Məhkəmə qərarları › İş №e-2-2(113)-5761/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5761/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5761/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə) X4 Zakir oğlunun sədrliyi Qurbanova Nuranə Namiq qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 96 968,59 manat əsas məbləğ, 17454,35 manat ƏDV olmaqla, ümumilikdə 114422,94 manat məbləğində borcun, müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün hesablanmış 1741,68 cərimənin və 406,16 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Caspimmex Group" MMC və Cavabdeh MMC arasında 27 iyun 2024-cü il tarixdə, № 27/06/24 saylı, tikinti materialları və aksesuarları, qapı, dəmir qapı alqı-satqısına dair müqavilə bağlanılmışdır. Müqavilənin tələblərinə əsasən sifarişçi Cavabdeh MMC 238 590,57 manat əsas məbləğ, 42 946,30 manat ƏDV olmaqla, ümumilikdə 281 536,87 manat dəyərində “tikinti materialları və aksesuarları”nı təhvil-təslim aktı əsasında öz anbarına qəbul etmiş və sifarişçi icraçı “Caspimmex Group" MMC-yə malın dəyərin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, sifarişçi tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. “Caspimmex Group" MMC və Cavabdeh MMC arasında 27 iyun 2024-cü il tarixdə, № 27/06/24 saylı, müqaviləyə 1 №-li, 2 №-li, 3 №-li, və 4 №-li əlavələrə əsasən tikinti materiallarının satınalması üzrə qiymətlərin razılaşma protokolları imzalanmışdır. Həmin protokollara əsasən Cavabdeh MMC-nin İddiaçı MMCyə ödənilməmiş borcu, ümumilikdə 114 422,94 manat təşkil edir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə 26 may 2025-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 10 gün ərzində 97 784,59 manat məbləğində olan borcun ödənilməsini tələb etmişlər. Qeyd etmişdir ki, qarşı tərəfə ünvanlanmış pretenziya məktubunda yalnız əsas borc məbləği qeyd olunmuşdur. Həmin yazışmada ƏDV-nin ayrıca göstərilməməsi texniki və ümumiləşdirilmiş təqdimat xarakteri daşımışdır. Lakin tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş elektron vergi hesabfakturalarına əsasən 17601,23 manat məbləğində ƏDV də hesablanmış və cavabdeh tərəfindən ödənilməli olmuşdur. Həmin pretenziya məktubu cavabdehə təqdim edilməsindən sonra 816,00 manat əsas məbləğ, 146,88 manat ƏDV olmaqla, ümumilikdə 962,88 manat dəyərində mal geri qaytarılmışdır. Bununla əlaqədar olaraq iddia tələbi hazırda 96 968,59 manat əsas məbləğ, 17 454,35 manat ƏDV olmaqla ümumilikdə 114 422,94 manat məbləğində borcun ödənilməsinə yönəldilmişdir. Lakin həmin pretenziya məktubu cavabdehə təqdim edilsə də, heç bir məbləğ ödənilməmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, cavabdehin müqavilə öhdəliklərini gecikdirməsi halında, hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0,01% miqdarında cərimə nəzərdə tutulmuşdur. Müvafiq hesablamalara əsasən xx.xx.2025-ci il tarixinədək 1476 manat əsas məbləğ, 265,68 manat ƏDV olmaqla, ümumilikdə 1741.68 manat məbləğində cərimə hesablanmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 445.2, 448, 449.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025ci il tarixli iclasında məhkəmənin sualına cavab olaraq qarşı tərəfin 138 202,98 manat ödəniş etdiyini, yerdə qalan məbləğə dair ödəniş edilmədiyini, 4032 manat geri qaytarma olduğunu, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehin onlarla əlaqə saxlamadığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 27 iyun 2024-cü il tarixdə, № 27/06/24 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən "Satıcı" "Alıcı"-nın sifarişinə əsasən, bu Müqavilədə müəyyən olunmuş malları (tikinti materialları və aksesuarları, qapı, dəmir qapı) "Alıcı"-ya təhvil verməyi, "Alıcı" isə öz növbəsində təqdim edilən Malları bu Müqavilə ilə müəyyən edilmiş qaydada təhvil alıb, dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən bu Müqavilə üzrə satılan Malların adı, miqdarı, çeşidi və qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə və ya Əlavələrdə (X1) göstərilir. 3.1-ci bəndə əsasən "Alıcı" “Satıcıya "ya ilkin olaraq müqavilənin Əlavəsində (Qiymət razılaşması Protokolunda) göstərilmiş məbləğin 30%-i qədər avans ödəməlidir. 3.3-cü bəndinə əsasən alıcı malların dəyərini hesab-faktura və təhvil-təslim aktının imzalanmasından sonra 7 (yeddi) təqvim günü ərzində köçürmə yolu ilə Satıcıya ödəyir. 4.1-ci bəndə əsasən bu Müqavilə 01 mart 2024-cü il tarixindən qüvvəyə minir və 31 Dekabr 2024-cü il tarixədək qüvvədədir. 5.2-ci bəndə əsasən tərəflər Müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə hər bir gecikdirilən gün üçün Müqaviləyə əsasən ödənilməyən məbləğinin 0,01% miqdarında cərimə və dəymiş ziyanı ödəyir. xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən (Əlavə 1) Stekloizol 2.1 XPP adlı malın ƏDV daxil dəyəri 18,64 manat, Primer Prof adlı malın ƏDV daxil dəyəri 45,19 manat, Taxta 5*10*6m adlı malın dəyəri ƏDV daxil 466,10 manat, Dikt 17mm adlı malın ədədinin dəyəri ƏDV daxil 4,81 manat müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokoluna (Əlavə 2) əsasən X3 120 kg/m3 50x600x1200 adlı malın ədədinin ƏDV daxil dəyəri 14,99 manat müəyyənləşdirilmişdir. xx.xx.2025-ci il tarixli qiymət razılaşdırma protokoluna (Əlavə 3) əsasən Euro Dubel SP Star 60*8*155 MM ECO (GOY) adlı malın ədədinin ƏDV daxil dəyəri 0,24 manat, Uqolok PVC 7*7 2.5M adlı malın ƏDV daxil dəyəri 1,56 manat, Steklosetka 160L GR 50M2 (Belarusiya) adlı malın kvadrat metrinin qiyməti ƏDV daxil 0,86 manat, X5 70*70*2500 adlı malın ədədinin qiyməti ƏDV daxil 1,56 manat, Dubel+ Mismar 160MM Euroizol adlı malın ədədinin dəyəri 0,24 manat müəyyənləşdirilmişdir. xx.xx.2025-ci il tarixli qiymət razılaşdırma protokoluna (Əlavə 4) əsasən Metal tor (sadə) adlı malın kvadrat metrinin dəyəri ƏDV daxil 10,62 manat müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, 01 FR/24 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil ümumi dəyəri 36 472.15 manat olan 400 ədəd Stekloizol 2.1 XPP, 642 ədəd Primer Prof adlı mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 2FR/24 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil ümumi dəyəri 50 113,36 manat olan 50,01 kub metr Taxta 5x10x6 m, 770 ədəd Dikt 17mm adlı mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 03FR/24 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil ümumi dəyəri 23 323,64 manat olan 50,04 kub metr TAXTA 5x15x6 m adlı mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 4FR/24 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil ümumi dəyəri 53 172,73 manat olan 3548,16 kvadrat metr X3 120 kg/m3 50x600x1200 adlı mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. xx.xx.2025-ci il tarixli, 1FR/25 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil ümumi dəyəri 24 039,94 manat olan 1604,16 kvadrat metr X3 120 kg/m3 50x600x1200 adlı mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. xx.xx.2025-ci il tarixli, 2FR/25 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil ümumi dəyəri 9 455,06 manat olan 05 adda mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. xx.xx.2025-ci il tarixli, 3FR/25 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil ümumi dəyəri 50 976,00 manat olan 4800 kvadrat metr Metal tor (sadə) adlı mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. xx.xx.2025-ci il tarixli, 4FR/25 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil ümumi dəyəri 33 984,00 manat olan 3200 kvadrat metr Metal tor (sadə) adlı mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də aktı imza və möhürü ilə təsdiq etməklə qəbul etmişdir. xx.xx.2025-ci il tarixli malların geri qaytarılması aktına əsasən ümumi dəyəri ƏDV daxil 3 069,18 manat təhvil verilmiş 12750 ədəd Euro Dubel SP Star 60*8*155 MM ECO (GOY) adlı mallar geri qaytarılmışdır. MT2409 seriyalı, 10923742 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 36472.148 manat, MT2410 seriyalı, 10742316 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 50113.36 manat, MT2411 seriyalı, 10544370 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 23323.64 manat, MT2501 seriyalı, 11225393 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 24039.94 manat, MT2501 seriyalı, 11372679 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 9455.05 manat, MT2501 seriyalı, 12193261 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 50976 manat, MT2502 seriyalı, 10753048 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 33984 manat olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar, AA2411 seriyalı, 10486078 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 35908.34 manat olan alınmış avans ödənişləri barədə elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. MQ2504 seriyalı, 11304093 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 4032.06 manat elektron qaimə cavabdeh tərəfindən iddiaçıya göndərilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda 97784.59 manat məbləğində əsas borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC 410 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehə aralarında olan razılaşmaya uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıdan mal alması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələr, təhvil-təslim aktları) öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır, iddiaçının tələbi haqlıdır və iddia tələbi əsaslıdır. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 96968,59 manat əsas, 17454,35 manat ƏDV borcu olmaqla, cəmi 114422,94 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən hesablanmış 1741,68 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun əsaslı mənafeyini, həmçinin cavabdeh cəriməni qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1741.68 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 406,16 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 96968 (doxsan altı min doqquz yüz altmış səkkiz) manat 59 (əlli doqquz) qəpik əsas borc, 17454 (on yeddi min dörd yüz əlli dörd) manat 35 (otuz beş) qəpik ƏDV borcu olmaqla, cəmi 114422 (bir yüz on dörd min dörd yüz iyirmi iki) manat 94 (doxsan dörd) qəpik, 1741 (bir min yeddi yüz qırx bir) manat 68 (altmış səkkiz) qəpik cərimənin və ödənilmiş 406 (dörd yüz altı) manat 16 (on altı) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar