Məhkəmə qərarları › İş №e-2-2(113)-574/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-574/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-574/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən ödənilməmiş 5296,78 manat borcun və mediasiya sessiyasında ödənilmiş 210 manat pul məbləğinin, cəmi 5506,78 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən ödənilməmiş 5296,78 manat borcun və mediasiya sessiyasında ödənilmiş 210 manat pul məbləğinin, cəmi 5506,78 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022ci il tarixində 06-22/81 nömrəli Alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Satıcı Alıcıya müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavəsində göstərilən malı satır, Alıcı isə həmin malı qəbul edir və müqavilənin şərtlərinə uyğun olaraq, malın dəyərini Satıcıya ödəyir. Malın qiyməti, miqdarı, çeşidi və xarakterik xüsusiyyətləri hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrdə müəyyən olunur. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra Alıcı malların müəyyən edilmiş qiymətlər əsasında hesablanmış ümumi dəyərinin 60 %-ni avans olaraq Satıcıya ödəyir. Mallar təhvil verildikdən sonra, Alıcı malların dəyərinin qalan 40 %-ni Satıcının hesabına 10 (on) bank günü ərzində ödəyir. Müqavilə üzrə, cavabdeh ilkin olaraq avans məbləğini ödəmiş, lakin qalan məbləği mallar təhvil verildikdən 10 iş günü ərzində ödəməli olmasına baxmayaraq, heç bir ödəniş olmamışdır. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. Bundan sonra, mübahisənin mediasiya mərhələsində həlli məqsədi ilə Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, mediasiya sessiyası zamanı xx.xx.2023-cü il tarixdə cavabdeh şirkət tərəfindən ümumi borcdan 9791.64 manat hissəsi ödənilmiş və qalıq borc məbləği 5296.78 manat təşkil etmişdir. Cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə olan əsas borcu 5296,78 manat təşkil edir. Bu səbəbdən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh dəfələrlə iddiaçıya bildirmişdir ki, tərəfinizdən təqdim olunmuş Malda qüsur var. Mal qüsurlu olduğundan onu yenisi ilə əvəz etməyi tələb etsə də, hər dəfə iddiaçı qüsurlu malları dəyişməkdən imtina edirdi. İddiaçının iddia ərizəsinin əsasını tərəflər arasında bağlanmış müqavlə təşkil edir. Lakin müqaviləyə diqqət yetirilsə görsənir ki, müqavilənin 3.3.4-cü bəndində göstərilmişdir ki, əgər “Satıcı ” Malın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, keyfiyyətsiz və ya aşağı keyfiyyətli Mal vermişsə “Satıcı”nın təqsiri olub-olmamasından asılı olmayaraq, “Satıcı”dan öz seçimi ilə aşağıdakıları tələb etmək: Malın qiymətinin mütanasib azaldılması; Malın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; Müqavilə üzrə ödədiyi pul məbləğinin bütövlükdə geri qaytarılmasını; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar; İş materiallarında olan **********4 saylı çatdırılma qəbzinə diqqət yetirilsə, malın “Texnomart” şirkəti tərəfindən iddiaçıya çatdırıldığının şahidi olar. Digər tərəfdən malı cavabdeh qəbul etsə belə adı çəkilən qəbzdə qeyd olunduğu kimi avadanlıqlar bağlı şəkildə təhvil alınmışdır. İddiaçı qərəzli şəkildə etibardan sui-istifadə edərək malları qapalı şəkildə qüsurlu olaraq cavabdehə təhvil vermişdir. Halbuki, elektrik texniki avadanlıqlar “Satıcı” tərəfindən açılaraq onun işə yaralı olmasını nümayiş etdirməli idilər. Bu elektrik texniki avadanlıqlarının satışı üzrə artıq işgüzar adətə çevrilmişdir. Halbuki, tərəflər arasında bağlanmış 06-22/81 saylı xx.xx.2022-ci il tarixli Alqı-Satqı müqaviləsinin 6-cı maddəsinə əsasən iddiaçı tərəfindən Malların keyfiyyətinə 12 (on) ay müddətində zəmanət verilir. Həmin maddəyə əsasən iddiaçı Mallardakı qüsurları 10 iş günü ərzində aradan qaldırmalı və ya 20 iş günü ərzində yenisi ilə əvəz etməli idi. Tərəflər arasında bağlanmış 06-22/81 saylı xx.xx.2022-ci il tarixli Alqı-Satqı müqaviləsinə əsasən cavabdehin tam hüququ vardır ki, qüsurlu mallara görə müqavilə üzrə pul ödəməsin. II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

11. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 06-22/81 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavəsində göstərilən malı satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilənin şərtlərinə uyğun olaraq, malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 43595,01 manat dəyərində müxtəlif adda müxtəlif çeşiddə mallar cavabdehə satılmış, cavabdehin iddiaçıya həmin malların dəyərindən 5296,78 manat borcu qalmışdır.

13. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş çatdırılma qəbzlərinin, elektron qaimənin, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən mal cavabdehə verilmiş, cavabdeh həmin malların dəyərindən 5296,78 manat iddiaçıya ödəməmişdir. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.

16. Bundan başqa, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazında, malların qüsurlu olmasını və qüsurlu mallara görə müqavilə üzrə pul ödəməməsinin hüququ olduğunu bildirsə də, etirazda göstərilənlərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda malların qüsurlu olması cavabdehi borcu ödəmək məsuliyyətindən azad etmir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

20. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

21. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

22. Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

23. Göründüyü kimi, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü malların cavabdehə verilməsinin sübut edilməsidir. Malların qüsurlu olması faktına istinad etdiyi üçün cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, malların qüsurlu olmasını, eləcə də, həmin malların ona verildiyi vaxtadək qüsurlu olmasını sübut etməlidir.

24. Mülki Prosessual qanunvericiliyə görə, cavabdehin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilən dəlillər yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir dəlil məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

25. Həmçinin məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

26. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

27. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərci Bakı 8 saylı Mediasiya təşkilatına ödənilmişdir.

28. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 210 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış xx.xx.2022-ci il tarixli 06-22/81 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 5296,78 manat borc və mediasiya sessiyasında ödənilmiş 210 manat pul məbləği, cəmi 5506,78 manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar