Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5764/2023 18.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 noyabr 2022-ci il tarixli, 714-İ/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 598,60 manat borc, 50 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 40 manat olmaqla, cəmi 688,60 manat (altı yüz səksən səkkiz manat altmış qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx"MMC ilə Cavabdeh MMC arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 21 noyabr 2022-ci il tarixli, 714-İ/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə satıcı özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə görə alıcıya verilən məhsulların bir vahidinin qiyməti və ümumi dəyəri, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsini alıcı təmin etməlidir. Müqavilənin 2.5-ci bəndinə görə alıcı təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.4-cü bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,5 % həcmində penya ödəyir. Müqavilənin 6.2-ci bəndinə görə qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunur. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 598,60 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh həmin mediasiya təklifinə heç bir cavab verməmişdir. Bununla bağlı xx.xx.2023cü il tarixdə Mediasiya Şürasına mediatorun təyin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının arayışı qəbul olunmuşdur.
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
4. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə FT23112021AV02 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər müqavilənin əlavələrində göstərilmiş malları, onların saylarını, bir vahidi üçün qiymətlərini, ümumi dəyərini, çeşidlərini, göstəriləcək xidmətləri, nəzərdə tutulmuş endirimləri, hesablanmış ƏDV-ni və onların müddətlərini öz aralarında öncədən razılaşdıraraq təhvil-qəbul prosedurunu həyata keçirməyə razıdırlar. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən tərəflərin müqaviləni təsdiqlədiyi andan etibarən satıcı rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları alıcının sifarişlərinə əsasən qaimə-faktura, təhvil-qəbul aktı və (və ya) elektron-qaimə əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 2.1-ci maddəsinə əsaslanaraq alıcıya təhvil veriləcək malların satış şərtləri müvafiq əlavələr ilə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bütün hesablaşmalar AR qanunvericiliyinə uyğun olaraq Azərbaycan manatı (AZN) ilə həyata keçirilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcıya faktura təqdim olunan gündən hesablanmaqla, alıcı 30 (otuz) təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödənilməlidir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5 % (sıfır tam onda beş) həcmində penya ödəyir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən alıcıya təhvil veriləcək malların qiyməti, təchiz günü qüvvədə olan qiymətlər üzrə aparılır. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniləcək dəbbə pulunun və (və ya) penyanın ümumi məbləği faktura üzrə təhvil alınmış malların ümumi məbləğindən artıq olmamalıdır.
7. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 266295 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 598,60 manat (ƏDV daxil) təşkil edir.
8. xx.xx.2022-ci il tarixli, 0116-986 nömrəli satış fakturasından görünür ki, fakturada qeyd olunmuş 7 adda məhsul ümumilikdə qiymətləri 598,60 manat təşkil etməklə satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı tərəfindən öz növbəsində təhvil alınmışdır.
9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 99 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
10. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
13. İddia tələbinin bir hissəsini cavabdehdən 21 noyabr 2022-ci il tarixli, 714-İ/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 598,60 manat borcun tutulması təşkil edir.
14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, əşyanı qəbul edən alıcıcavabdehin əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsini yerinə yetirmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdehndən alqı-satqı müqaviləsinə əsasən 598,60 manat (beş yüz doxsan səkkiz manat altmış qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu iş materialları üzrə öz təsdiqini tapır.
15. Bundan əlavə, iddiaçı cavabdehdən 50 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
16. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 50 (əlli) manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
17. Eləcə də, iddiaçı 40 (qırx) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
18. Məhkəmə hesab edir ki, 40 (qırx) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən alqı-satqı müqaviləsinə əsasən 598,60 manat (beş yüz doxsan səkkiz manat altmış qəpik) əsas borc, 50 (əlli) manat dəbbə pulu, 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 688,60 manat (altı yüz səksən səkkiz manat altmış qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova