Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5737/2025 12.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: Lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Honda İnsight” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilə məxsus açarın cavabdehdən alınaraq İddiaçı MMC-yə qaytarılması, Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 7090.34 (yeddi min doxsan manat 34 qəpik) manat əsas borc, 1031.38 (min otuz bir manat 38 qəpik) manat faiz borcu, 1283.67 (min iki yüz səksən üç manat 67 qəpik) manat cərimə borcu və 114.06 (yüz on dörd manat 06 qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 9519.45 (doqquz min beş yüz on doqquz manat 45 qəpik) manat məbləğində pul vəsaitinin tutulması və iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixində bağlanmış 348 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, Cavabdeh2 sifarişi ilə “Honda İnsight” markalı avtomobil 9500 (doqquz min beş yüz) manat məbləğində İddiaçı MMC tərəfindən alınıb və sifarişçinin müvəqqəti istifadəsinə verilmişdir. Sonradan, xx.xx.2023-cü il tarixli “Öhdəliklərin ötürülməsi haqqında” əlavə razılaşmaya əsasən, Cavabdeh2 müqavilədən irəli gələn hüquq və öhdəliklərini X3 ötürmüşdür. Daha sonra, xx.xx.2023-cü il tarixli növbəti əlavə razılaşmaya əsasən, Cavabdeh2 X2 öhdəliklərini öz üzərinə geri götürmüşdür. 348 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan “Lizinq ödənişləri cədvəli”nə (Əlavə № 4) əsasən, Cavabdeh2 14 ay müddətində, illik 28% hesablanmaqla, hər ay sabit şəkildə 475.22 manat məbləğində ödənişi İddiaçı MMC-nin hesabına həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin “Daxili lizinq müqaviləsi” və ondan irəli gələn “Öhdəliklərin ötürülməsi haqqında” əlavə razılaşmalara, habelə “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, lizinq ödənişləri vaxtında və lazımi qaydada həyata keçirilməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında borc öhdəliyi yaranmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən, lizinq alan ödənişi müəyyən edilmiş tarixdə həyata keçirmədikdə, gecikdirilən hər təqvim günü üçün ödənilməmiş məbləğə 0.10% məbləğində cərimə hesablanır. Müqavilənin digər müddəalarına əsasən, lizinq alan müqavilə şərtlərini pozmaqla, nəzərdə tutulan ödəniş tarixləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etmədikdə, lizinq verən müqaviləyə birtərəfli qaydada, lizinq alana hər hansızərərin əvəzini ödəmədən xitam verə bilər. Halhazırda cavabdeh müqavilənin və ondan irəli gələn əlavə razılaşmaların şərtlərini pozmuş, lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq yerinə yetirməmişdir. Bu səbəbdən, müqaviləyə əsasən ona birtərəfli qaydada xitam verilmişdir. Lizinqə müvəqqəti istifadə üçün verilmiş “Honda İnsight” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı olaraq, müqavilənin 4.3.4-cü bəndinə əsasən, İddiaçı MMC-nin lizinq obyektini geri almaq hüququ mövcuddur. Həmin hüquqdan istifadə edilməklə avtomobilin dərhal geri qaytarılması təmin edilməlidir. xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş, həmin məktubda müqavilə üzrə yaranmış əsas borc, faizlər və cərimə məbləğinin könüllü qaydada ödənilməsi,eləcə də lizinq predmetinin – nəqliyyat vasitəsinin geri qaytarılması tələb olunmuşdur. Lakin cavabdeh bu günədək üzərinə düşən öhdəlikləri – lizinq ödənişlərini yerinə yetirməmiş və nəqliyyat vasitəsini geri qaytarmamışdır. Bu isə onun müqavilə öhdəliklərini kobud şəkildə pozduğunu və qanunsuz hərəkətlərə yol verdiyini göstərir. Cavabdehin hazırda lizinq müqaviləsinə əsasən 7090.34 manat əsas borc, 1031.38 manat faiz borcu və 1283.67 manat cərimə borcu vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.
9. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).
10. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)
11. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5)
12. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
13. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
15. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli 348 saylı daxili lizinq müqaviləsi bağlanmışdır.
16. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən Honda İnsight minik tip- Xetçbek, rəngi tünd boz metallik, buraxılış ili 2009, BAN-JMHZE2H57AS008721 avtomobilini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
17. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alanın ilkin öhdəliyi 9.500 manat müəyyən edilir.
18. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir.
19. Daha sonra 348 saylı X6 xx.xx.2023-cü il tarixli Əlavə Razılaşma ilə Cavabdeh2 (öhdəlik ötürən) lizinq verənin razılığı ilə 348 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu X3 (öhdəlik götürən) verir və Öhdəlik götürən də bütünlüklə qəbul edir.
20. Razılaşma ilə lizinq müddəti xx.xx.2025-ci il tarixə kimi, razılaşma imzalandığı tarixə qalıq borc 6.901,31 manat məbləğində müəyyən edilmişdir.
21. 348 saylı X6 xx.xx.2023-cü il tarixli Əlavə Razılaşma ilə X5 (öhdəlik ötürən) lizinq verənin razılığı ilə 348 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu Cavabdeh2 (öhdəlik götürən) verir və öhdəlik götürən də bütünlüklə qəbul edir.
22. Əlavə Razılaşma ilə lizinq müddəti xx.xx.2025-ci il tarixə kimi, razılaşma imzalandığı tarixə qalıq borc 5.620,49 manat məbləğində müəyyən edilmişdir.
23. 348 saylı müqaviləyə 4 saylı Əlavə ilə təsdiq edilən ödəniş cədvəlindən məlum olur ki, xx.xx.2025-ci il tarixə, yəni lizinqin müddətinin bitdiyi tarixə ödənilməli əsas borc 5.620,49 manat, mükafat borcu 1.032,65 manat məbləğindədir.
24. Müqavilələr və Əlavə razılaşmalar tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
25. Hazırda iddiaçı tərəf lizinq müqaviləsi üzrə cavabdehin ödənilməmiş borcunun və lizinq obyektinin geri qaytarılmasını tələb edir.
26. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
27. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi, eyni zamanda əsas borcu və cərimə borcunu ödəmək vəzifəsi yaranmışdır.
28. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş maliyyə arayışından məlum olur ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən sonra əsas borc üzrə 845,2 manat, mükafat borcu üzrə isə 1.204,8 manat məbləğində ödəniş edilmişdir.
29. Tərəflərin imzaları ilə təsdiq edilmiş ödəniş cədvəlini və maliyə arayışını müqayisəli şəkildə təhlil etdikdə məlum olur ki, cavabdeh tərəfindən mükafat borcu tam şəkildə, hətta 172,15 manat məbləğində əlavə olaraq ödənilmişdir.
30. Ona görə də məhkəmə hesab edir ki, iddia lizinq müqaviləsi üzrə mükafat borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.
31. Lizinq müqaviləsi üzrə əsas borcun tələb edilməsi hissəsində isə məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixindən sonra cavabdeh tərəfindən əsas borc üzrə ödənilmiş 845,2 manat və mükafat borcu üzrə artıq ödənilmiş 172,15 manat məbləğində pul və ödəniş cədvəli nəzərə alındığında, əsas borc üzrə ödənilməmiş 4.603,14 (5.620,49- (845.20+172,15)) manat məbləğində borcu qalmışdır.
32. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən təmin edilməli, 4.603,14 manat məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır.
34. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 5.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödənişi müəyyən edilmiş tarixdə həyata keçirmədikdə, gecikdirilən hər təqvim günü üçün ödənilməmiş məbləğə 0.10% məbləğində cərimə hesablanır.
35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
36. Hazırki işin hallarından görünür ki, cavabdehin 4.603,14 manat əsas borcuna münasibətdə 200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
37. Bundan başqa, məhkəmə hesab edir ki, iddia “Honda İnsight” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilə məxsus açarın cavabdehdən alınaraq İddiaçı MMC-yə qaytarılması hissəsində təmin edilməməlidir.
38. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir.
39. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir.
40. Lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərar).
41. Lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər...... Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır...... (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar)
42. Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur.
43. Ancaq hazırkı halda, iddiaçı tərəfin həm lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, verilmiş lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir.
44. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır.
45. Ona görə də, məhkəmə qeyd edir ki, iddia lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilə bilməz.
46. Bundan başqa məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68,03 manat məbləğində pul da, cavdehdən iddiaçının xeyrinə tutulmalıdır.
47. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
48. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4.603 (dörd min altı yüz üç) manat 14 (on dörd) qəpik, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, cəmi 4.803 (dörd min səkkiz yüz üç) manat, 14 (on dörd) qəpik məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 68 (altmış səkkiz) manat 03 (sıfır üç) qəpik məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov