Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-575/2024 12.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə VA-TSZ/2023/S30 №-li Müqaviləyə əsasən ödənilməmiş 3.024 manat, həmin pulu qanunsuz saxladığına görə hesablanmış bir illik 151 manat, 67,80 manat mediasiya xərcinin, cəmi 3.242,80 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMCilə CavabdehMMC arasında xx.xx.2023-cü il tarixdə VATSZ/2023/S-30 №-li müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və razılaşdırma protokoluna əsasən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla 3.568,32 manat dəyərində mal satışı (sənaye yağı) həyata keçirilmişdir. Müqavilənin şərtlərinə görə malın dəyəri qabaqcadan 100% ödəməklə həyata keçirilməli olduğu halda, iddiaçı "xxxx" MMC tərəfindən öhdəlik yerinə yetirilsə də, cavabdeh tərəfindən malın dəyəri ödənilməmişdir. Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmamış, yalnız malın ƏDV məbləği, yəni 544,32 manat ödənilmiş, qalan 3.024 manat məbləğində vəsaitin "xxxx" MMC-yə ödənilməsi təmin edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə VA-TSZ/2023/S30 №-li müqavilə və razılaşma protokolu imzalanmışdır. Müqaviləyə əsasən satıcı zavodun anbarından razılaşdırma protokolunda qeyd olunan məhsulları satmağı, alıcı isə dəyərini qabaqcadan 100 % ödəməklə həmin məhsulları qəbul etməyi öz öhdəsinə götürür.
12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDN 731328 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 3.568,32 manat olan elektron qaimə göndərilmişdir.
16. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, EBDN seriyalı, 731328 nömrəli, xx.xx.2023-cü il tarixli elekton qaimə üzrə cavabdeh tərəfindən ƏDV məbləği üzrə 544,32 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilmişdir.
17. Göründüyü kimi, cavabdeh tərəf göndərilmiş elektron qaimə üzrə ƏDV məbləğini ödəməklə, elektron qaimədə qeyd edilmiş malların ona verildiyini qəbul etmiş və cavabdehin (3568,32-544,32) 3024 manat məbləğində borcu qalmışdır.
18. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 3024 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Məhkəmə iddianın 151 manat məbləğində pulun tələb edilməsi ilə bağlı hissəsi üçün aşağıdakıları qeyd edir.
20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 50 gün sonra yəni, xx.xx.2023-cü il tarixində verilmişdir.
21. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 20,71 (3024x5/100=151,2 (1 il üçün), 151,2/365=0,4142 (1 gün üçün), 0,4142x50=20,71 (50 gün üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən 67,80 manat məbləğində pul Bakı 15 saylı mediasiya təşkilatına ödənmişdir.
23. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 67,80 manat məbləğində pul cavabdehdən tutularaq iddiçıya verilməlidir.
24. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3.024 (üç min iyirmi dörd) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 20 (iyirmi) manat, 71 (yetmiş bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 67 (altmış yeddi) manat, 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov