Məhkəmə qərarları › İş №e-2-2(113)-5738/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5738/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5738/2025 17.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (lizinq müqaviləsi, maliyyə arayışı, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 256,33 manat cari əsas borc, 807,29 manat faiz borcu və 51.82 manat dəbbə borcu, 313 manat ödənilmiş inzibati cərimənin əvəzi və lizinq obyektinin dəyəri ilə müqavilənin ləğvi məbləği arasında olan 1472.97 manat fərq məbləğinin, cəmi isə 2 901,41 manat məbləğində lizinq borcunun və işə məhkəmədə baхılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (lizinq verən) ilə Cavabdeh1 (lizinq alan) arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli GARA-34415-4009 saylı X4 Müqaviləsinə əsasən Cavabdeh1 istifadəsinə Universal tipli, ban ZFA**********4614, M.İ.H. 1400 sm3, ağ rəngli, buraxılış ili 2013-cü il, X8 markalı nəqliyyat vasitəsi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Nəqliyyat Vasitəsinin BB № 469576 saylı şəhadətnaməsinə əsasən ** PE *** dövlət qeydiyyat nişanlı) verilmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 14720,28 manat, onlardan 8000 manat lizinqin məbləği, 2000 manat avans məbləği və 4720,78 manat lizinq verənin mükafatı təşkil etmiş və tərəflər arasında imzalanmış 20 sentyabr 2023-cü il tarixli ödəniş qrafikinə əsasən 36 ay ərzində aylıq 353 manat ödənilməsi müəyyən olunmuşdur. Lizinq öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə lizinq alanın birgə məsuliyyətini müəyyən edən 20 sentyabr 2023-cü il tarixli GARA-34415-4009 saylı zaminlik müqaviləsi bağlanmışdır. “Lizinq alan” tərəfindən qeyd olunan ödəniş qrafiki ilə lizinq ödənişlərinin qaytarılması günləri dəfələrlə pozulmuş, ödəniş qrafiki ilə 26 yanvar 2024-cü il tarixinədək ödənilməsi nəzərdə tutulan 256,33 cari əsas borc, 807,29 manat faiz borcu və 51.82 dəbbə borcunu, cəmi isə 1115,44 manat borcu ödəməmişdir. X4 müqaviləsi iddiaçı tərəfindən bir tərəfli qaydada xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və lizinq obyekti qaytarılmışdır. Lizinq verən lizinq obyektini geri aldıqda ödənilməmiş əsas borc 7 472,97 təşkil etdiyi üçün həmin dəyərlə İddiaçı balansına qəbul etmişdir. Daha sonra lizinq obyektini AR MB-nın müvafiq qiymətləndiricilər siyahısına daxil olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində lizinq obyektinin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə aparılmış və həmin tarixə bazar dəyəri 6000 manat müəyyən edilmişdir. X4 Müqaviləsinin 16.1-ci maddəsinə görə, Lizinq Alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. DML müqaviləsinin 20.8.1-ci bəndinə əsasən lizinq obyektinin dəyərinin müəyyənləşdirilməsi müstəqqil qiymətləndirici tərəfindən həyata keçirilir. Həmin müqavilənin 20.10-cu bəndinə əsasən lizinq obyektinin dəyəri“lizinq müqaviləsinin ləğvi məbləğindən azdırsa, Lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir.” “lizinq müqaviləsinin ləğviməbləği”nin izahı DML müqaviləsinin 7-ci bəndində verilmişdir. Həmin bənddə göstərilir ki, Lizinq müqaviləsinin ləğvi məbləğləri – Lizinq alanın öhdəliklərinin məbləğidir. Həmin məbləğə lizinq оbyеktinin cari dəyəri, Lizinq ödənişləri qrafikinə əsasən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv еdilməsi gününə Lizinq alan tərəfindən ödənilməli оlan cərimə və/və ya pеnya, lizinq оbyеktinin gеri alınması və satışı, müqavilənin icrası nəticəsində Lizinq vеrənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı Lizinq vеrənin zərər və itkilərinin ödənilməsi üçün lazım оlan məbləğ daxildir. Beləliklə, müqavilənin ləğvi məbləği ilə lizinq obyektinin bazar dəyəri arasında 1472.97 fərq yaranır.

3. xx.xx.2025-ci il tarixdə iddiaçı EMİS vasitəsi ilə vəsatət təqdim edərək iddiaçının adı "xxxx" MMC olaraq nəzərə alınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 256.33 manat cari əsas borc, 807.29 manat faiz borcu və 51.82 manat dəbbə borcu və lizinq obyektinin dəyəri ilə müqavilənin ləğvi məbləği arasında olan 1472.97 manat fərq məbləğinin, cəmi 2588.41 manat məbləğində lizinq borcunun və 50 manat dövlət rüsumunun alınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Lizinq verən "xxxx" BOKT MMC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Gara-34415-4009 saylı lizinq müqaviləsinin: Əsas şərtlərinə əsasən, lizinq müqaviləsinin predmeti: X8, UNİVERSAL, FA**********4614, Lizinqin müddəti: 36 ay, Lizinqin ümumi dəyəri: 14.720,78 manat, Lizinq müqaviləsi üzrə avans: 2.000 manat, lizinq müqaviləsi üzrə ödəniş qaydası: 353 manat, müqavilə üzrə komissiya: 240 manat, cərimə məbləğləri: gündəlik hesablanmaqla gecikməyə çıxmış məbləğin 1%, Lizinq obyektinin satıcısı: Cavabdeh2 (xx.xx.2023-cü il tarixli, reyestrdə 7E-5178 nömrəli Etibarnamə əsasında çıxış edir X2, Lizinq obyektinin könüllü sığorta edilməsinə görə məsuliyyət daşıyan tərəf: Cavabdeh1dur. 1.1-ci bəndinə əsasən, lizinq verən Lizinq alan tərəfindən seçilmiş nəqliyyat vasitəsini/xüsusi texnikanı/avadanlığı (bundan sonra - lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, lizinq obyektinin qiyməti 10000 manatdır. 2.2-ci bəndinə əsasən, lizinq müqaviləsinin ümumi məbləği: 14720,78 manat, lizinq verənin mükafatı: 4720,78 manat, avans məbləği 2000 manat, lizinqin məbləği 8000 manatdır. 3.2-ci bəndinə əsasən, müqavilənin müddəti 36 aydır. 7-ci bəndinə əsasən lizinq müqaviləsinin ləğvi məbləğləri: lizinq alanın ödhdəliklərinin məbləğidir. Həmin məbləğə lizinq obeyktinin cari dəyəri, lizinq ödənişləri qrafikinə əsasən vaxtı keçmiş, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv edilməsi gününə lizinq alan tərəfindən ödənilməli olan cərimə və/və ya penya, lizinq obyektinin geri alınması və satışı, müqavilənin icrası nəticəsində lizinq verənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərinin ödənilməsi ilə bağlı lizinq verənin zərər və itkilərinin ödənilməsi üçün lazım olan məbləğ daxildir. 10.2.1-ci bəndinə əsasən, Lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə Lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər Lizinq verən tərəfindən hesab təqdim edilmədən Lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. 11.2-ci bəndinə əsasən, lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə mülkiyyət hüququ Lizinq verənə, sahiblik və istifadə hüququ isə lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. 15.1-ci bəndinə əsasən, lizinq obyektinin istifadəyə verilməsinə görə, lizinq alan lizinq müqaviləsi və Lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə Lizinq verənə lizinq və digər ödənişləri özünün bank hesabından Lizinq verənin bank hesabına köçürməklə ödəməlidir. 15.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin ümumi məbləği, mükafat və avans məbləğləri lizinq müqaviləsinin 2-ci bəndində müəyyən edilmişdir. Lizinq müqaviləsi üzrə mükafat lizinqin əsas məbləğinin qalığına illik 33% faiz hesablanmaqla müəyyən edilir. Bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri (ümumi məbləğ, mükafat və dəbbə borcu) lizinqin əsas məbləğinin verildiyi gündən lizinq müddətinin son gününədək, bu Müqavilə lizinq verən tərəfindən ləğv edildikdə isə lizinq obyektinin qaytarıldığı günədək hesablanır. 15.4-cü bəndinə əsasən, Lizinq alan lizinq müqaviləsinin 2.2.2-ci bəndində göstərilən avans məbləği bu müqavilə imzalandığı andan 1 (bir) gün ərzində ödəməyi öhdəsinə götürür. 16.1-ci bəndinə əsasən, tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşıyırlar. Lizinq alan lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gccikdirildiyi hər gün üçün gecikdirilmiş lizinq ödənişinin 1% (bir faiz) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 20.1.3-cü bəndinə əsasən, Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gecikdirdikdə Lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə və lizinq müqaviləsinə xitam verə bilər. 20.8-ci bəndinə əsasən, geri alınmış lizinq obyektinin dəyəri aşağıda qeyd olunan qaydalardan biri ilə müəyyən edilə bilər: 20.8.1-ci bəndinə əsasən, müstəqil qiymətləndirici tərəfindən; 20.9-cu bəndinə əsasən, Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa, Lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir.

9. "xxxx" BOKT MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Gara-34415-4009+Gara-34490 saylı zaminlik müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Zamin və Lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazimi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudaşdırılmadan, lizinq ödənişləriini şərtləşdirilmiş müddətdə və qaydada yerinə yetirilmədiyi, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və lizinq müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda Lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1-ci maddəsinə əsasən, zaminlik icrasını təmin etdiyi lizinq müqaviləsi qüvvəyə mindiyi vaxtdan hüquqi qüvvəyə minir və lizinq müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində və lizinq müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir.

10. Cavabdeh1 məxsus ödəniş qrafikinə əsasən onunla bağlanmış xx.xx.2023-cü il tarixli, GARA-34415-4009 saylı lizinq müqaviləsi üzrə lizinq məbləği 8000 manat, komisyon haqqı 3% olmaqla xx.xx.2026-cı il tarixə cəmi ödəniləcək məbləğ 12720,78 manat müəyyən edilmişdir.

11. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən TBC Kredit BOKT MMC tərəfindən Ələsgərov Məcidin hesabına GARA-34415-4009 saylı lizinq verilməsi müqavilə üzrə 8000 manat məbləğində ödəniş edilmişdir.

12. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 01/02-407TBC saylı rəyinə əsasən “TBC Bank Olmayan Kredit Təşkilatı” MMC-yə məxsus “X8” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 29 iyul 2024-cü il tarixə olan bazar dəyəri 6000 manat müəyyən edilmişdir.

13. Nəqliyyat Vasitəsinin qeydiyyat Şəhadətnaməsindən görünür ki, “X8” markalı **- PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi TBC Kredit BOKT-un adına qeydiyyata alınmışdır.

14. AR İN yanında DVX Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, TBC Kredit BOKT-un adı dəyişərək TBC Kredit MMC olmuşdur.

15. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək (avtomobili balansa götürülməmişdən öncə) faktiki cəmi ödənilmiş məbləğ 353 manat, ödənilmiş əsas borc məbləği 298 manat, ödənilmiş faiz borcu məbləği 55 manat, əsas borc üzrə qalıq 7702 manat, faiz borcu üzrə qalıq 827,53 manat, dəbbə borcunun 49,26 manat olmaqla cəmi borcun 8578,79 manat təşkil etdiyi qeyd olunmuşdur.

16. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək (avtomobili balansa götürüldükdən sonra) ödənilmiş əsas borc məbləği 7743,67 manat, ödənilmiş faiz borcu məbləği 82,30 manat, cəmi ödənilmiş məbləğ 7825,97 manat, balansa götürülmüş məbləğ 7472.97 manat, əsas borcu üzrə qalıq 256,33 manat, faiz borcu üzrə qalıq 807,29 manat, dəbbə borcunun 51,82 manat olmaqla cəmi borcunun 1115,44 manat təşkil etdiyi qeyd olunmuşdur.

17. 15.07.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Gara- 34415-4009 saylı lizinq müqaviləsindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1 ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir.lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

20. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı (lizinq verən) və Cavabdeh1 (lizinq alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli X4 Müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş lizinq obyektini Lizinq alana müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyekti qəbul edərək lizinq ödənişlərini müəyyənləşdirilmiş həcmdə və müddətdə lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında X8 markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmiş, lizinq müqaviləsinin ümumi məbləği 14720,28 manat, lizinqin məbləği 8000 manat, avans məbləği 2000 manat avans məbləği, lizinq verənin mükafatı 4720,78 manat təşkil etmişdir. Əlavə olaraq lizinq müqaviləsi üzrə öhdəliyin icrasının təmin olunması məqsədi ilə iddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin lizinq müqaviləsi üzrə lizinq alanın bütün öhdəliklərinin tamamilə icrası üçün müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə Lizinq verən qarşısında birgə məsuliyyət daşıdığını öz üzərində götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər vaxtı-vaxtında icra edilmədiyindən iddiaçı tərəfindən müqaviləyə xitam verilərək lizinq obyekti iddiaçıya geri qaytarılmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, "xxxx" BOKT MMC-nin adı dəyişilərək "xxxx" MMC olmuşdur. Hazırda iddiaçı lizinq müqaviləsi üzrə borcun cavabdehlərdən qaydada tutulması tələbi ilə çıxış edir.

22. Məhkəmə ilkin olaraq lizinq müqaviləsinin qüvvəsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

23. AR MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

24. AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

25. İddiaçı tərəfindən təqdim olunan açıqlama ərizəsinin məzmunundan görünür ki, tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli müqavilənin müddətinin 36 ay müəyyən edilməsinə baxmayaraq, müqavilə xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2024-cü il) gecikdirilmiş əsas məbləğ və hesablanmış faizl ödənişlərini tələb etməkdə haqqlıdır.

26. Əsas borca münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, cavabdeh tərəfindən edilən ödənişlər çıxıldıqdan sonra qalıq əsas borcun məbləği 256.33 manat təşkil etmişdir.

27. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, cavabdehin müqavilə üzrə öz öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, 256,33 manat gecikdirilmiş borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. İddiaçı həmçinin 807,29 manat faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

31. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

32. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdən müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixədək faiz borcunun məbləği 807.29 manat təşkil etmişdir.

33. Yuxarıda qeyd edilənləri və cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia faiz borcunun tutulması hissəsində də təmin edilməli, cavabdehdən 807.29 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

34. İddiaçı eyni zamanda lizinq obyektinin dəyəri ilə müqavilənin ləğvi məbləği arasında olan 1472.97 manat fərq məbləğinin tutulmasını da məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab edir.

35. Tərəflər arasında bağlanan lizinq müqaviləsinin 20.9-cu bəndinə əsasən, Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa, Lizinq alan bu fərqin ödənilməsini təmin etməlidir. 20.10-cu bəndinə əsasən, Lizinq obyekti yenidən lizinqə verildiyi halda lizinq obyektinin yenidən qiymətləndirilməsi zamanı müəyyən edilən dəyəri əvvəlki lizinq müqaviləsinin ləğvi məbləği ilə müqayisə edilir. Lizinq obyektinin dəyəri lizinq müqaviləsinin ləğvi məbləğindən az olduqda Lizinq alan yaranmış fərqi Lizinq verənə ödəməyə borcludur.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “... Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

38. Göründüyü kimi iddiaçı tərəfindən lizinq müqaviləsi xx.xx.2024-cü il tarixində ləğv edilmiş və lizinq obyekti iddiaçıya geri alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən “TBC Bank Olmayan Kredit Təşkilatı” MMC-yə məxsus “X8” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 29 iyul 2024-cü il tarixə olan bazar dəyəri 6000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən lizinq obyekti alınan zaman ödənilməmiş əsas borc 7445,67 və faiz borcu 27.30 manat olmaqla cəmi borc 7472,97 manat təşkil etmişdir.

39. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin şərtlərinə əsasən, lizinqin dəyəri ilə müqavilə məbləği arasında yaranan 1472. 97 manat fərqi (74xx.xx-6000=1472.97) tələb etməkdə haqqlı olmuşdur.

40. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdehlər iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına (məhkəmə bildirişi və SMS bildiriş), iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair etirazını və işin faktiki hallarına dair digər sübutları təqdim etməmiş, beləliklə cavabdeh tərəfindən hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

42. Bundan əlavə iddiaçı tələbində aralarında bağlanmış müqavilənin 16.1-ci bəndinin tələbləri əsasında 51,82 manat məbləğində dəbbə pulunun tutulmasını irəli sürür.

43. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

44. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

45. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 12,81 manat məbləğində dəbbə pulu tutulmalıdır. 46.Eyni zamanda məhkəmə zaminlik müqaviləsinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, zamin qismində çıxış edən şəxs (Cavabdeh2) borcu ilə birgə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

47. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 256.33 manat əsas borc, 807.29 manat faiz borcu, 12.81 manat dəbbə pulu, lizinq obyektinin dəyəri ilə müqavilənin ləğvi arasında olan 1472.97 manat fərq məbləği olmaqla, cəmi 2549.4 manat lizinq borcu tutulmalıdır.

48. İddiaçı eyni zamanda iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun da cavabdehlərdən tutulmasını tələb edir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Dövlət rüsumunun ödənilməsinə dair sənədlər iş materialları ilə təsdiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehlərdən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 50 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 256.33 manat əsas borc, 807.29 manat faiz borcu, 12.81 manat dəbbə pulu, lizinq obyektinin dəyəri ilə müqavilənin ləğvi arasında olan 1472.97 manat fərq məbləği olmaqla, cəmi 2549.4 (iki min beş yüz qırx doqquz manat qırx qəpik) manat lizinq borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar