Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5749/2024 26.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, ƏDV və dövlət rüsumu ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Həmidəliyeva Svetlana Rasimovnanın qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29/24 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 1560 manat (ədv daxil 1840,8) və iddiaçıya dəymiş 3280 manat (Ədv daxil 3870,40) maddi zərərin, cəmi 5711,20 manat pulun və ödənilmiş 77,20 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) və Cavabdeh MMC (satıcı) arasında 29/24 saylı xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə satıcı ( cavabdeh) tərəfindən öhdəliklər pozulub. Bu günə qədər iddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri, ödənişləri həyata keçirməsinə baxmayaraq cavabdeh (satıcı) tərəfindən müqavilə ilə nəzərdə tutulmuş sifariş olunan malları təhvil verilməyib. Müqavilə imzalandığı andan iyunun 21-dək müzakirələr aparılmasına baxmayaraq cavabdeh (satıcı) malları hər gün təhvil verməyə söz verir, lakin öz öhdəliklərini yerinə yetirmir. Malların təhvil verilməsinin gecikdirilməsi nəticəsində iddiaçıya ziyan dəyir. Mallar alıcıya təhvil verilmədiyindən iddiaçı da öz müştəriləri qarşısında öhdəliklərini ondan asılı olmayan səbəblərdən pozur, nəticədə müştərilərə cərimə ödəmək məcburiyyətində qalır. Həmçinin bu vəziyyət xeyli sayda müştəri itkisinə də səbəb olur. Cavabdeh (satıcı) tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən iddiaçı (alıcı) alqı-satqı müqaviləsini ləğv edilməsini və ödənilmiş məbləğlərin geri qaytarılmasını tələb edir. Belə ki, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan 3861 manatın 1560 manat məbləği (ədv daxil 1840,80) ödənilmişdir. Həmçinin cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən iddiaçıya ƏDV daxil 3870,40 manat maddi zərər dəymişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 29/24 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 1560 manat (ədv daxil 1840,8) və iddiaçıya dəymiş 3280 manat( Ədv daxil 3870,40) maddi zərərin, cəmi 5711,20( beş min yeddi yüz on bir manat 20 qəpik) pulun 2. ödənilmiş 77,20 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 29/24 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən mu Müqavilənin predmeti hazırki müqaviləyə Əlavələrdə (X1, Sıfarişnamə, Təklif, Spesifikasiya, Purchase order və sair adlandırıla bilər) (bundan sonra “Əlavələr”) göstərilən malların (bundan sonra “Mal”) “Satıcı” tərəfindən “Alıcıya” satılması, “Atıcı” tərəfdən isə həmin mailin qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən Malların alqı-satqısı tərəflər arasında əlavələrin imzalanması və möhürlənməsı ilə rəsmiləşdirilir və belə Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və bu bənddə göstərilən qaydada rəsmiləşdirildiyi halda hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindəkdən sonra Tərəflər arasında göstərilən Mallar barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri bütün əlavələrdə göstərilən qiymətlərin cəmini təşkil edir.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə qiymətlər manatla müəyyən edilir.
13. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflərin hüquqları və vəzifələri:
14. Müqavilənin 4.1.1-ci bəndinə əsasən malı müqavilədə/əlavələrdə nəzərdə tutulan yerdə, tarixdə, çeşiddə, keyfiyyətdə və kəmiyyətdə Alıcıya təhvil-təslim aktı üzrə təhvil vermək.
15. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcının hüquqları:
16. Müqavilənin 4.1.2-ci bəndinə əsasən ödəniş haqqını bu müqavilədə/əlavələrdə müəyyən edilmiş ödəniş qaydasında və vaxtlı- vaxtmda həyata keçirilməsini Alıcıdan tələb etmək;
17. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcının vəzifələri:
18. Müqavilənin 4.3.1-ci bəndinə əsasən Bu müqaviləyə/əlavələrə uyğun olaraq təhvil verilmiş malı qəbul etmək və ödəniş haqqını ödəmək;
19. 29 may 2024-cü il tarixli, 29/24 nömrəli alqı-satqı müqaviləsi üzrə 1 saylı qiymət razılaşma protokoluna əsasən müqavilə üzrə məbləğ 3881.6 manat (ƏDV daxil) müəyyən edilmişdir.
20. 30.05.2024-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən cavabdehin hesabına 1560 manat məbləğində ödəniş edilmişdir.
21. 17.09.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışa əsasən "xxxx" MMC tərəfindən cavabdehin hesabına 280,80 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir.
22. 31.05.2024-cü il tarixli, EBED699123 saylı e-qaiməyə əsasən Cavabdeh MMC tərəfindən 3681,60 manat mal satışına dair "xxxx" MMC-yə e-qaimə göndərilmişdir.
23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
24. İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləri yaranmış və həmin alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilmədiyi iddia edilmişdir.
25. Hazırkı iddia tələbi iki hissədən: ödənilmiş məbləğin geri qaytarılması və dəymiş maddi ziyanın ödənilməsindən ibarətdir.
26. Məhkəmə ilkin olaraq alqı-satqı müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasına dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
29. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
30. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
31. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 29/24 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti hazırki müqaviləyə Əlavələrdə göstərilən malların “Satıcı” tərəfindən “Alıcıya” satılması, “Alıcı” tərəfdən isə həmin malin qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ödənişi etsə də, cavabdeh/satıcı tərəfindən mallar ona təqdim edilməmişdir.
34. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, ödəniş tapşırığı ilə təsdiq olunduğu üçün iddiaçının 1840,8 (ƏDV daxil) manat pul tələbinə dair hissədə iddia tələbi təmin edilməlidir.
35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçının ödənilmiş məbləğin cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1840,8 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
36. Bundan başqa məhkəmə iddianın ikinci tələbinə dair hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
37. Belə ki, Mülki Məcəllənin:
38. 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
40. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
41. İddiaçının məhkəməyə maddi zərərlə bağlı təqdim etdiyi “X2” MMC ilə bağlanmış müqaviləyə dair məhkəmə qeyd edir ki, qeyd edilən MMC ilə iddiaçı arasında müqavilə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən daha əvvəl bağlanmışdır və məhz cavabdehdən alınacaq malların həmin MMC-yə satılmasının nəzərdə tutulduğu iş materialları ilə müəyyən edilmir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi zərər hissədində əsassız və qanunsuz olduğundan rədd edilməlidir.
43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 77,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi qismində 39 manat (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, rüsumun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınmaqla) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 29/24 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ədv daxil ödənilmiş 1840,8 manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq 39 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilssin. İddia ərizəsi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova