Məhkəmə qərarları › İş №e-2-2(113)-5744/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5744/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5744/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 3.394,98 manat əsas borc, 2.427,41 manat dəbbə pulunun və 79 manat dövlət rüsumunun ümumilikdə 5.901 manatın Hilal LTD» müəssisəsinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı müəsissəsi ilə X4 Birliyi” MMC arasında 08 fevral 2023 - cü il tarixli, 0027/23 saylı alqı - satqı müqaviləsi imzalanmışdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin şərtlərinə və alıcının sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, alıcı isə 2-ci maddədə nəzərdə tutulmuş şərtlərlə təchiz edilən malların və xidmətin haqqını ödəməyi öz öhdəsinə götürür. Sözügedən müqavilənin 2.2 – ci bəndinə əsasən, alıcı sifariş-təklif qaydasında (və ya X3 əsasında) müəyyən edilən pul məbləğini X1 qeyd edilən tarixdə ödəmək şərti ilə Satıcının profilinə uyğun olan hər cür mal və ya professional xidmətin təchiz edilməsini tələb edə bilər. “X4 Birliyi” MMC– nin müqavilə şərtlərinə uyğun olaraq xx.xx.2023 – cü il tarixdə, EBDF seriyalı, 964285 nömrəli elektron qaimə əsasında almış olduğu malların dəyərini lazımı sənədlər təqdim edilməsinə baxmayaraq 24 aydır ki, hələ də ödəməmişdir. Bu günə kimi dəfələrlə şifahi xəbardarlıq edilməsinə baxmayaraq borc üzrə ödəniş həyata keçirilməmiş və şirkət olaraq üzərinizə düşən öhdəliyi icra etməkdən açıqcasına boyun qaçırılmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 0027-H/23 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı bu müqavilənin şərtlərinə və alıcının sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, alıcı isə 2-ci maddədə nəzərdə tutulmuş şərtlərlə təchiz edilən malların və xidmətlərin haqqını ödəməyi öz öhdəsinə götürür.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı sifariş-təklif qaydasında (və ya X3 əsasında) müəyyən edilən pul məbləğini X1 qeyd edilən tarixdə ödəmək şərt ilə satıcının profilinə uyğun olan hər cür mal və ya professional xidmətin təchiz edilməsini tələb edə bilər.

13. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı X1 təklif olunan malların qiymətini və təslim müddətini qəbul etdikdə onu rəsmi qaydada təsdiqləyərək (imzalayıb, möhürləyərək) satıcıya qaytarır və bu şəkildə tərtib olunan X3 müqavilənin ayrılmaz tərkib hissəsidir.

14. 02/23 saylı X3 ilə tərəflər ümumi dəyəri 3.394,98 manat məbləğində olan malın adı, miqdarı, qiyməti barədə razılığa gəlmişlər. X2 ödəmə şərtlərinə əsasən bu malların satış qiymətlərinin yekun məbləği alıcı tərəfindən mal təhvilindən sonrakı 1 həftə ərzində satıcının hesabına köçürülür.

15. Müqavilələr və X3 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

17. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDF seriyalı, 964285 seriyalı, xx.xx.2023-cü il tarixli dəyəri 3.394,98 manat məbləğində olan elektron qaimə göndərilmişdir.

19. Hazırda iddiaçı cavabdehin 3.394,98 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

20. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimə ilə bağlı hər hansı bir etiraz verilmədiyi nəzərə alındığında elektron qaimədə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

22. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

23. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclasına gəlməmiş, iddiaya etiraz etməmiş və borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.

24. Ona görə də, Məhkəmə hesab edir ki, 3.394,98 cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə 2.427,41 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

26. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 08 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 8.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı bu müqavilə müəyyən edilmiş vaxtda, satıcı tərəfindən mal təhvil verildikdən sonra malın dəyərini tam ödəmədikdə, satıcı alıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin ümumi məbləğinin 0,1% həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər.

27. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

28. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 160 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

29. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 55,54 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 3.394 (üç min üç yüz doxsan dörd) manat 98 (doxsan səkkiz) qəpik, cərimə borcu üzrə 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 3.554 (üç min beş yüz əlli dörd) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat 54 (əlli dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar