Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-576/2022 02.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X1” MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC-dən 2820 manat 20 qəpik (iki min səkkiz yüz iyirmi manat iyirmi qəpik) əsas borcun, 141 (yüz qırx bir) manat faiz borcunun, vəkilə ödənilmiş 310 (üç yüz on) manat, mediasiya xərci 60 (altmış) manat və dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat olmaqla cəmi 3391 (üç min üç yüz doxsan bir) manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “X1” MMC ilə İddiaçı MMC arasında bağlanmış 5 iyul 2018-ci il tarixli XM 0149 nömrəli xidmət müqaviləsinə əsasən İddiaçı MMC müqavilə şərtlərinə uyğun olaraq ölçmə vasitələrinin kalibrlənməsi, müqayisəli yoxlamadan keçirilməsi, sınaq və keyfiyyətə nəzarət üzrə xidmət işlərini yerinə yetirməyi, “X1” MMC isə yerinə yetirilmiş işlərin dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər (Müqavilənin 1, 2, 3 və 4-cü bəndləri). İddiaçı MMC tərəfindən müqavilə şərtlərinə uyğun olaraq işlər yerinə yetirilərək tərtib olunmuş icra aktlarına əsasən “X1” MMC-yə təhvil verilmişdir. Tərəflər arasında imzalanaraq təsdiq olunmuş 30 sentyabr 2020-ci il tarixli üzləşmə aktı ilə “X1” MMC-nin İddiaçı MMC-yə 6183 manat 85 qəpik (altı min yüz səksən üç manat səksən beş qəpik) qalıq borcunun olması təsdiq olunmuşdur. “X1” MMC ilə dəfələrlə danışıqlar aparılmış, lakin borcun ödənilməsinə nail olunmamışdır. ƏA/067 saylı, 27 oktyabr 2020-ci il tarixli pretenziya məktubu ilə “X1” MMC-nin rəhbərliyinə müraciət olunmuş və borcun ödənilməsi xahiş edilmişdir. “X1” MMC 30 dekabr 2020-ci ildə 84 manat 15 qəpik və 2099 manat 50 qəpik, 12 aprel 2021-ci ildə 1000 manat, 13 aprel 2021-ci ildə 180 manat olmaqla cəmi 3363 manat 65 qəpik qalıq borcdan (ƏDV daxil) İddiaçı MMC-yə ödənilmişdir. Bundan sonra “X1” MMC ilə dəfələrlə danışıqlar aparılmış, lakin qalan borcun ödənilməsinə nail olunmamışdır. 7 oktyabr 2021-ci ildə “X1” MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, ilkin mediasiya sessiyası 14 dekabr 2021-ci il tarixə təyin edilmiş, lakin cavabdeh məlumatlandırılmasına baxmayaraq həmin sessiyada iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı MMC tərəfindən 60 manat ödənilmişdir. Hazırda “X1” MMC-nin İddiaçı MMC-yə 2820 manat 20 qəpik (iki min səkkiz yüziyirmi manat iyirmi qəpik) (ƏDV ilə) borcu qalmışdır və qalıq borc bugünədək ödənilməmişdir. Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan “X1” MMC “sifarişçi” İddiaçı MMC “icraçı” olmaqla imzalanmış 05 iyul 2018-ci il tarixli, “XM-0149” saylı müqaviləyə əsasən “sifarişçi” “icraçı” ilə razılaşdırılmış qiyməti ödəməyi və görülmüş işləri bu müqavilənin 3-cü maddəsinin şərtlərinə əsasən qəbul etməyi, “icraçı” isə “sifarişçi”-nin təqdim etdiyi sifarişlərə əsasən ölçmə vasitələrinin kalibrlənməsini, müqayisəli yoxlamadan keçirilməsini, sınaq və keyfiyyətə nəzarət üzrə xidmət işlərini görməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən bu müqavilə qarşılıqlı surətdə imzalandıqdan sonra qüvvəyə minir və 05 iyul 2019-cu il tarixinə qədər qüvvədədir. Tərəflərdən hər hansı biri bu müddət ərzində müqavilənin pozulması haqqında yazılı müraciət etməzsə, müqavilənin müddəti avtomatik olaraq hər dəfə növbəti 1 (bir) ilə uzadılır. İddiaçı MMC və “X1” MMC arasında hesablaşmalara dair tərtib edilmiş bank çıxarışına əsasən 01.12.2021-ci il tarixə İddiaçı MMC-nin xeyrinə 2.820,20 manat məbləğində borc məbləği qeyd olunmuşdur. İddiaçı MMC və “X1” MMC arasında tərtib edilmiş üzləşmə aktında qeyd olunmuşdur ki, 30.09.2020-ci il tarixə İddiaçı MMC-nin xeyrinə 6.183,85 manat borc məbləği mövcuddur. 01 oktyabr 2021-ci il tarixli 1477 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 30.09.2021-ci il tarixli, EBBK 002612 saylı elektron qaimə əsasında “Hümbətov və Partnyorları” Vəkil Bürosunun bank hesabına 310 manat köçürülmüşdür. 14 dekabr 2021-ci il tarixli 1511 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 14.12.2021-ci il tarixli, EBBO 108456 saylı elektron qaimə əsasında mediasiya xidmətinə görə X2 məxsus bank hesabına 60 manat köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7-ci maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, xidmət müqaviləsi ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəliklərin tam icra edilmiş, lakin cavabdehin üzərinə düşən öhdəliklər tam icra edilməmiş, habelə tam icra edilmədiyi təqdirdə onların yerinə yetirilməməsinn hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Eyni zamanda ərizəyə əlavə olunmuş sənədlərlə iddiaçının tələbin aşkar olması, yəni tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2820 manat 20 qəpik (iki min səkkiz yüz iyirmi manat iyirmi qəpik) əsas borc və 141 (yüz qırx bir) manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu, vəkilə ödənilmiş 310 (üç yüz on) manat və 60 (altmış) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “X1” MMC-dən 2820 manat 20 qəpik (iki min səkkiz yüz iyirmi manat iyirmi qəpik) əsas borc, 141 (yüz qırx bir) manat faiz borcu, vəkilə ödənilmiş 310 (üç yüz on) manat, mediasiya xərci 60 (altmış) manat və dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat olmaqla cəmi 3391 (üç min üç yüz doxsan bir) manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-576/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-576/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver