini nəzərə almaqla, malın verildiyi vaxtdan etibarən 21 gün müddətində ödəməlidir; 2.10. 8.5-ci bəndinə görə satıcı qiymətə dair müqavilədə göstərilən qaydada hər tərəfin imzaladığı və təsdiq etdiyi akt, elektron vergi hesab-fakturası, elektron qaimə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan digər sənədləri alıcıya təqdim edəcək.

3. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışa görə tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin qüvvədə müddəti ərzində 98488,66 manat məbləğində mal tədarük olunmuş, ondan cəmi 72463,92 manat (61410,1 manat əsas, 11053,81 manat ƏDV) ödəniş edilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı müqavilə üzrə ödənilməmiş 25967,14 manat pulun və 167,90 ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, arasında bağlanmış xx.xx.2022-cü il tarixli, 15614 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh ondan aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 25967,14 manat məbləğində qalıq borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2025-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi məhkəmə baxışında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 98488,66 manat elektron qaimə göndərilmişdir. Hər bir qaimə üzrə təhvil-qəbul aktı mövcuddur. Bütün təhvilqəbul aktları gətirilmişdir. 61410,11 manat əsas borc, 11053,81 manat ƏDV ödənişi olunmuşdur. Təqdim edilmiş qaimələrin siyahısında 144, 145, 192, 193, 194 və 195-ci sırada olan qaimələr üzrə təhvil-təslim aktları isə tapılmamışdır.

8. Cavabdehin qanuni təmsilçisi, habelə vəkili və nümayəndəsi məhkəmə baxışında bildirdilər ki, qaimələdən biri üzrə 27495,43 manat borc, aktlar üzrə 28324,33 manat tələb edilir. Üç akt yalnız qaimə ilə üst-üstə düşür. 462 nömrəli akt xx.xx.2023-cü il tarixli 121544 nömrəli qaimə ilə üst-üstə düşür. 4251,8 manat əsas borc, ƏDV üzrə 765,16 manat ödəniş edilmişdir. Beş qaimə üzrə 5016,24 manat ödəniş edilmişdir. Qarşı tərəf qaimələrin ümumi siyahısını təsdiq etmişdir. 586 nömrəli akt xx.xx.2023-cü il tarixli 2203,19 manatlıq 924 nömrəli qaimə ilə üst-üstə düşür. Cavabdeh tərəfindən ƏDV ödənişləri də edilmişdir. 6644 nömrəli xx.xx.2023-cü il tarixli 245262 nömrəli qaimə üzrə ödəniş olunmuşdur. Dıne Hall restoranı onlara məxsusdur, lakin sifariş olunan mallar onların restoranında istifadə oluna bilən mallar deyildir. İmza onlara məxsus deyil və möhür vurulmamışdır. Cəmiyyətin işçiləri təkcə iddiaçıdan seyil, başqa şirkətlərdən də onların adından istifadə edərək mallar almış, lakin özləri yaratdıqları başqa bir şirkətin anbarına aparmışlar. Bu barədə prokurorluğa şikayət edilmiş və həmin işçilər barəsində araşdırma aparılır. Mallar cavabdeh tərəfindən qəbul edilməmişdir. Daha sonra, qısa müddətdə üzləşmə aktı tərtib etdilər. Audit çağırıldı və yoxlama aparıldı. Malların gəlmədiyini audit də təsdiq etdi. İddiaçının bildirdiyi həcmdə onlar arasında dövriyyə olmamışdır. Dövriyyənin nə qədər olmasını dəqiq bilmirlər, lakin cavabdehə hazırda heç bir borcları yoxdur.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.

20. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. MM-nin 386.1-ci maddəsindən də, göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

22. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı mübahisə isə iddiaçı tərəfindən təhvil verilməsi iddia edilən malların bir hissəsinin cavabdehə təhvil verilməməsi ilə bağlıdır. Cavabdeh təfəf malların bir hissəsinin onlara təhvil verilməməsini "xxxx" MMC-də işləyən bəzi işçilərin onların adından itifadə edərək malları iddiaçıdan qəbul etsələr də, özlərinin yaratdıqları şirkətə aparmları, həmçinin təhvilqəbul aktlarının bəzilərində imzaların olmaması, bəzilərndə isə imzalayan şəxslərin onların işçiləri olmaması ilə izah edirlər.

23. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş tərəflər arasında aparılmış əməliyyata dair ümumiləşdirilmiş məlumat cədvəlinin 144,145 və 193-cü sırada qeyd edilmiş elektron qaimə-fakturaların göndərilməsi üçün əsas olmuş təhvil-qəbul aktları ilə verilən mallar isitisna olmaqla, digər təhvil-qəbul aktları üzrə mallar cavabdehə təhvil verilmişdir (iddiaçının nümayəndəsi də məhkəmə baxışı zamanı həmin təhvil-qəbul aktlarının tapılmadığını etiraf etmişdir). Cavabdeh isə mübahisəli təhvilqəbul aktları üzrə malların onlara verilməməsini iki əsasla rədd edir. Cavabdehin birinci əsası ondan ibarətdir ki, iddiaçı tərəfindən göndərilən malların bir qismini onların işçiləri qəbul etmiş, lakin həmin malları onlar özlərinin yaratdıqları şirkətə yönəltmişlər. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış müqavilənin şərtlərindən görünür ki, alıcı müqavilədə göstərilən üsulla yazılı formada, faks, telefon, elektron poçt vasitəsi ilə və online sifariş formasında hər bir mağazanın və/və ya satış şəbəkəsinin məsul şəxsi və ya sifarişlər üzrə meneceri və ya alıcıya məxsus eyniləşdirmə kodu şifrə vasitəsi ilə alıcının təyin etdiyi istənilən şəxs tərəfindən edilir (müqavilənin 3.1 və 3.3-cü bəndləri).

25. Tərəflər arasında bağlanılmış nüqavilənin qeyd edilən bəndlərindən də görünür ki, malların sifariş üsulunu (növünü) və qaydasını seçmək alıcının, daha dəqiq onun təyin etdiyi və səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirirlməlidir. Müqavilənin qeyd edilən şərtlərindən də göründüyü kimi, alıcının siafirşi vermiş səlahiyyətli şəxsi tərəfindən malların düzgün qəbul edilməməsi ilə bağlı məsuliyyət cavabdehə aid edilmişdir. Cavabdehin hər hansı işçisi tərəfindən malları qəbul etdikdən sonra onun işlədiyi şirkətin istifadəsinə, yaxud hansısa başqa bir hüquqi və ya fiziki şəxsin istifadəsinə verilməsini yoxlamaq iddiaçının imkanları xaricində olmaqla bərabər, müqavilədə onun belə bir öhdəliyi də nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh iddiaçıya malların sifarişini vermiş hər bir işçisinin məsuliyyəti üçün öz öhdəliyi kimi məsuliyyət daşıyır.

26. Şərh edilələr əsasında məhəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və cavabdeh (onun səlahiyyətli işçisi) tərəfindən verilmiş sifarişlər üzrə tərəflər arasında aparılmış əməliyyata dair ümumiləşdirilmiş məlumat cədvəlinin 144,145 və 193-cü sırasında qeyd edilmiş elektron qaimə-fakturalarla verilməsi qeyd olunmuş məbləğdə (cəmi 6868 manat dəyərində) mallar istisna olmaqla, malları cavabdehə təhvil vermişdir.

27. Lakin mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini tam icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 8.1 və 8.5-ci bəndlərinə əsasən alıcı bu müqaviləyə uyğun olaraq satıcı tərəfindən təhvil verilən malların dəyərini, müqavilənin digər şərtlərini nəzərə almaqla, malın verildiyi vaxtdan etibarən 21 gün müddətində ödəməlidir. Satıcı qiymətə dair müqavilədə göstərilən qaydada hər tərəfin imzaladığı və təsdiq etdiyi akt, elektron vergi hesab-fakturası, elektron qaimə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan digər sənədləri alıcıya təqdim edəcək. Müqavilənin qeyd edilən bəndlərindən də göründüyü kimi, tərəflərin imzaladıqları akt, elektron vergi hesab-fakturası və elektron qaimə ödəniş üçün əsas olan sənədlərdir və iddiaçı tərəfindən həmin sənədlər iddiaçıya təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla da öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə iddia irəli sürməkdə haqlıdır.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsaslEmsaaq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 19099,14 (on doqquz min doğsan doqquz manat on dörd qəpik) qalıq borc və ödənilmiş 167,90 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar