Məhkəmə qərarları › İş №e-2-2(113)-576/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-576/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-576/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X7 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliyi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 cəlb edilməklə) borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı X10 Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı Ayvaz oğlunun xeyrinə tapşırıq müqaviləsinə əsasən ödənilməmiş 9660 manat borc, vergi borcuna görə ödənilmiş 525 manat və DSMF-yə ödənilmiş 125 manat olmaqla, cəmi 10310 (on min üç yüz on) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Mövludov Ayvaz Qulanşa oğlu Quba rayon ərazisində özünə məxsus ekskavatorla (avtokran maşını ilə) qazma, təmir-tikinti işləri görür. İddiaçı maraqlı şəxsin oğludur. Cavabdeh MMC Quba rayon İdman Təlim-Tədris Kompleksinin (Olimiya Kompleksi) yenidənqurma və təmir-tikinti işləri ilə bağlı müxtəlif işlərin görülməsini Mövlüdov Ayvaza tapşırmışdır. Mövludov Ayvazın VÖEN-i olmadığı üçün İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanılır, həmin müqaviləyə əsasən görülən işlərə görə günəmuzd təyin edilir və hər gün üçün 230 manat ödəniş razılaşdırılır. Qeyd edilmişdir ki, həmin müqavilə sonra cavabdeh tərəfindən götürülmüş və iddiaçıda həmin müqavilənin əsli və ya sürəti qalmamışdır. Lakin cavabdeh tərəfindən bu halları təsdiq edən etiraf ərizəsi vardır və həmin sənədi iddia ərizəsinə əlavə edir. İddiaçı və atası A.Mövlüdov üzərinə götürdükləri öhdəliyi təxmini 120 gün ərzində icra etmişlər. Cavabdeh "xxxx" MMC göndərilən qaimə-fakturaları bəzən tam, bəzən qismən ödəmiş, sonunda tam haqq-hesablaşmağı vəd etmişdir. Nəticədə cavabdehin iddiaçıya ödənilməmiş 42 günün (yəni 42 gün*230 manat=9660 manat) günəmuzd borcu qalmışdır. 2020-ci ilin avqust ayında cavabdeh bildirmişdir ki, borcunu ödəmək istəmir. Buna görə iddiaçı bir-sıra dövlət və hüquq mühafizə orqanlarına müraciətlər etmişdir. Lakin cavab məktublarında həmin orqanlar bildirmişlər ki, yaranmış borc tələbinə dair mübahisə mülki zəminli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyyə olunur. Bundan sonra mübahisənin həlli məqsədilə mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh iştirak etməmişdir. Cavabdeh təşkilata göndərilmiş pretenziya da cavabsız qalmışdır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Əlavə olaraq qeyd edilmişdir ki, yaranmış mübahisənin həlli məqsədi ilə iddiaçı bir sıra xərclər çəkmişdir, həmin xərcləri də ona vurulmuş zərər hesab edir. Belə ki, görülmüş işlərə görə ödənişi almasa da, iddiaçı öz vəsaiti hesabına Dövlət Vergi Xidmətinə 525 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 125 manat pul ödəmişdir. Qeyd edilmişdir ki, bu tələblə daha öncə də Bakı Kommersiya Məhkəməsinə bir neçə dəfə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Mövludov Ayvaz Qulanşa oğlunun fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olması əsası ilə məhkəmə mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalı olduğunu bildirərək, iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarmışdır. Bundan sonra iş materiallarından aydın olmuşdur ki, aldığı tapşırığı faktiki olaraq Ayvaz Mövludov icra etsə də, bütün sənədləşmələr və müqavilələr onun oğlu Xalil Ayvazovun adından bağlanmışdır. Bu səbəbdən də daha öncəki iddia ərizəsində bu nöqsanı aradan qaldıraraq, yəni əsl olmayan tərəfi – iddiaçını həqiqi iddiaçı ilə əvəz etməklə təkrar Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Lakin Bakı Kommmersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mübahisənin İddiaçı oğlu ilə Cavabdeh MMC arasında olması və məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməməsi əsası ilə iddianı geri qaytarmışdır. Bu qərardaddan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-301/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apellyasiya instansiyası da hesab etmişdir ki, tərəflər arasında mediasiya sessiyası keçirilməlidir. Lakin həmin ərəfədə qanunvericiliyə dəyişiklik edildi və hazırda bu tip mübahisələrdə mediasiya prosesinin tətbiqinə zərurət qalmamışdır. Bütün bu müddət ərzində cavabdehə dəfələrlə müraciət edilsə də, borcunu ödəməkdən imtina etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16500 manat borc, vergi borcuna görə ödənilmiş 525 manat və DSMF-yə ödənilmiş 125 manat olmaqla, cəmi 17150 (on yeddi min yüz əlli) manat pulun tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi verilərkən texniki səhvə yol verilmişdir. Belə ki, tələb olunan məbləğ Mavludov Eyvazın şifahi məlumatı əsasənda 42 iş gününün 230 manata vurulması ilə müəyyən edilmişdir. Lakin təqdim edilmiş qaimə-fakturalarda və bank çıxarışlarından məlum olmuşdur ki, ümumilikdə 27000 manatlıq iş görülüb və həmin məbləğdən 10500 manat ödənilib, hazırda cavabdehin əsas borcu 16500 manat təşkil edir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.2, 385.1, 752, 756.1, 759, 769, 770-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

6. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil1 əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında işlərlə bağlı aktlar tərtib olunmamış, iddiaçı tərəfindən ancaq qaimələr göndərilmiş, onun əsasında da ödənişlər edilmişdir.

8. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh tərəfindən edilmiş ödənişlər görülən işlərə görə ödənilibdir. Digər 2 qaimə üzrə ümumiyyətlə işlər görülməyibdir. Elektron qaimələrin sistem tərəfindən təsdiq olunması işlərin görülməsini təsdiq etmir. İddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş edir.

9. İş materiallarından görünür ki, sifarişçi qismində Cavabdeh ilə icraçı X10 arasında xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilənin predmetini Bakı-Quba magistral yolunun 4-cü kilometrində yerləşən X18 Kompleksində aparılan yenidənqurma, əsaslı təmir-tikinti işləri ilə əlaqədar icraçı tərəfindən KS 3575 n/ş ZİL-133 QYA markalı, mavi rəngli, qeydiyyat nömrəsi **-BF- ***, buraxılış ili 1989-cu il olan avtokran ilə xidmət göstərilməsinə dair tərəflərin qarşılıqlı hüquq və vəzifələri təşkil edir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən sifarişçinin icraçının işinin müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etmək və icraçının haqqını müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icraçının hazırkı müqavilənin 1.1-ci maddəsində göstərilmiş işləri sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini təmin etmək, müqavilənin 1.1-ci bəndində qeyd olunan texnikanın təmir və qulluq xərclərini öz vəsaiti hesabına ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən icraçının zərurət olduğu halda üçünçü şəxsləri cəlb etmək, gördüyü işlərin haqqının ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən sifarişçi müqavilənin 1.1-ci maddəsinə göstərilmiş xidmətə görə avans olaraq və ya qarşılıqlı akt əsasında müəyyən olunan məbləği ödəyir. Ödəniş forması: tərəflərin qarşılıqlı razılaşması ilə işlər görüldükdə nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən göstərilən xidmətlərin həcmi və qiyməti müqaviləyə əlavə olunan protokolda razılaşdırılır və təsdiq olunur. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən icraçı onun tərəfindən təqdim edilmiş layihə eskizlərdə səhv məlumatın verilməsi nəticəsində sifarişçiyə, sifarişçinin işçilərinə və ya üçüncü şəxslərə dəymiş zərərə və ya ziyana, ya da hər hansı bədən xəsarətinin yetirilməsinə və ya ölüm hadisəsinə cavabdehdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən icraçı xidmət göstərdiyi iş müddətində texniki və əməyin təhlükəsizliyi qaydalarının pozulmasına görə tam məsuliyyət daşıyır. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən icraçı müqavilə üzrə xidmət göstərdiyi müddət ərzində özünün və ya cəlb etdiyi digər şəxsin hərəkət və hərəkətsizlikləri nəticəsində sifarişçiyə və ya üçüncü şəxslərə vurulmuş ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən müqavilədən irəli gələn, yaxud müqavilə barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisə həll olunması üçün Azərbaycan Respublikasının müvafiq kommersiya məhkəməsinə verilir.

10. xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 463963 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 11872 manat təşkil etdiyi qeyd olunur.

11. xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 834152 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 7667 manat təşkil etdiyi qeyd olunur.

12. xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 148901 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 5495 manat təşkil etdiyi qeyd olunur.

13. xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 322591 nömrəli elektron qaimədə İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 2113,25 manat təşkil etdiyi qeyd olunur.

14. Cavabdeh MMC tərəfinən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 775 nömrəli ezamiyyət vəsiqəsində X2 Cavabdeh MMC-yə məxsus X19-Tədris Kompleksinin yenidənqurma təmir, tikinti işləri üçün 30 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunduğu qeyd edilmişdir. Vəsiqə Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş və imzalanmışdır. Vəsiqənin təmir-tikinti işləri ilə bağlı ölkə ərazisində iş zərurəti ilə əlaqədar sərbəsi hərəkət üçün verildiyi yazılır. Vəsiqədə müvafiq olaraq “çıxdı” və “gəldi” qrafaları mövcuddur və hər qrafada 3 möhür olmaqla, 6 möhür var, tarix olaraq yalnız birinci qrafada çıxdı hissədə “16 iyun 2020” qeydi edilmiş, digərlərində möhür vurulsa da, tarix qoyulmamışdır.

15. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin məzmunundan görünür ki, İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə 525,79 manat ödənilmişdir.

16. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin məzmunundan görünür ki, İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 125,4 manat ödənilmişdir.

17. Kapital Bank tərəfindən verilmiş iddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən iddiçının hesabına xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 834152 nömrəli elektron qaimə üzrə 5495 manat, xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən iddiçının hesabına xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 148901 nömrəli elektron qaimə üzrə 5495 manat ödəniş edilmişdir.

18. X9 tərəfindən Əmək və Əhalinin Müdafiə Nazirliyi yanında X11 Xidmətinin rəhbərliyinə göndərilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı ilə MMC arasında xx.xx.2020-ci il tarixində xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı atası X3 avtokran maşını ilə xidmət göstərdiyi hər gün müqavilində 230 manat pul vəsaiti alacağı razılaşdırılmışdır. X1 imzası ilə təsdiq edilmişdir.

19. X10 tərəfindən Cavabdehnə pretenziya məktubu göndərilərək, borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

22. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sifarişçiyə məxsus Bakı-Quba magistral yolunun 4-cü kilometrində yerləşən X18 Kompleksində aparılan yenidənqurma, əsaslı təmir-tikinti işləri ilə əlaqədar icraçı tərəfindən KS 3575 n/ş ZİL-133 QYA markalı, qeydiyyat nömrəsi **-BF-*** olan avtokran ilə xidmətin həyata keçirilməsi, sifarişçi isə bu xidmətin müqabilində icraçıya əvvəlcədən razılaşdırılmış məbləğdə xidmət haqqının ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Xidmət iddiaçının tapşırığı əsasında X8 tərəfindən göstərilmişdir. Belə ki, müqavilə şərtlərinə əsasən icraçının zərurət olduğu halda işlərin görülməsi üçün üçünçü şəxsləri cəlb etmək hüququ olmuş, o da X6 cəlb etmiş, X8 avtokran vasitəsilə xidmətlər göstərmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Eyni zamanda xidmət haqqının məbləği ilə bağlı əvvəlcədən razılaşdırılma olmamış, elektron qaimələr göndərilmiş, qaimədə məbləğlər göstərilmiş və qismən ödənişlər olunmuşdur.

23. İddia tələbinin bir hissəsi xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə yerinə yetirilmiş və təhvil verilmiş işlərə görə ödənilməli olan 16500 manat məbləğində borcun cavabdehdən tutulmasından ibarətdir.

24. Tərəflər arasında müqavilənin bağlanması, xidmətlərin göstərilməsi, ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı gördüyü işlərin haqqının qismən ödənildiyini, qalıq məbləğin 16500 manat təşkil etdiyini iddia etmiş, cavabdeh isə iddiaçıya heç bir borcun qalmadığını, görülən işlərin haqqının tam ödənildiyini bildirmişdir.

25. Məhkəmənin qənaətinə əsasən iddia qeyd olunan hissədə əsaslı olduğundan təmin olunmalıdır.

26. Belə ki, tədim olunmuş 4 elektron qaimə üzrə ümumi məbləğ 27147,25 manat (11872+7667+5495+2113,25=27147,25) təşkil edir. Bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfidən həmin qaimələrdən bir üzrə (xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 148901 nömrəli elektron qaimə, məbləğ 5495 manat) tam 5495 manat, biri üzrə isə (xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 834152 nömrəli elektron qaimə, məbləğ 7667 manat) qismən, 5000 manat olmaqla, ümumilikdə 10495 manat ödəniş olunmuşdur. Beləliklə, 4 elektron qaimə üzrə ümumi məbləği təşkil edən 27147,25 manatdan ödənilən 10495 manat məbləği çıxdıqda 16652,25 manat məbləğ (27147,25-10495=16652,25) qalır. İddiaçı cavabdehdən 16500 manat məbləğin tutulmasını xahiş edir.

27. Eyni zamanda məhkəmə cavabdehin etirazını əsassız sayır. Belə ki, iddiaçı tərəflər arasında işgüzar münasibətlərin yalnız elektron qaimələr vasitəsi ilə həyata keçirildiyini bildirmiş, cavabdehin nümayəndəsi isə qeyd etmişdir ki, elektron qaimələrin sistem tərəfindən təsdiq olunması işlərin görülməsini təsdiq etmir, digər qaimələr üzrə iddiaçı tərəf alt sənədləri təqdim etməlidir. Ödənişi edilən qaimələr üzrə aktlar ola bilər ki, olubdur, həmin aktları tapa bilməmişik.

28. Məhkəmə qəbul edir ki, tərəflər aralarında heç də müqavilənin bütün şərtlərinə uyğun hərəkət etməmişdir. Göründüyü kimi, qaimələr göndərilmiş, ödəniş edilmişdir, ödənişi olunmayan qaimələr isə geri qaytarılmamış, onlarla bağlı iddiaçıya hər hansı etiraz bildirilməmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin iddiaçıya muzdu ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin olunmalı, Cavabdehndən 16500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

30. İddiaçı eyni zamanda vergi borcuna görə ödənilmiş 525 manat və DSMF-yə ödənilmiş 125 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir.

31. İddia həmin hissədə əsassız olduğundan təmin oluna bilməz. Həmin ödənişlərin cavabdehlə hər hansı əlaqəsinin olmasına və s. dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 16500 (on altı min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar